Ekspert: Azərbaycan təhsil sistemində savadsız müəllimlərin sayı 70 faizdən az deyil

Foto: Azərtac

“Təhsili savadsız müəllimlərdən təmizləmək lazımdır”

“Azərbaycan təhsil sistemində savadsız müəllimlərin sayı yetmiş faizdən aşağı deyil. Belə vicdansızlıq olmaz. Bunu təmizləmək lazımdır”.

Təhsil eksperti Nabatəli Qulamoğlu Meydan TV-yə elm və təhsil naziri Emin Əmrullayevin Real TV-yə müsahibəsini şərh edərkən deyib.

Nazir deyib ki, sertifikatlaşma imtahanlarında iştirak edən 11 min müəllimdən iki mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir:

“Bu zaman sual ortaya çıxır ki, müəllim öz fənnini bilmirsə, onda sinif otağındakı azyaşlı şagirdə nə öyrədəcək? Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın gələcəyini əlindən alırsa, bundan pis nəsə təsəvvür edə bilmirəm”.

Təhsil eksperti Nabatəli Qulamoğlu deyir ki, sertifikatlaşma imtahanından keçməyənlər saxta diplom alanlardır.

O hesab edir ki, nazirliyin həmin müəllimləri təhsildən uzaqlaşdırmaq istəyi təqdirəlayiqdir:

“Nazirlik bu istiqamətdə addımlar atmaq istəyir. Dəfələrlə cəhd edib. Hələ 2013-cü ildə təhsil naziri Mikayıl Cabbarov dedi ki, məktəblərdə üç mindən çox saxta diplomla faəliyyət göstərən müəllim var. Emin Əmrullayevin vaxtında həmin saxta diplomu olan müəllimləri işdən çıxardılar. Müəllimlər də buna görə nazirliyi məhkəməyə verdilər. Məhkəmələr də iddianı təmin etdi. Təsəvvür edin, məhkəmə o boyda nazirliyin iddiasına baxmadı. Halbuki həmin müəllimlər saxta diplomla fəaliyyət göstərirdilər”.

Nabatəli Qulamov
Mənbə: Azadlıq Radiosu

Ekspert deyir ki, Elm və Təshil Nazirliyinin apardığı bu mübarizə mütləq müdafiə olunmalıdır:

“Nazirliyin tələbi haqlıdır. Adi Pifaqor teoremini bilməyənlər, müəllim hesab oluna bilməz. Emin Əmrullayevin apardığı mübarizə dövlət, xalq tərəfindən müdafiə olunmalıdır. Bu işi, bu əyriliyi edən Azərbaycan hakimiyyətidir. Azərbaycan hakimiyyəti həmin adamlara saxta diplomlar verib. Çıxış yolu, həmin müəllimlərə kompensasiya ödəyib, təhsildən uzaqlaşdırmaqdır”.

Prezident İlham Əliyev 2022-ci il avqustun 18-də “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrində direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə), təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə) maaşların aylıq əlavələr olunacaq.

Nazirlər Kabinetinə əlavələrin məbləğlərini sentyabrın 1-dək təsdiq etmək, həmçinin fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sertifikatlaşdırmadan keçən 3086 təhsilverən vəzifə maaşına 35 faiz, 5 590 müəllim isə 10 faiz əlavə alır.

Ana səhifəSosialEkspert: Azərbaycan təhsil sistemində savadsız müəllimlərin sayı 70 faizdən az deyil