Eks nazir yol polisindən şikayətçidir

”Tofiq müəllim sosial şəbəkələrə yox, Bakı Şəhər Dövlət Yol Polisinə müraciət etsin”

Source:
Tofiq Zülfüqarov – Foto: Qafqazinfo


”Tofiq müəllim sosial şəbəkələrə yox, Bakı Şəhər Dövlət Yol Polisinə müraciət etsin”

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun avtomobili cərimə meydançasına aparılıb. O, bu barədə “Facebook”-da yazıb.

Bildirib ki, martın 1-də Heydər Əliyev prospekti ilə hərəkət edərkən arxadan gələn maşın ona irəli keçmək üçün işarə verib:

“İmkan düşən kimi onun irəli keçməsinə şərait yaratdım. Lakin maşın irəli keçəndən sonra sürəti azaltdı. O, saatda 120 kilometr sürət həddi olan yolda əyləci basdı. Görəndə ki, qarşımdakı hansısa qeyri-adekvat və aqressiv insandır, ona işıq siqnalı verdim. Sonra ötüb sağ zolağa keçdim. Elə bu anda bir patrul maşını mənə çataraq qaydaları pozduğumu dedi. Sən demə, onun hansısa böyük bir vəzifəsi var imiş və mənə BMW avtomobilinin üzlüyünün altındakı mayak işıqları ilə siqnal veribmiş. Açığı mənim maşınım böyükdür və o avtomobilin üzlüyü arxasında hansı işığın yandığı görünmür”.

Tofiq Zülfüqarov polislərin maşınının cərimə meydançasına aparılması barədə göstəriş verdiklərini söyləyir. Onun “niyə”, – sualına isə heç bir irad tuta bilmədiklərini, hətta protokol da yazmadıqlarını deyir:

“Mən onların tələblərini yerinə yetirdim. Özləri məni evə gətirdilər”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxlayıb. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov əgər belə hadisə olubsa, hörmətli Tofiq müəllim sosial şəbəkələrə, mediaya yox, birbaşa Bakı Şəhər Dövlət Yol Polisinə müraciət etməlidir deyib:

“Onu da başqa vətəndaş kimi yüksək səviyyədə qəbul edib, yola salardıq. Eyni zamanda, ona törətdiyi xətayla bağlı informasiya da verə bilərdik. Qanuna gəldikdə, orada eks-nazir, nazir, yaxud filankəs qanunu poza bilər və inzibati məsuliyyətə cəlb edilmir deyə bir şey yoxdur. Kimliyindən asılı olmayaraq inzibati xəta törədənlər qanun qarşısında məsuliyyətə cəlb olunurlar”.

Vaqif Əsədov avtomobilin “cərimə meydançası”-na aparılmasının qanun çərçivəsində öz həllini tapdığını da  bildirib:

“Qanunda nəqliyyat vasitəsinin müvəqqəti mühafizə olunan dayanacağa yerləşdirilməsinin səbəbi göstərilir. Səbəblərdən biri şamil edildiyindən sürücünün avtomobili “cərimə meydançası”-na yerləşdirilir. Tofiq müəllim yol polisinin funksional vəzifəsini yerinə yetirmədiyini, səlahiyyətlərini aşdığını hesab edirsə, bunun izahını da verə bilərik. O bununla bağlı video paylaşıbsa, bu, təəssüf hissi doğurur. Çünki Tofiq müəllim tanınmış şəxsdir. Polisə təşrif etsəydi, hər kəsi gül-çiçəklə qarşıladığımız kimi onu da beləcə qarşılayıb, izah verərdik. Niyə bu məsələni qalmaqallı şəkildə yayıb? Bu, yaxşı hal deyil”.

Vaqif Əsədov
Vaqif Əsədov

Lent.az  yazır ki, Tofiq Zülfüqarovu saxlayan 10 AA 102 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-leytenantı Səhlab Bağırova aiddir.

Səhlab Bağırov sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması hadisəsi ilə bağlı açıqlama verib. General Səhlab Bağırov avtomobilin yol-hərəkət qaydalarını pozduğuna görə cərimə meydançasına aparıldığını söyləyib: “Sürücü yol hərəkəti qaydasını pozub, saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb”.

Ana səhifəXəbərlərEks nazir yol polisindən şikayətçidir