“İctimai-siyasi xadimlər, ziyalılar, islam alimləri Taleh Bağırzadəyə təkidlə xəbər göndərirlər ki, aksiyanı dayandırsın”
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə 20 gündür aclıq aksiyası keçirir. O, inanclı insanların polis idarələrində işgəncəyə məruz qaldıqlarını və bu zaman Allahın təhqir edildiyini bildirir, buna etiraz edir. Hərəkat sədrinin aksiyasına inanclı insanlardan da dəstək verənlər var.
Meydan TV vəziyyətlə bağlı yaranmış suallara Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovdan cavab almağa çalışıb.
Elçin bəy, Taleh Bağırzadə 20 gündür aclıq aksiyası keçirir, səbəb kimi polislərin Allahı təhqir etməsini göstərir. Konkret hansı polis idarəsində, yaxud bölməsində belə bir hadisə olub və kimlər tərəfindən edilib?
Əvvəla, polislərin adları bilinmir və yalnız Daxili İşlər Nazirliyi o barədə açıqlama verə bilər. Amma Hərəkat üzvlərini Nəsimi Rayon Məhkəməsinin önündə saxlayıb 22-ci polis bölməsinə aparmışdılar. Maraqlı nüans odur ki, saxlanılan 5 nəfərdən üçü inzibati qaydada məhkəməyə çıxarılıb, 2 nəfər isə elə həmin gün sərbəst buraxılıb. Onlardan Süleyman Ələkbərov işgəncə haqqında danışıb. İşgəncənin də motivləri eynidir, başa torba keçirilir, zənn edirlər ki, hansısa maşında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparılır. Ancaq sonradan Bakı Şəhər Baş Polis İdarəsi onların Nəsimi Rayon Polis İdarəsinə aparıldıqlarını bildirir. Həmin idarənin dəhlizində də onlara işgəncə verilib və Allah da elə orada təhqir edilib. Bu barədə işgəncəyə məruz olanlardan biri deyib.
Bu barədə konkret kim danışdı?
Süleyman Ələkbərov. Həmin vaxt bu məsələnin üzərində çox dayanılmadı. Sonradan Nəsimi Rayon Məhkəməsinə inzibati qaydada çıxarılan 3 nəfərlə bağlı bir sıra məqamlar aydın oldu. Yəni onların hər birinə 30 sutka cəza verildi və yenidən həmin üslubda başlarına torba keçirilərək işgəncəyə məruz qoyublar. Burada bir məqam var, polis Nəsimi Rayon Polis Bölməsində baş verdiyini söyləyir, həbs olunanlar isə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsini deyirlər. Bütün bu işgəncələr məhkəmə qərarından sonra olub, yəni işgəncədən sonra Binəqədidə inzibati cəza alanların saxlandığı yerə aparırlar. Səhv etmirəmsə, iyunun 2-də Ağaəli Yəhyayevin Apelyasiya Məhkəməsində ailə üzvləri də iştirak edən zaman işgəncələr barəsində məsələ yenidən gündəmə gəlib. Onun ailə üzvləri də işgəncə zamanı Allahın müxtəlif formalarda təkzib, yaxud təhqir olunması barədə danışırlar. Hacı Taleh də səhərisi gün telefon əlaqəsinə çıxanda bu haqda ona məlumat verilib.
Ancaq Ağəli Yəhyayev jurnalist Əvəz Zeynallıyla müsahibəsində Allahın təhqir edilmədiyini, məsələnin kontekstdən çıxarıldığını bildirib. O zaman bu barədə nə deyə bilərsiniz?
Biz Ağəli Yəhyayevin yalan danışmayacağına etibar edirik. Təbii ki, bu məsələdə məhkəmə ifadələri, ailə üzvlərinin həssaslığı ola bilər. Ümumiyyətlə, bu hadisələrdə açılmayan suallar çoxdur. İlk dəfə ailə üzvlərinin dediyi, sonra Ağəli Yəhyayevin 30 sutkalıq inzibati cəza müddəti bitməmiş 1 gün tez buraxılaraq birbaşa “Xural TV”nin studiyasına aparılması və orda bu barədə danışması… Biz ondan soruşduq, cavab verdi ki, ona ölkədə durumun gərgin olduğunu və dövlət üçün polis-vətəndaş qarşıdurmasının yaxşı hal olmadığını deyiblər. Və bütün bunlar da ona görə olub. Ağəli Yəhyayev də sakitlik üçün belə danışıb, bir neçə saat sonra sosial şəbəkədə onun yeni açıqlaması yayıldı. Özü deyir ki, polis onu “Xural TV”yə aparıb və müsahibə verib.
