”Eks nazir müşavirinin qohumu intihara cəhd edib”

”Ləyaqəti ləkələnməkdənsə, ölməyi üstün tutduğunu bildirib”

Source:


”Ləyaqəti ləkələnməkdənsə, ölməyi üstün tutduğunu bildirib”

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyevin həbs etdirmək istədiyi qohumu Rövşən Əhmədov intihara cəhd edib.

Bu haqda Meydan TV-yə Rövşən Əhmədovun həyat yoldaşı Xanım Əhmədova məlumat verib. O, həyat yoldaşının hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) olduğunu söyləyib:

“Gecə dərman atıb, intihara cəhd edib. Tez gətirdik xəstəxanaya, mədəsini yudular, indi vəziyyəti nisbətən yaxşıdır”.

Rövşən Əhmədov sabiq nazir müşavirinin 800 min manatlıq qızıl-brilyantını ələ keçirməkdə suçlanaraq həbs olunmuşdu. Təxminən bir il həbsdə saxlandıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verildi və azadlığa

buraxıldı.

Hökmdən narazı qalan dövlət ittihamçısı protest və zərərçəkmiş Çingiz Baxşıyev apelyasiya şikayəti verdi.

Xanım Əhmədova deyir ki, hazırda işə Bakı Apelyasiya Məhkəməsində baxılır:

“Məhkəmə iclasında prokuror bəraət hökmünün ləğvini, R.Əhmədovun 10 il azadlıqdan məhrum edilməsini istəyib. Dekabrın 22-də apelyasiya məhkəməsinin qərarı elan olunmalıydı. Ancaq biz xəstəxanada olduğumuzdan qaldı.

Həyat yoldaşı deyir ki, xəstəxanada polis Rövşən Əhmədovun cibindən məktub tapıb. O, məktubunda yenidən şərlənib həbsxanaya düşməkdənsə, ləyaqəti ləkələnməkdənsə, ölməyi üstün tutduğunu bildirib:

“O, başına gələnlərlə bağlı Çingiz Baxşıyevi suçlayıb və onun günahkar olduğunu yazıb”.

Xanım Əhmədova həqiqətən də Çingiz Baxşıyevin həyat yoldaşını bezdirdiyini söyləyir. Deyir, hətta adam da tutdurub, ayda ona pul verir ki, onların ailəsini rahat buraxmasın, incitsin:

“Küçədə gedə bilmirik, bizi maşın izləyir, sataşır, söz atır, təhdid edirlər. Keçən həftələrdə yanımda avtoqəza törətdilər. Hər gün evimizi izləyirlər, fotolarımızı çəkirlər. İnanın boğaza yığılmışıq, dərdimizi hara deyək bilmirik. Şəklimizi çəkən, bizə yolda sataşan adamları məhkəmədə Çingiz Baxşıyevin yanında gördüm. Bildim ki, onun işləridir. Məhkəmədə yoldaşımın üzünə duranlar da onlar idi. Guya qızıl satanda bunu görüblər. Əgər belə şahidlər vardısa, niyə Ağır Cinayətlər Məhkəməsində ortaya çıxmadılar? Niyə indi tapılıblar?”

Xanım Əhmədova deyir ki, məhkəmədə sözünü demək istəyib. Ancaq hakim onu dinləməyib, zaldan çıxarıb:

“Məhkəmədə dövlət ittihamçısı “araşdırma yaxşı aparılmayıb, qərara gəlmişik ki, Rövşən Əhmədova oğurluq etdiyinə görə 10 il həbs cəzası verək” deyib. Hansı sübut, hansı əsasla bilmirik. Fakt yoldaşımın oğurluq etməsi ilə bağlı sübutları yoxdur. Orda-burda deyir ki, Rövşən Əhmədov məni nüfuzdan saldı. Adımı narkotiklə hallandırdı. Onu həbs etdirməsəm, əl çəkən deyiləm”.

