Ekspert: Teatrların əksəriyyəti “dişsiz” tamaşalar təşkil edir

“Teatr həm gəlir gətirməli, həm də tamaşaçının nə istədiyini bilməlidir”

Source:


"Teatr artıq həm də bazar iqtisadiyyatıdır, biznes müəssisəsidir"

Azərbaycanda on səkkiz aylıq fasilədən sonra bu gündən teatrların fəaliyyəti bərpa olunur.

Teatr eksperti Elçin Cəfərov hesab edir ki, pandemiyadan sonra teatrlara daha çox ehtiyac yaranıb, çünki teatr canlı ünsiyyət sənətidir.

Ölkə teatrları isə bundan sonra köhnə deyil, yeni repertuarla çıxış etməlidir: “Bu gündən teatrlar açılır. Bu, çox yaxşıdır. Bəs biz teatrlarda nə görəcəyik? Dünyanın düz vaxtında bizi təəccübləndirə bilməyən teatrlar bu qədər məhdudiyyətlərlə, uzun müddətli fasilədən sonra nəsə edə biləcəkmi? Əgər əvvəlki repertuarı, köhnə tamaşaları bərpa edəcəyiksə, bu çıxış yolu deyil. Bu gün qarşımızda ilyarım ərzində müəyyən mənada formasını itirmiş yaradıcı heyət var. Pandemiya bəşəriyyətin dünya görüşünə ciddi şəkildə təsir edən məsələ oldu. İndi cəmiyyətin nə düşündüyünü öyrənməyə çalışsaq, tamaşaçılarla eyni dalğada olan bədii məhsul hazırlansa, teatrların perspektiv imkanları daha geniş olacaq. Çünki özünütəcrid zamanı insanlar ünsiyyətin nə qədər vacib olduğunu gördülər. Bu da bir daha sübut etdi ki, teatr canlı ünsiyyət üzərində qurulan sənət növüdür. Bu məqam teatrı bir az da aktuallaşdıra bilər. Təbii ki, əgər bunları düşünüb, tətbiq edə bilsək. Yoxsa, köhnə hamam, köhnə tas olsa, teatrın hansısa inkişafını gözləmirəm”.

Teatrların tamaşaçı qıtılğı probleminə toxunan ekspert məsələnin bir sıra səbəblərinin olduğu qənaətindədir.

O bildirir ki, məsələnin həm də psixoloji, sosial-iqtisadi səbəbləri var: “Azərbaycanda pandemiyadan əvvəl də teatrların önündə izdiham yaşanmırdı. Tamaşaçı problemindən danışarkən səbəblər kompleksini axtarmaq lazımdır. Bizdə teatr sosiologiyası sahəsi demək olar ki, inkişaf etməyib. Bu günə kimi hansı teatra nə qədər tamaşaçı getməsi ilə bağlı araşdırma aparılmayıb. Bir-iki məqaləni çıxmaq şərtilə ortada böyük bir tədqiqat işi yoxdur. Sadaladıqlarım teatrdan asılı olmayan amillərdir. Bu, təkcə teatrın lokal problemi deyil. Sual yaranır: niyə əvvəlki kimi qəzetlər, kitablar oxunmur? Bu, cəmiyyətin ümumi-mədəni intellektual səviyyəsi ilə bağlı problemdir. Bu gün teatra gəlməyən kütlə, auditoriya, simfonik musiqi konsertlərinə də getmir. Onlar kitab da oxumur. İnsanların teatra getməməyinin daha bir səbəbi müasir dövrdə çevik iş ritmi ilə əlaqədardır. Bu gün işdən çıxıb, teatra gedib çatmaq asan məsələ deyil. Bu, teatra getmək istəyənlərə aiddir. Elə adam var ki, ailəsini dolandırmaq üçün iki yerdə işləyir. Onlar teatr hayında olmur, teatr barədə düşünə bilmirlər”.

1.png
Elçin Cəfərov

Teatrşünas teatrların repertuarından da narazıdır.

O deyir ki, teatra getməyə mənəvi ehtiyacı olan adamlar tamaşalarda özlərinə uyğun bədii məhsul görə bilmir: “Həmin auditoriya düşünür ki, teatra gedib hansı tamaşaya baxaq? Pandemiyadan öncəyə nəzər yetirək. Teatrlarımızda parlaq, maraqlı, aktual tamaşalarımız çoxdurmu? Bütün teatrlara intensiv gedən adam kimi deyirəm ki, ölkənin teatr həyatında hadisəyə çevriləcək tamaşaların sayı barmaqla sayılacaq qədərdir. Bir mövsümdə iki-üç tamaşa maraqlı ola bilər. Yerdə qalan teatrların repertuarının əksəriyyətini “dişsiz” tamaşalar təşkil edir. Yəni cəmiyyətin həyatından qopmuş tamaşalar. Tamaşaçı nə istəyir? Hansı bədii məhsul olsa, gəlib ona baxar? Dünyada teatr “biz məbədik, siz teatra gəlməlisiniz” mövqeyindən imtina edib. Teatr artıq həm də bazar iqtisadiyyatıdır, biznes müəssisəsidir. Teatr həm gəlir gətirməli, həm də tamaşaçının nə istədiyini bilməlidir. Bu mənada bizdə çox böyük boşluqlar var. Artıq əvvəlki dövr deyil ki, hansısa qəsəbədə ancaq bir klub var, başqa bir əyləncə vasitəsi yoxdur. Bu gün virtual reallıqda, multimedia məkanında əyləncə vasitələri kifayət qədər çoxşaxəlidir. Asudə vaxtını səmərəli keçirmək üçün kifayət qədər üsullar, formalar, sənət növləri mövcuddur. Onlarla müqayisədə bizim teatrlar uduzur. Teatr tamaşaçısı ilə eyni dildə danışmır”.

Ekspert deyir ki, 2007-ci ildə qəbul olunan “Teatr və teatr fəaliyyəti haqqında” Qanunda teatrda prodüserlik fəaliyyəti ilə bağlı bölmə olsa da, prodüserlik institutunun konkret işləmə mexanizmləri hələ də bəlli deyil. Teatrlarda İctimaiyyətlə əlaqələr – PR şöbəsi ümumiyyətlə mövcud deyil: “Hansısa tamaşanın reklamını görmüsünüz? Çox nadir hallarda, kustar üsulla hazırlanmış bir-iki treyleri çıxmaq şərtilə, demək olar ki, bu sahədə peşəkar fəaliyyət yoxdur. Sadaladığım problemlər də, dama-dama böyük bir göl olur. Həmin bu problemlərin fonunda, görüntüsündə də teatr boğulmağa məhkumdur”.

Oktyabrın 1-dən Azərbaycanda ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə konsert zalları, kinoteatr və teatrların fəaliyyəti bərpa edilir.

Ölkədə bir çox mədəniyyət obyektləri 2020-ci il martın 14-dən COVİD-19 pandemiyası ilə əlaqədar bağlanmışdı.

Ana səhifəMədəniyyətEkspert: Teatrların əksəriyyəti “dişsiz” tamaşalar təşkil edir