Eldar Həsənov DTX-nın hospitalına köçürüldü

“Yaxın vaxtlarda onu ola bilər ki, bir yox, bir neçə ağır əməliyyat gözləyir”.

Source: google.az


Baş prokurorla bağlı qərarın icrası ləngidilir

Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənov səhhətindəki problemlərlə əlaqədar iyulun 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Hospitalına köçürülüb. Bu barədə Meydan TV-yə onun vəkili Cavad Cavadov məlumat verərək bildirib ki, stasionar qaydada müayinə, müalicə və cərrahiyyə əməliyyatları aparılması üçün bu addım atılıb.

Müdafiəçi keçmiş səfirin sağlıq durumu ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinin mayın 7-də Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq qəbul etdiyi qərarı yada salıb. Qərara əsasən, Eldar Həsənov stasionar qaydada DTX-nin hospitalına yerləşdirilməklə komleks qaydada müayinə, müalicə olunmalı, onun üzərində ehtiyacı olan cərrahiyyə əməliyyatı aparılmalıydı. Vəkil deyir ki, bu qərarın qəbulundan iki aya yaxın vaxt keçsə də, icra olunmurdu.

“Müraciətimiz əsasında Avropa Məhkəməsi 23 iyun 2021-ci ildə əvvəlki qərarını daha sərt formada təkrarladı, təcili olaraq Eldar müəllimin stasionara yerləşdirilməsini tələb etdi. Lakin sonuncu qərarın da icrası buna məsul olan cavabdeh şəxslər tərəfindən bu günə qədər ləngidildi. Yalnız bu gün Eldar müəllim xəstəxanaya köçürüldü. Nəticədə, onun səhhəti bu müddətdə daha da ağırlaşdı. Yaxın vaxtlarda onu ola bilər ki, bir yox, bir neçə ağır əməliyyat gözləyir”, – vəkil bildirib.

Müdafiəçinin sözlərinə görə, Eldar Həsənov hesab edir ki, Avropa Məhkəməsinin qərarının icrasının ləngidilməsi, nəticədə onun səhhətinin daha da ağırlaşması buna məsul olan cavabdeh şəxsin ona qarşı illərdir davam edən düşməçiliyinin, qisasçılığın nəticəsidir.

“Eldar Həsənov DTX-nın İstintaq Təcridxanasının əməkdaşlarına, o cümlədən tibb heyətinə onun həyatda qalması üçün atdıqları bütün addımlarına görə təşəkkürünü bildirməsini xahiş etdi. Müdafiə tərəfi olaraq, ümid edirik ki, onun səhhətinin ağırlığı nəzərə alınıb, yaxın vaxtlarda həbs qətimkan tədbiri dəyişdiriləcək”, – vəkil əlavə edib.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onun vəkili Adəm Məmmədov bir müddət əvvəl yaydığı açıqlamada Eldar Həsənovun həbsini qisasçılıq cəhdi kimi qiymətləndirmişdi. Vəkilin sözlərinə görə, həbsin səbəbi Eldar Həsənov Baş prokuror vəzifəsində işlədiyi dövrdə baş verənlərdən qaynaqlanır: “Səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə budur ki, həbsinin səbəbi hazırda respublikada nüfuzlu bir şəxs ilə Eldar müəllim Baş prokuror olduğu dövrdə aralarındakı işçi münasibətlərin gərginləşməsinin qisasıdır”.

Ana səhifəSiyasətEldar Həsənov DTX-nın hospitalına köçürüldü