Ekspert: Nazirliyin açıqlaması gülməli və qeyri-ciddidir

“50 manat artımı “fermerlərə müjdə” kimi təqdim edən Nazirliyi anlamaq olmur”

Vahid Məhərrəmli. Foto: Meydan TV


"50 manat artımı “fermerlərə müjdə” kimi təqdim edən Nazirliyi anlamaq olmur"

“Pambıq əkini ilə məşğul olan fermerlər, kəndlilər indiyə kimi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 hektar pambıq sahəsi üçün 249 manat daha çox vəsait xərcləməli olublar”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli belə deyir.

Onun sözlərinə görə, bundan sonra görüləcək (pambıq yığımı və sair) işlər nəzərə alınsa, işin yekununda xam pambıq istehsalçılarının 1 hektar sahə üçün istehsal xərci əvvəlki ildəkindən 300 manat çox ola bilər: “Bu il xam pambıq istehsalı ilə məşğul olan fermerlərin, kəndlilərin istehsal xərcləri, pambıq təmizləmə və ixracı ilə məşğul olan oliqarxların isə gəlirləri artıb. 2021-ci ilin yanvar-iyul aylarında 134,9 milyon dollar dəyərində 88,4 min ton pambıq lifi ixrac edilib. Bunun da 1 tonunun ixrac dəyəri 1525,38 dollar olub. 2020-ci ilin yanvar-iyul aylarında isə 1 ton pambıq lifinin ixrac dəyəri 1343 dollar olub. Keçən ilin eyni dövrü ilə müqayisədə bu il pambıq lifinin ixrac dəyəri 13,58% artıb”.

Ekspert bildirib ki, bu ilin yanvar-iyul ayları ərzində ixrac edilən pambıq ipliyin 1 tonunun ixrac dəyəri 2831,93 dollar, keçən il isə 2080,94 dollar təşkil edib: "Yəni keçən illə müqayisədə bu il pambıq ipliyin ixrac dəyəri 36% artıb. Beləliklə, xam pambıq istehsalı ilə məşğul olan fermerlərin kəndlilərin orta hesabla 1 hektar pambıq sahəsi üçün istehsal xərcləri indiyədək əvvəlki illə müqayisədə 249 manat artıb. Əvvəlki ildən fərqli olaraq bu il nasosla pambıq sahəsinin 2 dəfə suvarılması üçün 200 manat əlavə vəsait xərcləməli olublar. Əvvəlki illə müqayisədə şumun aparılması üçün 25%, malanın çəkilməsi üçün 21,42%, çiyid səpini üçün 33,33%, kultivasiya işləri üçün 33,33%, dərman çilənməsi üçün 33,33%, ucvurma əməliyyatı üçün 25% daha çox ödəniş ediblər”.

Vahid Məhərrəmov deyir ki, eyni müddət ərzində pambıq lifi ixracı ilə məşğul olan monopolist oliqarxların gəlirləri 13,58%, iplik ixrac edən oliqarxların gəlirləri isə 36,08% artıb: “Gördüyünüz kimi, fermerlərə pambığın növlərinə görə nəzərdə tutulan 7-9 faiz qiymət artımı ilə inhisarçı oliqarxların 13% və 36 faiz artan mənfəəti arasında fərq çox böyükdür. İstehsal xərci 1 hektar üçün 300 manat (yığımı və digər xərcləri də nəzərə almaqla) artan pambıq istehsalçısının təhvil verdiyi 1 ton pambığın alış qiymətinin 50 manat artımını “fermerlərə müjdə” kimi təqdim edən Kənd Təsərrüfatı Nazirliyini anlamaq olmur. Fermerlərin, kəndlilərin pambıq istehsalına marağını artırmaq, onların biznesinin gəlirli olması üçün sahədə mövcud olan problemlərin həllində yardımçı olmaq, uzun müddət həll edilməyən suvarma suyu problemini həll etmək, dizel yanacağının, benzinin qiymətlərinin artımı nəticəsində pambıqçıların artan xərclərini dəqiq hesablayıb həmin xərclərin kompensasiya edilməsi üçün hökumətə konkret təkliflər təqdim etmək əvəzinə, 1 ton pambığın alış qiymətinin cəmi 50 manat artırılmasını “Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı və diqqətin növbəti təzahürü” kimi təqdim edirlər”.

"Heç bir hesablama aparmayan Kənd Təsərrüfatı Nazirliyi deyir ki, pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlər xeyli əlavə qazanc əldə edəcəklər. Gülməli və qeyri-ciddidir, deyilmi? Nazirlik fermerlərin keçən illə müqayisədə artan istehsal xərclərini hesablamadan xeyli əlavə qazanc əldə edəcəklərini qeyd edib. Bu il xam pambıq istehsalçıları çox ağır şəraitdə işləyiblər. Yay aylarında havanın temperaturu 40-45 dərəcədən yuxarı olub, suvarma suyu çatışmazlığı fermerlərimizin işlərini çətinləşdirib. Əksəriyyəti pambıq sahəsini 1 dəfə suvarmalı olub”, – ekspert belə deyir.

Son zamanlar pambıq əkən fermerlər su qıtlığından şikayətlənirlər. Minimum 2 dəfə suvarılmalı olan pambığı heç bir dəfə normal suvara bilmədiklərindən şikayətlənirlər.

Xüsusən, Sabirabad, Zərdab, Saatlı, İmişli bölgəsindən olan şikayətlərdə fermerlər bildirirlər ki, hesabladıqları məbləğdən aşağı məhsul götürəcəklər.

Ana səhifəXəbərlərEkspert: Nazirliyin açıqlaması gülməli və qeyri-ciddidir