”Üç ay ərzində ev təsərrüfatlarından 671 mln, inşaat və əmlak sektorundan 433 mln, nəqlliyyat və rabitə bölməsindən 240 mln, ticarət və xidmət sektorundan 119 mln manat kredit çıxarılıb”
“Milli valyutada verilmiş kreditlərin 459 milyon manatı, xarici valyutada yerləşdirilmiş kreditlərin isə 504 milyon dolları 2016-cı ilin ikinci rübü ərzində iqtisadiyyatdan geri çəkilib”.
İqtisadçı Nemət Əliyev “facebook” səhifəsində Mərkəzi Bankın məlumatına istinadən yazıb ki, qeyd olunan müddətdə kredit qoyuluşu üzrə ümumi azalma 1.3 milyard manata yaxın olub: “Geri çəkilən kredit resurslarının 66 faizdən çoxunu uzun müddətli kreditlər təşkil edib”.
Ekspert bildirib ki, yalnız 3 ay ərzində ev təsərrüfatlarından 671 mln, inşaat və əmlak sektorundan 433 mln, nəqlliyyat və rabitə bölməsindən 240 mln, ticarət və xidmət sektorundan 119 mln manat həcmində kredit çıxarılıb.
“Kredit resursları sənaye və istehsal, kənd təsərrüfatı və emal bölmələrini də tərk edib”,- deyə ekspert bildirib.
N.Əliyev qeyd edib ki, hökumətin yanlış məzənnə siyasətinin təsiri ilə dövriyyədə olan resurslar həm dəyərini, həm də alıcılıq qabiliyyətini itirir.
“Boşalmış yerlərə isə hələ dönüş hiss olunmur”,- deyə N.Əliyev qeyd edib.
2016-cı ilin iyun ayının sonuna olan məlumata görə, ümumi kreditlərin məbləği 18 mlrd 434 mln manatdır.
Kreditlərin 9 mlrd 570 mln manatı (52 %) milli valyutada, 8 mlrd 864 mln manatı (48%) xarici valyutada qoyulub.