Ekspert: Nazirlik taxıl istehsalı ilə bağlı rəqəmləri şişirdir

Vahid Məhərrəmov: ”7 aylıq ərzaq buğdasına tələbat idxalın hesabına ödənib”

Source:


Vahid Məhərrəmov: ”7 aylıq ərzaq buğdasına tələbat idxalın hesabına ödənib”

2016-cı ildə Azərbaycanda 2 mln 820 min ton taxıl istehsal olunub. Bu göstəricinin ötən illə müqayisədə 2 faiz çox olduğu bildirilir.

Bu haqda kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev danışıb. AZƏRTAC-ın xəbərinə görə, nazir müavini ötən ilə nisbətən bu il ölkədə taxılçılıq sahəsində inkişafa nail olunduğunu vurğulayıb.

“Eyni zamanda, bu il 1 milyon 844 min ton buğda istehsal edilib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 10 faiz çoxdur”, – nazir müavini bildirib.

2016-cı il üçün taxıl istehsalına dair gözləntinin 3 mln ton olduğu bildirilirdi.

Nazir müavininin açıqlamasını Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov hesab edir ki, nazirlik əvvəlki illərdən fərqli olaraq daha çox “pripiska”ya, rəqəmlərin şişirdilməsinə yol verib: “Misal üçün, ötən il nazirlik iddia edirdi ki, 2 milyon 999 min ton taxıl istehsal olunub. 2015-ci ildə ölkəyə 1 milyon 353 ton buğda və meslin, 22 ton çovdar, 54 min arpa, 378 ton yulaf, 181 min ton qarğıdalı, 26 min ton düyü, o cümlədən, 30-40 ton un idxal olunub. Ümumilikdə, keçən il ölkəyə 1 milyon 700 min tondan çox taxıl idxal olunub. Ölkənin buğdaya olan tələbatı 1,3 milyon tondur. Amma idxal bundan çox olub. Elə hökumət ötən il də 1,8 milyon ton buğda istehsal etdiklərini iddia edirdi. Təsəvvür edin, ölkənin tələbatı 100 faiz idxalın hesabına ödənildiyi halda bu qədər buğda hara gedir? Yaxşı, bu qədər buğda varsa, niyə yumurtaya, ətə, südə olan tələbatını tam ödəmir? Əlbəttə ki, nazirlik əvvəlki illərdə olduğu kimi bu il də rəqəmləri tam şişirdib”.

V. Məhərrəmov bildirib ki, ölkə əhalisi ayda təxminən 110 min ton buğda istehlak edir, deməli, 7 aylıq ərzaq buğdasına olan tələbat tamamilə idxalın hesabına ödənib. 2015-ci ildə də ərzaq buğdasına olan tələbat idxalın hesabına ödənmişdi, bu il də. O zaman sual yaranır: nazirliyin istehsal etdiyi buğda hanı? Yəni idxalı gizlətmək mümkün deyil. Təəssüf ki, nazirliyin yalanının qarşısını alan hər hansı rəhbər yoxdur, hər il kənd təsərrüfatı ilə bağlı yalan məlumatlar yayırlar. İndi bütün faktlar ortada olduğu halda, 2 milyon 800 min tondan çox taxıl istehsal olunduğunu iddia etmək saxta rəqəmlər uydurmaq deməkdir. Əminliklə deyirəm, nazirlik istehsalla məşğul olmur və rayonlardan gələn xəbərlər olduqca çox pisdir”.

Dövlət Statistika Komitəsi avqustun 9-da bildirmişdi ki, 2016-cı ildə taxıl sahələrinin 1 hektarından əldə olunan məhsuldarlıq 0.8 sentner azalıb. Artım isə əkin sahələrinin artması hesabınadır. 2016-cı ildə orta məhsuldarlıq 29.7 ha/s olub. Kənd Təsərrüfatı Nazirliyi məhsuldarlığın aşağı olmasını hava şəraiti ilə əlaqələndirmişdi.

Ana səhifəXəbərlərEkspert: Nazirlik taxıl istehsalı ilə bağlı rəqəmləri şişirdir