Ekspertlər seçkilərin əvvəlkilərdən fərqlənməyəcəyini düşünürlər

“Qanunvericilik dəyişmədiyindən demokratik şərait olmayacağı əvvəlcədən bəlliydi”.

Source:


“Açıq şəkildə “qara piara” rast gəlinməyib”

Bəzi müxalif və müstəqil namizədlərin qeydə alınmaması hökumətin seçkiyə müdaxilə etdiyini təsdiqləyir.

Bunu Meydan TV-ə Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov, parlament seçkiləri üçün təbliğat və təşviqat kampaniyasının gedişatı ilə bağlı fikirlərini bölüşərkən deyib.

O xatırladıb ki, ölkədə olmadığı üçün prosesi mediadan izləyir.

“Sadəcə, imzaların toplanması və qeydiyyat mərhələsi əvvəlki seçkilərin müvafiq dövründən fərqləndi, ona görə namizədlərin sayı bir az çox oldu”, – R.Mirqədirov deyib.

Siyasi icmalçı təbliğat dövründə açıq şəkildə “qara piar” hallarına rast gəlməsə də, belə elementlərin üzə çıxdığını bildirib. Bundan başqa o hesab edir ki, inzibati resurslardan daha çox səsvermə zamanı istifadə olunacaq. Bununla belə ekspert bildirib ki, bəzi namizədlərin təbliğat zamanı seçiciləri şirnikləndirmə halları müşahidə olunur.

Rauf Mirqədirov
Rauf Mirqədirov


“Telekanalların susmağı hakimiyyətin seçki prosesini blokadaya aldığını göstərir”

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev xatırladıb ki, Venesiya Komisiyasının tövsiyələrinə rəğmən Seçki Məcəlləsi dəyişmədiyindən 9 fevral növbədənkənar parlament seçkilərinin əvvəlki seçkilərdən fərqlənməyəcəyini düşünür:

“Qanunvericilik dəyişmədiyindən demokratik şərait olmayacağı əvvəlcədən bəlliydi. Bununla bağlı beynəlxalq və yerli təşkilatların rəyləri və tövsiyələri həmişə olub”, – Mehman Əliyev deyib.

Digər bir məqam kimi, telekanallarda susqunluğu qeyd edib:

“Ölkədə seçki keçirilir, qanunverici orqan formalaşdırılır, amma bütün telekanallar bu barədə susurlar. Bu, hakimiyyətin seçki prosesini blokadaya aldığını göstərir”.

Agentliyin direktorunun fikrincə, bələdiyyə seçkilərində bloger Mehman Hüseynova qarşı qanunsuzluq sübut etdi ki, hökumətin seçkiyə münasibəti dəyişməyib.

Mehman Əliyev
Mehman Əliyev


“Müstəqil namizədlərə seçicilərlə görüş keçirməyə maneələr yaradılır”

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı təbliğat-təşviqat kampaniyasının yeni başlamasına baxmayaraq, hakimiyyət namizədlərinə daha çox imkan yaradıldığı qənaətindədir:

“Hakimiyyətin dəstək verdiyi namizədlərin elektron və çap mətbuatına çıxış imkanları daha çoxdur. Müxalif və müstəqil namizədlərə isə bu imkanlar tanınmır. İctimai Televiziyanın efir vaxtı üçün fantastik qiymətləri isə müstəqil və müxalif namizədlər üçün əlçatmaz idi. Belə vəziyyətdə hakim partiya pulsuz efir vaxtından imtina etdi. Bütün hallarda televiziya imkanlarında istifadə etmək, seçicilərlə görüşlər keçirmək müstəqil və müxalif namizədlər üçün məhduddur. Müstəqil namizədlərə seçicilərlə görüş keçirməyinə maneələr yaradılması faktları var, amma hakimiyyətin namizədlərinə qarşı əngəllər yaradılmır”.

Bəşir Süleymanlı hələlik mərkəzləşmiş “qara piar” kampaniyasına rast gəlmədiklərini dedi:

“Bəlkə də lokal şəkildə nələrsə təşkil olunub, amma mərkəzləşmiş. formada belə hallar yoxdur”.

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

O, daha çox hakim partiyadan olan namizədlərin inzibati resurslardan sui-istifadə etdiklərini qeyd edib:

“Onların maddi imkanları buna şərait yaradır. Keçmiş deputatlardan biri öz “Facebook” səhifəsində ərazidə asfaltlanma işləri gördüyünü yazmışdı və bununla bağlı şəkil də paylaşmışdı. Ancaq müvafiq qurumlar, MSK bugünə qədər qanun pozuntusu olan bu hadisəyə reaksiya verməyib”.


“YAP namizədlərinin inzibati resurslardan istifadə etmələri barədə rəqiblərindən heç bir şikayət daxil olmayıb”

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı fevralın əvvəlində yayacaqları ilkin hesabatlarında yol verilmiş qanun pozuntuları haqqımda ətraflı məlumat verəcəklərini deyib. Bununla belə, o bildirib ki, öz tərəflərindən pozuntuların monoqorinqini aparıblar. “Yəni şikayətlərə baxılması ilə bağlı MSK-dan məlumatlar alırıq. Məsələn, bir namizəd qeydə alınandan sonra başqa namizəddən şikayət edərək onun namizədliyini ləğv etdirib. Bir neçə nəfərin dairələrdə namizədliyi qeydə alınmayıb, amma MSK-ya şikayət əsasınmda məsələ müsbət həllini tapıb. Bəzilərinin şikayətlərinə baxılsa da, həllini tapmayıb”, – Məhərrəm Zülfüqarlı deyib.

Ekspert bildirib ki, hələlik bu günə qədər açıq şəkildə “qara piar” faktı ilə qarşılaşmayıblar.

414695213.jpg
Məhərrəm Zülfüqarlı

Məhərrəm Zülfüqarlı təbliğat kampaniyası zamanı müsbət hallardan da danışıb. O hesab edir ki, Azərbaycanda seçki kampaniyasının aparılmasının Qərb nümunələri də var.

“Konkret olaraq, Binəqədi rayonunda yerləşən dairələrdə belə seçki kampaniyaları aparılır. Qapı-qapı gəzib vətəndaşlarla görüşmək peşəkarlığın əlamətidir. Ancaq tanınmayan və seçki kampaniyası aparmaq səriştəsi olmayan və az müddətdə elə bir görüntü yarada bilməyən namizədlər də var”.

Məhərrəm Zülfüqarlı hakim partiyanın namizədlərinin inzibati resurslardan istifadə etmələri barədə rəqiblərindən heç bir şikayət daxil olmadığını da deyib.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilər majoritar sistem üzrə keçirilir. 125 seçki dairəsinin hərəsindən 1 nəfər, ən çox səs toplayan namizəd qalib elan olunur. Hazırda 125 deputat yerinə 1542 nəfər namizəd qeydə alınıb ki, bu da müstəqil Azərbaycanın seçki tarixində qeydiyyata alınan namizəd sayına görə rekord göstərici sayılır.

Ana səhifəSiyasətEkspertlər seçkilərin əvvəlkilərdən fərqlənməyəcəyini düşünürlər