”Əlacımız olsaydı, uşaqları məktəbdən çıxarardıq”

Qaradolaqlılar kənd məktəminin təmir olunmasını istəyir

Source:


Qaradolaqlılar kənd məktəminin təmir olunmasını istəyir

Ağcabədinin Qaradolaq kənd sakinlərinin problemi var. Onlar kəndlərindəki məktəbin sonuncu dəfə nə zaman təmir olunduğunu unudublar. Valideynlər deyirlər ki, uşaqlarını həmin məktəbə göndərdikləri üçün böyük ürək sahibidirlər:

“Qonşu kəndlərin məktəbləri yaxın olsaydı, əlacımız, çıxış yolumuz olsaydı, uşaqları bu məktəbdən çıxarardıq. Yaxud adamın imkanı ola müəllim tutub uşağını evdə hazırlaşdıra. Hər tərəfdən əl üzülüb deyə məcburuq uşaqlarımızı uçuq-sökük, yararsız vəziyyətdə olan məktəbə göndərək”.

Meydan TV-yə problemləri ilə bağlı müraciət edən valideynlər bildirirlər ki, bura məktəb deyən ya ağlını itirib, ya da insaf sarıdan əziyyət çəkir:

“Döşəmə sıradan çıxıb. Pəncərə demək olar ki yox, qapı sınıq-sökük, partalar yaman gündə. İnanın, uşaqlarımızı məktəbə göndərməyə qorxuruq. Deyirik, birdən məktəb uçar, qalarlar altında. Elə narahat olunmağa dəyəcək vəziyyətdədir”.


“Aidiyyatı qurumlar səsimizi eşidib, gələn ilə bizim kənd məktəbinin də üzünə baxarlar”

Valideynlər onu da bildirirlər ki, bu məsələdə məktəb rəhbərliyinin heç bir günahı yoxdur:

“Hər halda direktor əlinə çəkic alıb məktəbi təmir edəsi deyil. Müəllim heyəti də normal, təmirli məktəbdə çalışmaq istəyər. Gərək yuxarıdan, İcra Hakimiyyətindən tapşırıq ola, vəsait ayrıla ki, məktəb təmir oluna. Yoxsa valideynlərin, müəllimlərin pul yığması ilə öhdəsindən gələcəkləri iş deyil. İstilik sistemi, ümumiyyətlə, yoxdur. Qalıblar odunun, taxtanın ümidinə. O da bir gün olanda, bir gün olmur”.

Elə valideynlər də, şagirdlər də ümidi bağlayıblar gələn təhsil ilinə. Deyirlər, bəlkə gələn ilin təmir planına onların da məktəbi salınar: “Bu ildən keçdi. Bundan sonra inanmırıq məktəb təmir oluna. 1-2 günün işi deyil çünki. Gərək bütün yay tətilindən istifadə edib ortaya düz-əməlli bir şey çıxaralar. Yəqin ki, aidiyyatı qurumlar səsimizi eşidib, gələn ilə bizim kənd məktəbinin də üzünə baxarlar”.


Təmirə ehtiyac olan məktəb hara müraciət etməlidir?

Hər il dövlət büdcəsi və investisiya xərcləri istiqamətində məktəblərin təmir və tikintisinə müəyyən vəsaitlər ayrılır. Bir neçə il öncəsinə qədər təmir, tikinti işlərini Təhsil Nazirliyi həyata keçirirdi. 2012-ci ildə bağçaların Təhsil Nazirliyindən alınıb icra hakimiyyətlərinin balansına verilməsi ilə bərabər bütün bu vəsaitlərin istifadəsi, təmir-tikinti işləri də müvafiq icra hakimiyyətlərinə həvalə edildi.

Odur ki, Qaradolaq məktəbinin durumu ilə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətinin ümumi şöbəsinin müdiri Mərdəli Quliyev bildirdi ki, Qaradolaq kənd orta məktəbi, eyni zamanda rayonun digər məktəbləri ilə bağlı Nazirlər Kabinetinə müraciət ünvanlayıblar: “Rayonda bir neçə məktəbin əsaslı təmirə ehtiyacı var. Biz həmin məktəblərin dövlət proqramına salınması ilə bağlı təkliflər vermişik. Eyni zamanda da Nazirlər Kabinetinə müraciət etmişik. Vəsait ayrılan kimi bu məsələlərə baxılacaq”.


Gələn dərs ilinə Qaradolaq kənd orta məktəbinin təmiri gözlənilirmi?

Mərdəli Quliyev bildirdi ki, bu, onların müraciətinə nə vaxt baxılmasından asılıdır: “Ola bilər ki, vəsait tez ayrıla, yayda təmir-tikinti işlərinə başlana. Bir sözlə, vəsaitdən asılıyıq”.


