”Risk qrupuna daxil olan insanlar gərginlikdən qaçmalıdır”
“Yaxın saatlarda və martın 2-də G1 sinifli qasırğa gözlənilir”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.
Onun sözlərinə görə, maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir: “Geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hazırda mövcud olan və kanyonabənzər böyük ölçülü “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir. “Tac dəlikləri”ndən yüklü plazma zərrəcikləri Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir. Hazırda “günahkar” plazma küləyini sürəti 460 km/saniyə-dir”.
Elçin Babayev bildirib ki, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 3-dür (maksimum 9 olur), lakin o, daha da artacaq. Martın 1-də və qarşıdan gələn günlərdə geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir.
Bu cür vəsiyyətin risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlara təsiri olduğunu deyən Elçin Babayevin sözlərinə görə, onlar gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər.
E. Babayev deyib ki, hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, kosmik hava şəraitini daha əlverişsiz edir və “katalizator” rolunu oynayır. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır: “Qasırğa yuxarı en dairələrində daha effektiv olur, əsrarəngiz qütb parıltlarının (“Aurora borealis”) şəkilləri də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün təsir adətən zəif olur”.