X. Əhmədova deyir ki, Çingiz Baxşıyev həyat yoldaşının uzaq qohumudur:

“Məhkəmədə bizi təhdid etdi ki, Azərbaycan vətəndaşlığından imtina edin, yoxsa sizə qan udduracağam. Mən hakimə onun bizə qarşı kobud rəftarı qarşısında nə isə etməsini xahiş etdim. Hakim bildirdi ki, hazırda məhkəmə başqa işə baxır, tələbiniz qəbul edilmir. Budur ədalət, budur məhkəmə, hakim? Biz kimə güvənməliyik bu həyatda?”

Xanım Əhmədova deyir ki, Çingiz Baxşıyev 2016-cı ildə həyat yoldaşına bir təklif edib. Rövşən Əhmədov həmin təklifi qəbul etməyib, bu barədə polisə məlumat verib:

“2016-cı ildə həyat yoldaşıma təklif etdi ki, bəs xaricdən narkotik gətirib İrana göndərəcəm. Sən get orda realizasiya et. Rövşən də bildirdi ki, 60 yaşım var, nə deyirsən edim, amma məni narkotik işlərinə qatmayın. Məhkəmə Rövşənə dedi ki, bu insanın belə əməllərindən xəbərdardınsa, niyə şikayət etmirdin? O da dedi ki, mən şikayət etdim, oğurluq adı ilə tutdurdu, dərdimi izah edə bilmirəm, inandıra bilmirəm. Bundan sonra kim gördüyü haqsızlıqlardan, bu cür əməllərdən şikayət verər?”

X. Əhmədova deyir ki, əgər həyat yoldaşı günahkar olsaydı, ona bəraət hökmü verilməzdi:

“O boyda məhkəmə, prokurorluq yoldaşımın günahsız olduğunu anladı, sərbəst buraxdı. Çingiz deyir, bütün pulumu xərcləsəm də tutdurmalıyam. Bunu hara yazaq? Bu o deməkdir ki, Azərbaycanda qanunları pullular yazır? Bu qədər hüquq-mühafizə orqanları səhv edib? İnanın xəstəxanada da bizi rahat buraxmırlar. Çingiz Baxşıyev həkimlərə təzyiq edir ki, “sərxoş adamı dərman içib intihar etmək adı ilə niyə götürmüsünüz?” Qalmışam pis vəziyyətdə, bilmirəm kimə müraciət edib dərdimi deyim”.

R.Əhmədovu xəstəxanaya qəbul edən həkim Meydan TV-nin suallarını cavablandırmaq istəməyərək, növbədən sonra yatdığını və məsələ barədə danışmaycağını deyib.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Çingiz Baxşıyevlə əlaqə saxlayıb. O, məsələ haqqında eşidəndən sonra münasibət bildirmək əvəzinə, “mənim nömrəmi sizə kim verib?” – deyib, dəstəyi asdı.

Çingiz Baxşıyev iddia edir ki, qohumu olan R.Əhmədov ona qatıq vedrəsi, çay qabı və başqa bir bükülüdə verilən üç bağlama qızıl-brilyantın əksər hissəsini o mənimsəyib. Əhmədov isə bildirir ki, o, qızıl-zinət əşyalarını ona verildiyi formada aparıb Ç.Baxşıyevin qızının evində kürəkəninə verib. Üstündən iki ay keçəndən sonra qohumu onu çağırıb deyib ki, qızılların bir hissəsi yoxdur.

Çingiz Baxşıyev 2017-ci il fevralın 13-də prezident İlhan Əliyevin sərəncamı ilə ləğv edilmiş Nəqliyyat Nazirliyində nazirin müşaviri vəzifəsində olub. Onunla qohumluq əlaqəsində olan Rövşən Əhmədov həmin nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzarətçisi işləyib.

Ana səhifəXəbərlər”Eks nazir müşavirinin qohumu intihara cəhd edib”