Valideynlər dövlətdən, dövlət isə məktəbdən narazıdır

Mərdəli Quliyev də Qaradolaq kənd məktəbinin məzunudur. Deyir, həmin şikayət edənlərə sual vermək lazımdır ki, bu neçə ildə həmin məktəbin neçə şagirdi ali məktəblərə qəbul olub:

“O boyda məktəbdir. Çoxsaylı müəllim, şagird heyəti var. Həmin müəllimlər illərdir əmək haqqı, şagirdlər təhsil alırlar. Bunun qarşılığında bu dövlətə nə veriblər? Neçə illərdir bir nəfər şagirdləri ali məktəbə qəbul olmur. Bəs belə olar? Neçə illərədən sonra ötən il 5-6 nəfər ali məktəbə sənəd verib. Onlardan qəbul olanlar var. Son 10 ildə həmin məktəbin naliyyəti bundan ibarətdir. Mən özüm 77-ci ildə həmin məktəbdən məzun olmuşam. Rusiyada təhsil alıb, dörd universitet bitirmişəm. Demək lazımdır, həmin ənənəni davam etdirsinlər”.


Ayrılan vəsait və görülən iş

2015-ci ildə təhsil xərcləri istiqamətində dövlət büdcəsindən 1. 711 2 milyon manat vəsait ayrılıb. Maliyyə Nazirliyinin məlumatında belə deyilir. Bu, 2014-cü illə müqayisədə 57.7 milyon (3,5 faiz), 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə isə 273,5 milyon (19 faiz) manat çoxdur. Təhsilin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin xüsusi çəkisi 8,1 faiz olub.

2016-cı ilin təhsil xərclərinə isə 1713,5 milyon manat ayrılıb. Bu da ötən illə müqayisədə 2,4 faiz çoxdur.


Beynəlxalq donorlarla dövlətin tikdiyi məktəblərin xərclərinin müqayisəsi

İqtisadçı-ekspert Rövşən Ağayev məktəblərin təmir-tikintisi ilə bağlı sosial mediada fikirlərini bölüşüb. Bildirib ki, beynəlxalq donorların Azərbaycanda tikdiyi eyni ölçülü məktəb binalarının dəyəri nəinki yerli icra başçılarının, hətta Təhsil Nazirliyinin inşa etdiyi məktəblərin dəyərindən dəfələrlə ucuz olur: “2007-ci ildə ABŞ-ın Bakıdakı səfirliyi bu ölkənin hərbi komandanlığının maliyyə dəstəyi ilə Bakının Xəzər rayonunun Yeni Qala qəsəbəsində tikilmiş 20 siniflik (Təhsil Nazirliyinin normativlərinə görə 400 şagirdlik) məktəbi Azərbaycanın Təhsil Nazirliyinə təhvil verdi. Həmin məktəb 300 min dollara (həmin dövrün məzənnəsi ilə 255 min manata) başa gəlib. Bir sinif otağına çəkilən xərc 15 min dollar (12,7 min manat), bir şagirdə düşən xərc 750 dollar (638 manat) təşkil edib”.

Ekspert bildirir ki, hökumətin məktəb tikintisinin Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyətlərinə verilməsi barədə qərarı çox səhv addım olub: “Ən azı bu addımla praktiki olaraq korrupsiyanın səviyyəsi 2 dəfə artıb. Yəqin ki, bu məsələyə yenidən baxmaq lazım gələcək. Ancaq söhbət ondan getmir ki, məktəb tikintisi yenidən Təhsil Nazirliyinin idarəetməsinə qatılsa, vəziyyət müsbətə doğru dəyişəcək. Söhbət bu sahədə vahid standartların tətbiqindən gedir. Bir rayonda iki eyniölçülü məktəbin dəyəri kəskin fərqlənirsə, deməli, məsələni nə Təhsil Nazirliyinin, nə də yerli icra hakimiyyətlərinin öhdəsinə buraxmaq olar”.


“Nə Təhsil Nazirliyi, nə də yerli icra hakimiyyətləri şəffaf tender keçirən deyil”

R.Ağayevin fikrincə, Nazirlər Kabineti yeni məktəblərin tikintisi ilə bağlı vahid standartlar hazırlamalıdır: “Məsələn, 20 siniflik məktəbin orta maya dəyəri 300 min manat, 40 sinifli məktəbin orta maya dəyəri 500 min manatdır. Sadəcə, məktəblərin harada tikilməsindən asılı olaraq nəqliyyat xərcləri dəyişə bilər. Yəni Bakıda tikinti materiallarının daşınma xərci 10 min manatdırsa, Lənkəranda, bu, 20, Zaqatalada 30, Gədəbəydə 40 min manat olsun. Onsuz da nə Təhsil Nazirliyi, nə də yerli icra hakimiyyətləri şəffaf tender keçirən deyil. Əgər belə olarsa, məktəb tikintisinə ayrılan vəsait çərçivəsində indikindən ən azı 4-5 dəfə çox məktəb tikmək olar. Bunun başqa yolu yoxdur. Əks halda məktəb tikintisinə ayrılan vəsait məmurların cibinə axmaqda davam edəcək”.

Ana səhifəXəbərlər”Əlacımız olsaydı, uşaqları məktəbdən çıxarardıq”