Elçin Quliyev: Nazirin də, nazir müavininin də öz agenti olub

”Pul mənimsəsəydim, villalarım, obyektlərim olardı”

Source:
Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi
Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin sabiq rəisi


”Pul mənimsəsəydim, villalarım, obyektlərim olardı”

Fevralın 26-da Bakı Apelyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə Elçin Quliyevin vəkili Ziyad Abbaszadə vəsatətlə çıxış edib və iclasın qapalı keçirilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Vəkil növbəti vəsatətində qeyd edib ki, “Şimal küləyi” və “Qərb qütbü” əməliyyatlarına ayrılan vəsaitlə bağlı Elçin Quliyevə ittiham verilib. Vəkilin sözlərin görə, pulların ayrılması ilə bağlı və həmin sənədlərin məhv edilməsi barədə nazir Eldar Mahmudovun və nazir müavini Hilal Əsədovun əmri olub: “Bu işlə bağlı heç bir araşdırma aparılmadan Elçin Quliyevə 7 milyon 736 min 58 manat ittiham verilib. Xahiş edirik ki, bu məsələnin araşdırılması ilə bağlı ekspertiza təyin olunsun”.

Elçin Quliyev isə bildirib ki, ondan heç kim hansı agentə nə qədər pul verdiyini soruşmayıb:

“Bu pulların verilməsi ilə bağlı maliyyə idarəsinin heç bir məlumat olmayıb, ola da bilməz. Çünki mənim səlahiyyətimdə olan agentimi heç kim tanımayıb. Mən agentlərimi rəhbər şəxslərə deyə bilərəm. Maliyyə İdarəsinin arayışı əsasında bu məsələ araşdırılıb”.

Elçin Quliyev bildirib ki, mərhum müavini, polkovnik İlqar Əliyevin öz agenti olub:

“Mən də onun agentlərini tanımamışam. Nazirin də, nazir müavinin də öz agenti olub. Heç birimizin agentini tanımamışıq, bu iş məxfi saxlanılıb. Mən heç bir dövlətin pulunu mənimsəməmişəm. Əgər bu qədər pulu mənimsəsəydim, villalarım, obyektlərim olardı. Bu gün banka borcum var”.

Məhkəmə bu vəsatəti də baxılmamış saxlayıb.

Elçin Quliyevin vəkili həmçinin MTN polkovniki Malik Mustafayevin intihar etməsi barədə düzgün araşdırma aparılmalmasını deyib, bununla bağlı mütəxəssisin rəy verməsini istəyib. Hakim bu vəsatəti də təmin etməyib.

Proses martın 15-də davam edəcək.

E. Quliyev apelyasiya şikayətində Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını istəyir.

Azər Mehdiyev də apelyasiya şikayətində bəraət istəyib.

Bu iş üzrə zərərçəkmişlərdən yalnız iş adamı Maqsud Mahmudov apelyasiya şikayəti verib. O, dəymiş ziyanla bağlı mülki iddianın təmin olunmasını, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Maqsud Mahmudov Elçin Quliyev və Azər Mehdiyevə qarşı 200 min manata yaxın mülki iddia qaldırıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.

Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.

Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.

Bu cinayət işi üzrə istintaq 7 milyon 736 min 58 manat ziyan vurulduğu qənaətinə gəlib və DTX bu məbləğin ödənilməsi üçün mülki iddia irəli sürüb. Pulu ödəməli olan şəxs kimi isə general Elçin Quliyev cavabdeh olaraq tanınıb.

Ana səhifəXəbərlərElçin Quliyev: Nazirin də, nazir müavininin də öz agenti olub