Yəni müsahibəyə polislər özləri aparıb?
Onun dediyinə görə kimsə aparıb. Hər halda özü belə deyib. Nəhayət, Bəxtiyar Hacıyevin də səhv etmirəmsə, mart ayında başına gələn məlum hadisədən sonra yazısı çıxdı. Bəxtiyar bəy də deyir ki, ona işgəncə verən zaman “Allahınız olsun” söyləyərkən, Allahı təhqir edirmişlər. Sonradan mediada “Tərtər işi”ndə analoji ifadələrin səsləndiyi barədə qeydlər oldu. Beləliklə, nə qədər bu ifadənin deyildiyini təkzib etsələr də, birmənalı deyil. Ən azından işgəncə faktları var, işgəncənin də insanlığa sığmayan növləri olub. Mən bu haqda əhatəli danışmaq istəmirəm. Yəni o işgəncəni verən insanların Allahı təhqir etməsi gözləniləndir.
Bəs işgəncələrlə bağlı məhkəmə iddiası qaldıracaqsınızmı?
Biz 2015-ci ildə Kürdəxanı həbsxanasında olanda işgəncələrlə bağlı kifayət qədər ərizələr yazmışdıq, o cümlədən, vəkillərimiz də. Sonradan Baş Prokurorluqdan gəlib 15 dəqiqəlik ifadə alıb getdilər, davamı olmadı, yəni reaksiya verilmədi. Ümumiyyətlə, polisin insanlara işgəncə verməsi ilə bağlı indiyə qədər olan şikayətlərə cavab verilibmi? Mənim yadıma gəlmir. Söhbətimizin əvvəlində dedim, məhkəmənin önündə saxlanılan 2 nəfər ərizə ilə müraciət ediblər, bəli, ərizələrə baxılıb, amma cavab verilməyib. İyunun 22-də inzibati cəzası bitən Elgiz Məmmədov Bakı Şəhər Baş Polis İdarəsində ərizəsinin alındığını və araşdırılacağını söylədi. Məsələ ondadır ki, işgəncə verilir, ardınca da ərizə yazdırmaq ənənə halını alıb, yəni nəticə yoxdur. Yaxud Tofiq Yaqublu, Bəxtiyar Hacıyev və özümüzlə bağlı işgəncələrdə gördük ki, dediklərimiz təkzib olunur. Sanki polis heç vaxt işgəncə vermir, hətta Daxili İşlər Nazirliyi açıqlama yaydı ki, polisdə hər kəs Allaha inandığından təhqir etməzlər. Ancaq ortada ən azından insanların iddiası var. Ola bilər, hansısa bir şəxsə mənəvi-psixoloji təzyiq etsinlər ki, təhqiri təkzib etsin, yaxud ölkədə vəziyyətin qarışmaması üçün belə danışsın.
Yəni Yəhyayevin açıqlamasını nəzərdə tutursunuz?
Bilmirəm, ola bilər. Bu məsələni insanların öz ixtiyarına buraxırıq. Ağəli Yəhyayev dedi ki, Allahın təhqir olunmasını bilsəydi, öz etirazını başqa formada bildirərdi. Orda insanların əlləri arxadan bağlanır, başlarına torba keçirilir, ardınca 5-6 nəfər tərəfindən döyülürlər. Bu vəziyyətdə insanın nəyisə xatırlamaması, yaxud unutması təbii haldır.
Azərbaycanın Konstitusiyasında vicdan azadlığı barədə maddə var və digər qanunvericilik aktları da o cümlədən. Bu mənada Allahın təhqir olunmasını necə məhkəmə predmetinə çevirəcəksiniz?
Qanun insanlara qarşı fiziki və mənəvi işgəncəni yolverilməz sayır. Elə bununla əsaslandırmaq olar ki, məlum təhqir insanların mənəvi inancına qarşı təcavüzdür. Eyni zamanda, fiziki və psixoloji işgəncələrlə bağlı maddələr var. Adamlar işgəncə zamanı yaxınlarının söyüldüyünü bildirirlər, yəni insanın şəxsiyyətinə yönələn kifayət qədər faktlar var. Qanunvericilik də bu əsaslarla həmin şəxslər barəsində ölçü götürməsini tələb edir. Problem ondadır ki, ərizə ilə müraciət edirsən, DİN araşdırmır, elə həmin ərizəylə məhkəməyə müraciət edirsən, ancaq normal məhkəmə sistemi olmadığından baxılmır. Belə olanda insanlar dərdlərini kimə deyəcəyini bilmirlər.
