“Üç il keçməsinə baxmayaraq, Ermənistan 42 km-lik yolun texniki-iqtisadi əsaslandırmasına belə başlamayıb”
Sülh sazişinin mətninin son variantını ötən həftə Ermənistan tərəfinə təhvil verən Azərbaycan indi Yerevandan öz təkliflərinə cavab gözləyir.
Bu barədə “The Guardian” nəşrinə açıqlamasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov məlumat verib.
Onun sözlərinə görə, tərəflər yekun razılaşmadan o qədər də uzaqda deyil, nəticəyə yönəlmiş məşqə ehtiyac var.
Azərbaycan-Ermənistan münasibətlərindən bəhs edən məqalədə deyilir ki, Dağlıq Qarabağ beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi tanınıb, lakin münaqişəyə son qoymaq səyləri Türkiyə, Rusiya, İran, ABŞ və Aİ-nin strateji baxımdan mühüm bölgədə diplomatik təsir imkanları uğrunda mübarizə aparması ilə çətinləşib.
E.Əmirbəyov deyib ki, Azərbaycan bu məsələdə heç bir kənar müdaxilə olmadan ikitərəfli Ermənistan-Azərbaycan Komissiyasının yaradılması ideyasına üstünlük verir.
Naxçıvan vasitəsilə əlaqələrin tənzimlənməsinə gəlincə, Prezidentin nümayəndəsi vurğulayıb ki, Bakı bu məsələni yalnız Çini Avropa ilə birləşdirən orta dəhliz üçün alternativ marşrutun yaradılması kontekstində deyil, həm də öz milli təhlükəsizliyinin təmin edilməsinin mühüm elementi kimi dəyərləndirir.
Əmirbəyov qeyd edib ki, saziş layihəsində beş prinsip əsas götürülüb: Bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, indi və gələcəkdə bir-birlərinə qarşı hər hansı ərazi iddialarının rədd edilməsi, ziddiyyət təşkil edən hər hansı aktların rədd edilməsi, ölkələr arasında sərhədin delimitasiyası və kommunikasiya yollarının və əlaqələrin açılması.
Azərbaycan rəsmisi düşünür ki, praktikada sərhədin demarkasiyası məsələsi sonrakı mərhələdə həll oluna bilər, çünki danışıqlar çox mürəkkəb hesab olunur.
Məqalədə qeyd olunur ki, həll olunmayan məsələlərdən biri də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavı arasında əlaqədir. Ehtimal edilir ki, 2020-ci ilin noyabrında imzalanmış atəşkəs sazişinin bir hissəsi olaraq, Paşinyan, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında köhnə Sovet dəmir yolu xətti boyunca Ermənistan ərazisindən keçməklə quru nəqliyyat əlaqəsi açmağa razılaşıb.
“Azərbaycanın iki hissəsi – Azərbaycan və Naxçıvan arasında əlaqə bizim üçün həm milli təhlükəsizlik baxımından, həm də orta dəhliz üçün alternativ marşrutun təmin edilməsi baxımından çox vacibdir”, – Əmirbəyov bildirib.
“Daha çox vaxt itirə bilmərik. Üç il keçməsinə baxmayaraq, Ermənistan 42 km-lik yolun texniki-iqtisadi əsaslandırmasına belə başlamayıb. Əlbəttə, biz Ermənistanı öhdəliklərini yerinə yetirməyə məcbur edə bilmərik və bu dəhlizdən güc kimi istifadə edəcəyimizi söyləmək cəfəngiyyatdır”.
Əmirbəyov deyir ki, artıq dəmir yolu və avtomobil yolu ilə əlaqə qurmaq üçün B planı olaraq İrana müraciət edilib.