Elçin Qasımovun hakimə sualı: Özünüzü niyə vəkil kimi aparırsınız?

“Sənin heç böyüyün bizə əmr verə bilmir”

Source:
Nardaran Məhbusları (illüstrasiya)
Nardaran Məhbusları (illüstrasiya)


“Sənin heç böyüyün bizə əmr verə bilmir”

Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Meydan TV-nin məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə zərərçəkmiş kimi tanınan Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ifadə veriblər. Onlardan Yunis Məmmədov deyib ki, 2015-ci il noyabrın 5-də Tofiq Bəhramov adına stadionda futbol matçında asayişi qoruyan zaman onlara Sabunçu Rayon Pİ-nə getmək əmri verilib:

“Biz idarəyə gedəndə 100-150 nəfər yığışıb asayişi pozurdular. İdarəyə daş atırdılar. Biz də bir neçə nəfəri saxlayıb idarəyə apardıq. Hadisə vaxtı kaska və qalxanım çatladı, qandalım itdi. Yığışanlar Elçin Qasımovun azadlığa buraxılmasını tələb edirdilər”.

Vəkil İradə Cavadova isə ondan “kiminsə azadlığını tələb etmək qanunsuzluq kimi qiymətləndirilə bilərmi” -soruşub. Hakim sualı çıxarıb və cavab verməyə qoymayıb. Bu isə təqsirləndirilən Elçin Qasımovun narazılığına səbəb olub. O, suala cavab verilməsini istəyib. Hakim isə ondan əyləşməyi tələb edib. Bu zaman hakimlə Elçin Qasımov və digər təqsirləndirilənlər arasında mübahisə düşüb. E.Qasımov hakimə etirazını bildirib:

“Sənin heç böyüyün bizə əmr verə bilmir. Hamısının günahı sizdədir. Şərləyib salmısınız bura, danışmağa qoymursunuz. Cinayətkarın böyüyü sizsiniz”.

Tərəflər sakitləşəndən sonra vəkillər zərərçəkmişə sual veriblər. Vəkilər ondan qandal və qalxanın kimə məxsus olduğunu soruşublar. Y. Məmmədov həmin əşyaların dövlətə məxsus olduğunu deyib. Vəkillər ondan soruşublar: O zaman nəyin zərərin çəkmisiniz?” Y.Məmmədov suala cavab verməyib.

Elçin Qasımov isə Y.Məmmədovdan soruşub: “Basqın deyəndə nəyi nəzərdə tutursunuz?”

Hakim həmin sualı da çıxarıb. Bu, yenə E.Qasımovun narazılığına səbəb olub:

“İstintaq zamanı məndən soruşurdular ki, zülmlə mübarizə aparmaq deyəndə nəyi nəzərdə tuturdun. Əgər mənim sualım istiqamətvericidirsə, bu sual da istiqamətvericidir. Siz məhkəmə aparırsınız, yoxsa teatr qurmusunuz? Özünüzü niyə vəkil kimi aparırsınız? ”

Daha sonra E.Qasımov zərərçəkmiş Y.Məmmədova “Sənin ifadənə görə bizim yox, sənin taleyin həll olunur. Niyə gəlmisən buraya? Allah səni hidayət eləsin” – deyib və ondan işə düzəlmək üçün nə qədər pul verdiyini soruşub. Y. Məmmədov suala cavab verməyib.

Daha sonra iclasda digər polis əməkdaşı Xəqani Davudov və Elmir Ələsgərov ifadə veriblər. Onlar da istintaq zamanı verdikləri ifadəni təsdiq ediblər.

Təqsirləndirilən Ağaəli Yəhyayev isə bildirib ki, noyabrın 5-də o da polis idarəsinin qarşısında olub:

“Orada heç kim daş atmayıb. Heç daş yox idi ataq. Gedib soruşdum ki, Elçin Qasımovu niyə tutmusunuz? Heç sualımı axıra çatdırmadım, vurub çənəmi əydilər, sürüyüb apardılar idarəyə. Sonra digər qardaşları da tutub gətirdilər. Orada palaza qoyulan hörmət bizə qoyulmadı. Üstümüzdə gəzirdilər. Erməni deyib təhqir edirdilər. Gözümə vurdular, gözüm şişdi. O vaxtdan gözümdə problem var”.

Məhkəmənin növbəti iclası martın 17–nə təyin edilib.

Təqsirləndirilən şəxslərin bir qismi “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmirlər və istintaq zamanı təzyiqə məruz qaldıqlarını deyirlər.

Ana səhifəXəbərlərElçin Qasımovun hakimə sualı: Özünüzü niyə vəkil kimi aparırsınız?