Əksər yanacaqdoldurma məntəqələri ”Premium” markalı benzinin satışını dayandırıb

”Tələbatın yüksək olması səbəbindən ehtiyat tükənib”

Source:
Foto APA
Foto APA


”Tələbatın yüksək olması səbəbindən ehtiyat tükənib”

Son 2 gündə bəzi yanacaqdoldurma məntəqələrində”Aİ-95 Premium” markalı yanacağın satışı dayandırılıb.

“APA-Economics” bəzi yanacaqdoldurma məntəqələri arasında sorğu keçirib.

“LUKoil-Azərbaycan” QSC-dən bildirilib ki, şirkət “Premium” markalı yanacağı “SOCAR Petroleum” QSC-dən alır: “Bizə yanacaq limitlə satılır. Yaranmış qıtlığın səbəbi də budur. Böyük ehtimalla, problem 1-2 günə həllini tapar”.

“Tosoil” şirkətindən isə benzin ehtiyatlarının tükəndiyi bildirilib: “Satış 1-2 günlük dayanıb. Bir neçə günə bərpa edilə bilər”.

“Azpetrol” MMC-dən məsələyə münasibət bildirən tapılmayıb.

“Günəş Petrol” firmasından da “Premium” markalı benzinin satışının dayandırıldığı söylənib. Şirkət rəsmisi problemin sabahadək həllini tapacağını deyib: “Biz də məhsulumuzun satılmasında maraqlıyıq”.

“SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli isə problemin aradan qaldırılmaq üzrə olduğunu deyib: “Bildiyiniz kimi, bu yanacaq növü Azərbaycana xaricdən idxal olunur. Son günlər idxalda yaranan problemlə bağlı daxili bazarda bu yanacaq növünün çatışmazlığı yaranıb. Lakin artıq yanacağın idxalında yaranan problem aradan qaldırılıb və müştərilərimiz məhsulla təchiz olunmaqdadır. Bilirsiniz ki, “SOCAR Petroleum” böyük bir YDM şəbəkəsinə sahibdir. Lakin biz ilk növbədə müştərilərimizin tələbatını ödədik. İlk təchiz etdiyimiz şirkətlərdən biri də “LUKoil-Azərbaycan”dır. Son iki gün ərzində müştərilərimiz yanacağı əldə edir. Düzdür, müştərilərimizə yanacaq məhdud həcmdə satılır”.

Onun sözlərinə görə, defisitin yaranmasına tələbatın yüksək olmasıdır: “Məsələn, sonuncu dəfə “LUKoil-Azərbaycan”a 5 maşın yanacaq verilib. Ola bilər ki, tələbatın yüksək olması səbəbindən ehtiyat tükənib”.

Yanacaqdoldurma məntəqələrinin əksəriyyəti “Premium” markalı benzini “SOCAR Petroleum” QSC-dən alır. Şirkətin müştəriləri arasında “IST Petrol”, “Tosoil”, “LUKoil-Azərbaycan”, “ABU Petrol”, “Merd Petrol”, “AZAL Oil”, “Günəş IKF” MMC, “AS-Petrol” MMC, “Azərsun Holdinq” MMC, “Karasu Operating Company”, “Silk Way Aviaşirkəti”, “LUX-OİL” MMC, “Məişət Maye Qaz” QSC, “Balakhani Operating Company LTD” kimi şirkətlər var.

Ana səhifəXəbərlərƏksər yanacaqdoldurma məntəqələri ”Premium” markalı benzinin satışını dayandırıb