Hadisə Prezident Daniel Noboanın 22 dəstəni terror təşkilatı adlandırdığı çıxışından sonra baş verib
Ekvadorda silahlı şəxslər televiziya stansiyasına hücum edib, zorakılıq törədib.
Polis canlı yayım zamanı TC televiziyasını ələ keçirən 13 nəfər silahlını həbs edib, digər yerlərdə isə azı yeddi polis məmurunun qaçırıldığı, ölkənin bir neçə yerində partlayışlar olduğu bildirilir.
“Reuters” yazır ki, bu, Ekvador Prezidenti Daniel Noboanın 22 dəstəni terror təşkilatı adlandırdığı çıxışından sonra baş verib.
Narkotik ticarəti ilə bağlı zorakılığın qarşısını alacağına söz verərək noyabrda vəzifəyə gələn Noboa həbsxana zorakılığına, o cümlədən məhbuslar tərəfindən mühafizəçilərin girov götürülməsinə və “Los Choneros” dəstə liderinin açıq-aşkar qaçmasına cavab olaraq yanvarın 8-dən ölkədə 60 günlük fövqəladə vəziyyət elan edib.
Yanvarın 9-da yenidən işlənmiş fərmanla o, “daxili silahlı qarşıdurmanı” tanıyıb və “Los Choneros” da daxil olmaqla təxminən iyirmi dəstəni terrorçu qruplar adlandırıb.
Hökumət zorakılığın Noboanın yeni yüksək təhlükəsizlik həbsxanası tikmək və həbsdə olan dəstə liderlərini köçürmək planına reaksiya olduğunu bildirib.
Silahlı Qüvvələrin Birgə Komandanlığının rəhbəri, admiral Xayme Vela bildirib ki, hadisələr hökumətin qəbul etdiyi qərarlardan sonra baş verib:
“Hadisələr göstərir ki, hökumətin qəbul etdiyi hərəkətlər və qərarlar kriminal strukturlara ciddi təsir edir. Buna cavab olaraq, xalqı qorxutmaq üçün zorakılıq dalğası yaradıblar“, – o, bu sözləri Noboa və digər rəsmilərlə təhlükəsizlik görüşündən sonra bildirib.
Vela əlavə edib ki, Noboanın fərmanında qeyd olunan bütün qruplar indi hərbi hədəflərdir.
Ekvadordakı iğtişaşlar Peru hökumətinin Ekvadorla sərhədində fövqəladə vəziyyət elan etməsinə səbəb olub. Braziliya, Kolumbiya və Çili isə Ekvador hökumətinə dəstəyini ifadə edib.