Nida Vətəndaş Hərəkatının təşkilatçılığı ilə iqtisadçı ekspertlər Natiq Cəfərli və İlham Şaban 2016-cı ilin dövlət büdcəsini müzakirə etdilər.
Iqtisadçı Natiq Cəfərli 2016-ci ilin büdcəsinin əvvəlki illərlə müqayisədə kəskin azalma olacağını bildirib. O, 2015-ci ilə nisbətən büdcənin təqribən 4 milyard az olacağını vurğulayıb.
“Büdcənin azalması, təbii ki, bütün makroiqtisadi göstəricilərə, əhalinin sosial vəziyyətinə, iş yerlərinin azalmasına ciddi təsir göstərəcək. İlkin hesablamalara görə, büdcə 4 milyard manat civarında azalacaq. Ölkəmizin son illərdə qurduğu primitiv modelə baxanda təqribi hesablamalara görə bilmək olar ki, büdcənin 1 milyard azalması, təqribən 40 min iş yerinin azalması demək olacaq. Yəni 150-200 min arası vətəndaşımızın gələn il işsiz qalması təhlükəsi var ki, bu da sosial vəziyyətin ölkədə ağırlaşmasına səbəb olacaq”.
Ekspert İlham Şaban iqtisadiyyatın neftdən aslılığının 2016-cı ildə də davam edəcəyini bildirib.
“2014-cü ilin 17 iyunundan neftin qiyməti aşağı düşməyə başlayıb. Bu dövrdə faktiki olaraq 2015-ci ilin sentyabrına qədər hökümət, ümumiyyətlə fərqində deyildi ki, hər hansı bir təlatüm var, təlaş var. Bütün dünyada iqtisadi böhranın olduğunu deyrdi. Ancaq 3-cü rübü yekunları ilə bağlı olan iclasda hökümətin ab-havası tamamilə dəyişdi.İlk dəfə olaraq vəziyyətin ürəkaçan olmadığını qeyd etdilər. Hökumət yenə öz çıxış yolunu neft sənayesində görür”.
Bu yazı 9 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 15 Noyabr 2015 23:09