İran İslam Respublikası Fikrət Fərəməzoğlunun ailəsini mühafizə edəcək
“Dünən qeydiyyatda olduğum Göygöl rayonuna polis gedib və mənim barəmdə anket məlumatlarını tələb edib. Bu gün isə qardaşımı polis idarəsinə çağırıblar”.
Bunu vəkil Elçin Sadıqov öz “Facebook” səhifəsində yazıb.
“İndi polisin özü ilə də danışdım. Deyir, bizə sorğu gəlib onun üçün ətraflı anket məlumatları lazımdır” – vəkil bildirib.
Noyabrın 2-də Elçin Sadıqov “Bandotdel” kimi tanınan DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində jurnalist Fikrət Fərəməzoğlunun cinayət işini araşdıran müstəntiq tərəfindən hədələndiyini yazmışdı.
Bundan sonra reytinq.info saytında vəkilin Fərəməzoğlunun həyat yoldaşı ilə əlaqəsini əks etdirən məqalə dərc olunub və bir müddən sonra silinib. “Reytinq” qəzetinin rəhbəri Afiq Mirzəbəyli mia.az saytına verdiyi açıqlamada bildirib ki, qəzetin saytında hakerlər tərəfindən təxribat törədilib. Baş redaktor deyib ki, yazı dərhal silinib və texniki əməkdaşlar bu yazının sayta hansı yolla yerləşdirildiyini araşdırırlar.
“”Facebook”-da həmin məlumatın yalan və şantaj olduğunu bildirdikdən sonra adıma bir neçə saxta profil açıldı və dostlara yenidən dostluqlar göndərildi”- deyə vəkil qeyd edir.
Vəkilin həyat yoldaşı Zübeydə Sadıqovanın da heç yerdə yayımlanmayan şəkilləri gün ərzində saxta olduğu güman edilən səhifədən paylaşılıb.
Elçin Sadıqov noyabrın 2-də kibercinayətkarlığın qarşısının alınması haqda ölkə rəhbərliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib.
Media Hüququ İnstitutu vəkilə qarşı edilən təxribatı pisləyən bəyanat yayıb.
“Fikrətin evini tərk etmək istəmirəm”
Noyabrın 3-də Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə Nosrəti də “Facebook” vasitəsilə mediaya müraciət ünvanlayıb:
“Mohtərəm media nümayəndələri, dostlar. Artıq sabahdan etibarən biz İran İslam Respublikasının səfirliyinin bizə ayırdığı evdə tam muhafizəli şəkildə yaşayacağıq.
Mən xahiş edəcəm biz öz evimizdə qalaq, evimizi muhafizə etsinlər. Mən bu evdən çıxsam, bəzi orqanlar bu evə hucum edərlər. Qanunsuz əşya və ya gizli kamera, ya da dinləmə cihazi quraşdırarlar .Bir də ki, mən Fikrətin evini tərk etmək istəmirəm”.