Anası: “Ondan sanki qisas alınır”
“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin həbsdə olan rəhbəri Elçin Məmmədin aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə Meydan TV-yə onun anası Rəhilə Məmmədli məlumat verib.
Ana bildirib ki, oğlu iki ildir əsassız həbsdə saxlanmasına etiraz olaraq, aclığa başlayıb və azadlığa buraxılmasını tələb edir.
Onun sözlərinə görə, Elçin Məmməd sifarişlə həbs edildiyini deyir. Hesab edir ki, müəyyən dairələrin hədəfinə çevrilib, maraqlı məmurların girovu olub:
“Törətmədiyi cinayətə görə sanki əsirlikdə saxlanılır”.
Elçin Məmməd 2020-ci ilin martından həbsdədir. O, oğurluq və qanunsuz silah saxlama ittihamıyla 4 il azadlıqdan məhrum edilib. Elçin Məmməd deyir ki, şikayətin saxtalığı bir yana, məhkəmələrin də həmin maddələrdəki alternativ cəzaları yox, ən ağır cəza olan azadlıqdan məhrumetməni tətbiq etməsi bu işdəki sifarişdən xəbər verir.
Onun sözlərinə görə, saxlandığı cəzaçəkmə müəssisəsində son aylarda 100-dən çox məhkum vaxtından əvvəl azadlığa buraxılıb, yaxud da cəzası yüngülləşdirilib. Amma ona münasibətdə analoji addımlar atılmır.
“Proseslər göstərir ki , qondarma cinayət işini təşkil edənlər onun uzun müddət həbsdə qalmağında maraqlıdırlar. Bütün bunlar bir daha təsdiq edir ki , Elçin Məmməd qərəzli şəkildə həbs edilib və ondan sanki qisas alınır. Səbəb isə onun tənqidi çıxışları və məqalələri, korrupsiya faktları haqda yazıları, hesabatlarıdır. O, Baş Prokurorluğun əməkdaşı Emin Hüseynovun Türkiyədə müəmmalı ölümünü araşdırırdı. O, hüquqi müstəvidə bütün addımları atıb. Əli hər yerdən üzüldüyünə görə aclıq aksiyasına əl atdı. Baxmayaraq ki, “Hepatit C” xəstəsidir, bronxlarında problem var, nəfəs almaqda çətinlik çəkir, böyrəklərində problem var, amma yenə də aclıq edir. Yalnız su qəbul edir”, – anası bildirib.
Elçin Məmmədin aclıq etməsi haqda deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Lakin Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bundan əvvəlki açıqlamalarda bildirilib ki, kimliyindən asılı olmayaraq, məhkumlar arasında ayrı-seçkiliyə yol verilmir. Bütün məhkumların hüquqları eyni dərəcədə təmin olunur.