Aksiyanın məqsədi bəllidir. Bəs hansı halda dayandırılacaq?
Aclıq aksiyasının əsas tələbi ondan ibarətdir ki, işgəncə verənlərin, Allahı təhqir edənlərin kimliyi ictimaiyyətə açıqlansın və cəzalandırılsın. Təbii ki, aclıq aksiyası öz hədəfinə çatıb, məsələ kifayət qədər ictimailəşib. Xüsusi də Taleh Bağırzadənin təkidi budur ki, Allahı təhqir edən və insanları işgəncəyə məruz qoyan polislər cəzalandırılsın. Əks təqdirdə, aclıq aksiyasını saxlamaq niyyətində olmadığını bildirir. Bəli, biz narahatıq, ictimai-siyasi xadimlər, ziyalılar, islam alimləri Taleh Bağırzadəyə təkidlə xəbər göndərirlər ki, aksiyanı dayandırsın. Çünki onlar dəyərli şəxsiyyətlər olduğundan canlarını qorumalıdırlar. Təbii ki, bu da məsələni həll olunmamış mərhələsinə gətirib çıxarır. Taleh bəy də alternativ kimi hansısa bir forma təklif edir, yəni vətəndaş işgəncəyə və təhqirə məruz qalmasın.
Alternativ forma deyəndə, nəyi görürsünüz?
Bununla bağlı müəyyən dəyirmi masalar keçirilib, insanlar yenə də hüquqi yolların tərəfdarıdırlar. Xüsusən ziyalılar, təəssüf ki, Azərbaycanda hüquq sistemi işlək durumda deyil.
Siz Allahı təhqir edən polislərin bəlli olmasını və cəzalandırılmasını istəyirsiniz?
Bəlli olmasına gəlincə, polis dövlət qulluqçusudur, onun həyatını qorumaq da şərt olmalıdır. Məsələ ondadır ki, bunu edənlər ümumi polisin adına ləkə gətirirlər. Ona görə həmin polislərin adı hansısa formada deyilməyə, yaxud üzləri göstərilməyə bilər. Amma ən azından daxili prosedur qaydalarına uyğun olaraq qanunvercilikdə dövlət işçisinin vətəndaşa işgəncə verilməsi haqda maddə var. Yəni müvafiq maddəylə məsuliyyətə cəlb oluna bilər. Ən azından bunlardan biri icra olunsa, kifayət edər, gələcəkdə də belə halların təkrarlanmaması zəruriliyi yaranar.
Bütün danışdıqlarınıza rəğmən Azərbaycanda dövlət-din münasibətlərinin unikal olduğunu deyənlər var, bu barədə fikrinizi bilmək istərdik?
Dövlət-din münasibətlərinin unikal olduğunu vurğulamaq üçün 1997-ci ildən ümumvətəndaş şəxsiyyət vəsiqlərində dini inanclı insanların hicabla şəkil çəkdirməsinin qadağan olunduğunu yada salmaq lazımdır. Təkcə, bu əsas kifayət edir ki, dövlət-din münasibətlərinin nə vəziyyətdə olduğu məlum olsun.
Amma Azərbaycan dünyəvi dövlətdir…
Dünyəvi dövlət olsa da, heç bir qanunla qadağası olmayan bu məsələ süni şəkildə əngəllənir. Hətta “Beynəlxalq Aviasiya haqqında” konvensiyada deyilir ki, insanın görüntüsü nədirsə, o formada şəkil çəkdirə bilər. Bir daha deyirəm, bizdə bununla bağlı qadağa yoxdur, sadəcə, süni şəkildə əngəl var. Eyni zamanda, bunun fonunda digər məsələlər var ki, din-dövlət münasibətlərinin nə dərəcədə gərgin və tənzimlənməmiş olduğu görünsün. Tənzimlənmə də olsa, sünidir. Azərbaycanın müstəqilliyində inanclı insanların misilsiz xidmətləri var, dövlətin də qanun və hüquqi baxımdan inanca normal yanaşması bir vəzifədir. Yəqin ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Hindistanın səfirini çağırıb nota təqdim etməsini bilirsiniz. Bunlar hamısı süni görüntü xarakter daşıyır, həqiqətdə isə inanclı insanların tədbirlərini normal keçirməsinə ciddi problemlər var.