Elçin Sadıqov: Rəna Səfərəliyevanın heç bir səlahiyyəti olmadığı halda zərərçəkən kimi tanınır

“Təhmasib Novruzovun ifadəsi qərəzə əsaslanırdı”

Source:


“Təhmasib Novruzovun ifadəsi qərəzə əsaslanırdı”

İyulun 27-də Leyla və Arif Yunusların məhkəməsində vəkil kimi ilk dəfə çıxan Elçin Sadıqov istintaq ittihamlarının hüquqi əsası olmadığını və irəli sürülən ittihamların nə hüquqi formada, nə şahidlərin, nə də tanınmış “zərərçəkmiş” şəxsin nümayəndəsinin ifadəsində öz əksini tapmadığı qənaətindədir.

Bu barədə Elçin Sadıqov Meydan TV-yə açıqlamasında belə deyib.

Vəkil bildirib ki, Azərbaycan Qadınları ön Qafqazda Sülh və Demokratiya Uğrunda Təşkilatını zərərçəkmiş qismində tanısalar da, iş materiallarında buna rast gəlinmir. Rəna Səfərəliyeva təşkilat adından ifadə versə də, 2006-cı ildən təşkilatdan gedib və ondan sonra, ümumiyyətlə, qurumun fəaliyyəti ilə maraqlanmayıb: “Heç bir səlahiyyəti olmadığı halda məhkəmə Rəna Səfərəliyevanı zərərçəkmiş təşkilatın sədri kimi dindirdi. Əlavə olaraq məhkəmədə təşkilatın nümayəndəsi Şöhrət Allahmanov da prosesdə iştirak edir, amma onun etibarnaməsi yoxdur. Yəni etibarnaməni təşkilat yox, Rəna Səfərəliyeva fiziki şəxs kimi verib. Biz nümayəndənin fasilədə Səfərəliyeva ilə məsləhətləşməsini nəzərə alıb, onların dindirilməsinə etiraz etsək də, vəsatətlər təmin olunmadı. Eyni zamanda, qətiimkan tədbirinin dəyişdirilməsi vəsatəti də rədd edildi”.

E.Sadıqov Rəna Səfərəliyevanın ifadəsinin işin halları ilə bağlı olmadığını düşünür. O, heç bir zərər çəkmədiyi halda iddia edirdi ki, təşkilatı zərər çəkib. Bunu da onunla əsaslandırırdı ki, təşkilatın təsisçilərinə prokurorluqdan zənglər gəlib və onları narahat ediblər. Ona görə o, təşkilatın mənəvi zərər çəkdiyini düşünür. Amma dələduzluq cinayətlərində  söhbət maddi zərərdən gedir. Bu mənada maddi zərər çəkmədən mənəvi zərər çəkmək də mümkün deyil”.

E.Sadıqov prosesdə işə aidiyyatı olmayan şahidlərin kənarlaşdırılması vəsatətinin təmin olunmadığını bildirdi: “Konkret olaraq, Təhmasib Novruzovun adını çəkə bilərəm, bu adam ifadəsində dəqiq hal göstərmirdi və qərəzə əsaslanırdı. Novruzov deyir ki, qəzetlərdən Yunusların erməni casusları barədə oxuduqlarına əsasən ifadə verir. Bu məntiqlə çıxış etsək, o cür məlumatları yazan bütün qəzetlərin oxucuları gərək şahid qismində çıxış etsinlər. Yəni bu, işə aidiyyatı olmayan hallar idi. Əlavə olaraq Bakı şəhər İcra Hakimiyyətinin rəsmisi Zülfəli İsmayılov da dindirildi, hansı ki, o, SDİ-nin yerləşdiyi binanın söküntüsünə rəhbərlik etmişdi. İsmayılov israr edirdi ki, guya, sənədlərin hamısını Leyla Yunusun ünvanına göndərib. Amma məhkəməyə video-çəkilişlər təqdim olunub ki, həmin vaxt ofis dağıdıldığından heç bir sənəd götürülməyib. Şahid Azad İsazadə o halla bağlı bildirdi ki, o, söküntü zamanı içəridə olub, noutbukunu və 2 kitabı güclə götürə bilib, qalan bütün əşyalar və sənədlər məhv olub. Hətta Leyla Yunus bildirdi ki, atasının cəbhədən yazdığı məktubları da dağıdılma nəticəsində məhv edilib”.

Vəkil prosesdə Unibank-ın işçilərinin ifadələrində də maraqlı məqamların açıqlandığını dedi: “Onlar bildirdilər ki, hər hansı vətəndaşın istənilən köçürmə ilə bağlı məbləği 20 min manatdan çox olduqda Çirkli Pulların Yuyulması Mərkəzinə (AML) məlumat verirlər. Həmin mərkəz də qərar verdikdən sonra əməliyyat aparmaq mümkün olur. 2014-cü ilin fevralına qədər qrant müqavilələrinin qeydiyyatdan keçməsi barədə sənədi ona görə tələb etməyiblər ki, qanunda bu tələb yox idi. Həmin aydan sonra qanun qüvvəyə mindiyi üçün sənədləri tələb ediblər. Filial müdirinin Arif Yunusun pulunun üstünə heç bir faizin gəlməməsi barədə dedikləri də maraqlı nüansdır. Halbuki, istintaqda qeyd olunub ki, banka pulu faiz gəlməsi üçün depozit qoyublar”.

Ana səhifəXəbərlərElçin Sadıqov: Rəna Səfərəliyevanın heç bir səlahiyyəti olmadığı halda zərərçəkən kimi tanınır