Elçin Sadıqov Azərbaycan ərazisində hərəkətinə imkan verilməsini istəyir

Vəkil Elçin Sadıqov. Foto: Meydan TV

Məhkəmə vəkilin ərizəsini təmin etməyib

Vəkil Elçin Sadıqovun ev dustaqlığına buraxılması haqda Bakı Apelyasiya Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli qərarında ona bir sıra qadağalar qoyulub. Qadağalardan biri də Bakı ərazisini tərk etməklə bağlıdır. Yəni vəkil ev dustaqlığı dövründə paytaxtdan kənara çıxa bilməz.

Elçin Sadıqov deyir ki, hələ həbsindən əvvəl müxtəlif bölgələrdən olan müvəkkillərinin işlərini götürüb, onların hüquqlarını müdafiə edirdi. Ona paytaxt ərazisini tərk etmək qadağası qoymaqla həm də həmin şəxslərin müdafiə hüququ pozulmuş olur. Çünki əvvəldən seçdikləri, işlərini aparan vəkilin yardımından istifadə edə bilmirlər. Elçin Sadıqovun sözlərinə görə, bununla həm də vəkil kimi, onun fəaliyyəti məhdudlaşdırılır.

O, Bakıdan çıxmasına icazə verilməsi üçün məhkəməyə ərizə verib. Elçin Sadıqovun ərizəsinə Binəqədi Rayon Məhkəməsində baxılıb və təmin edilməyib.

Vəkil Meydan TV-yə bildirib ki, qərardan apelyasiya şikayəti verəcək. Onun sözlərinə görə, ev dustaqlığıyla bağlı məhkəmə qərarlarının əksəriyyətində şəxslərə Bakını yox, Azərbaycan ərazisini tərk etmək qadağan olunur.

Elçin Sadıqov barəsində cinayət işi başlanmasını da, həbsini və ondan sonra yaranan məhdudiyyətləri də sifarişin nəticəsi hesab edir.

Elçin Sadıqov sentyabrın 10-dan Binəqədi Rayon Məhkəməsinin qərarıyla həbs olunub. Bir həftə sonra – sentyabrın 17-də ev dustaqlığına buraxılıb.

O, “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə eyni cinayət işi üzrə təqsirləndirilir.

Əvəz Zeynallı “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün rüşvət almaqda ittiham olunur. Rasim Məmmədovun vəkili olan Elçin Sadıqova isə rüşvət prosesində vasitəçilik etmə ittihamı verilib.

Onların heç biri özünü təqsirli bilmir. Əvəz Zeynallı rüşvət almadığını, şərlənib həbs olunduğunu deyir.

Vəkil Elçin Sadıqov peşə fəaliyyətinə görə həbs olunduğunu bildirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəallara vəkillik etməsidir və bu fəaliyyətinə görə cəzalandırılır.

Ana səhifəSiyasətElçin Sadıqov Azərbaycan ərazisində hərəkətinə imkan verilməsini istəyir