“Mərkəzi Bankın özündə də qanuna görə idarə heyəti 7 nəfərdən ibarət olmalı olduğu halda, tərkibində cəmi 5 nəfər var”
“Unibank”ın icraçı direktoru Cəlal Qasımov isə “PaşaBank”ın İdarə Heyətinin sədri təyin edilib.
Ekspert Əkrəm Həsənov bu təyinata ““Unibank”ın icraçı direktoru kimdir və ya banklar niyə qanunun yanından ötür?” sualı ilə reaksiya verib.
Əkrəm Həsənov Facebook səhifəsində yazıb ki, “Banklar haqqında” Qanuna görə bankın icra orqanı idarə heyətidir. Deməli, rəhbəri də idarə heyətinin sədridir. Bəs icraçı direktor kimdir? Bank qanunvericiliyində belə vəzifə nəzərdə tutulmayıb: ““Unibank”ın saytının “Rəhbərlik” bölməsindən məlum olur ki, həmin bankda idarə heyəti ilə yanaşı icraedici komitə də mövcuddur. İdarə heyətinin tərkibinə cəmi 3 nəfər daxildir. İcraedici komitə isə 7 nəfərdən ibarətdir. İdarə heyətinin 2 üzvü (sədrdən başqa) də icraedici komitəyə daxildir. İcraedici komitəyə icraçı direktor rəhbərlik edir. Həmin şəxs idarə heyətinin üzvü deyil. Sual doğuran ilk məqam odur ki, bankın icra orqanı idarə heyətidirsə, necə ola bilər ki, onun üzvləri hansısa icraedici komitədə idarə heyətinin tərkibinə daxil olmayan şəxsə tabedir? Təsəvvür edin ki, hansısa nazirlikdə icra aparatı yaradılır, onun tərkibinə nazir müavinləri daxil edilir, amma aparatın rəhbəri nazir müavini deyil və nazir müavinlərinə rəhbərlik edir. Bu ən azı məntiqsizdir. Banka gəldikdə isə korporativ idarəetmə standartlarına uyğun deyil”.
Əkrəm Həsənov daha sonra yazır: “Əsas sual odur ki, “Unibank” niyə idarə heyəti ilə yanaşı icraedici komitə də yaradıb? Özü də idarə heyətinin 3 üzvündən ikisini də ora daxil edib, niyə? Qanunu qoyaq kənara, halbuki, qanunda icraedici komitə adlı orqan nəzərdə tutulmayıb. Sırf rahatlıq baxımdan daha yaxşı olmazdı ki, yalnız idarə heyəti olsun və tərkibinə daha çox şəxs daxil olsun? Əlbəttə, bu daha rahat olardı. Bəs onda niyə belə deyil? Mən belə başa düşdüm ki, konkret olaraq bu bankda rəhbərlikdə qohumlar da var. Ancaq “Banklar haqqında” Qanun (10.2.8-ci maddə) bunu yasaq edir. Yəqin ki, bu qadağadan da qaçmaq istəyiblər. Amma hamısı qohum deyil axı. Həm də qabaqcadan deyim ki, bu kimi hallara digər banklarda da rast gəlinir. Sadəcə başqa adlardan istifadə olunur: baş direktor və s. Bankların saytlarına daxil olaraq bunu özünüz görə bilərsiz. Yaxşı, banklar bəs niyə belə edir? Ona görə ki, bankın idarə heyətinin üzvləri Mərkəzi Bankda attestasiyadan keçməlidir. Bu, “Banklar haqqında” Qanunun tələbidir. İdarə heyətinin minimal tərkibi 3 nəfərdən ibarət olmalıdır. Buna görə də bəzi banklarımız həmin 3 nəfəri Mərkəzi Bankda attestasiyadan keçirir, sonra isə paralel və daha geniş tərkibli real icra oqranı yaradır. Başqa sözlə, Mərkəzi Bankın attestasiyasından yayınırlar. Niyə? Bankların top-menecerlərinin (inzibatçıların) müəyyən tələblərə cavab verməsi dünyada qəbul olunmuş yanaşmadır. Lakin onların attestasiyasına nadir hallarda rast gəlinir. Azərbaycan həmin “nadir”lər sırasındadır. Bu zaman attestasiyanın proseduru heç Azərbaycan standartlarına da cavab vermir. Çünki hazırda heç bir dövlət orqanı özü imtahan keçirmir və ya attestasiya aparmır. Bu səlahiyyət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edilib hər yerdə. Mənə məlum olan yeganə istisna Mərkəzi Bankdır. Attestasiyanı özü həyata keçirir. Bu azmış kimi, attestasiyada verilə bilən sualları və ya onların əhatə dairəsini də qabaqcadan bəyan etmir. Amma bu hələ harasıdır: attestasiyanı heç test üsulu ilə də keçirmir. Mərkəzi Bankın məmurlarından ibarət olan attestasiya komissiyası namizədə istənilən qədər və istənilən sualı verir. Təbii ki, bu şəkildə kimi attestasiya etsəniz, hansısa suala ən azı tam cavab verə bilməyəcək. Yəni attestasiyada “kəsilmə” qaçılmazdır. Bax, məhz buna görə də banklar attestasiyadan maksimum yayınmaq istəyirlər”.
Əkrəm Həsənov hesab edir ki, Azərbaycanın bank sistemi unikaldır. Bank filialının və hətta valyuta mübadilə şöbəsinin açılmasına da Mərkəzi Bankın icazəsi tələb olunur. Xaricdə lisenziya (icazə) banka verilir, bir dəfə. Vəssalam! Bankın hər bölməsinin fəaliyyətinə icazə nəyə lazımdır axı? Xarici qoyaq kənara. Azərbaycanın özündə hansı fəaliyyət növü üzrə filial və ya şöbə üçün icazə alınır? Məsələn, bank sektoruna yaxın olan sığorta sahəsində belə tələb yoxdur. Bankın özünə lisenziyanın verilməsi aydındır. Mərkəzi Bank onu hərtərəfli yoxlayır. Filial və ya şöbəyə niyə icazə verilir? Mərkəzi Bank bu zaman nəyi yoxlayır axı? Mərkəzi Bankın qaydalarından bəlli olur ki, yalnız kassa qovşağının təhlükəsizliyini yoxlayır. Təsəvvür edirsiniz: XXI əsrdə Mərkəzi Bank kassa qovşağını yoxlayır?! Sanki XIX əsrdəyik və bankların əsas riski kassadır. Müasir dövrdə nağd pulun saxlanmasının təhlükəsizliyi məsələsi heç ikincidərəcəli də deyil. Nağdsız hesablaşmalar, İnternet-bankçılıq və digər müasir alətlər, onlar üzrə mürəkkəb risk-menecment sistemləri kimi məsələlər qalıb kənarda, bizim Mərkəzi Bank gör nə işlə məşğul olur.
“Özünüz nəticə çıxarın: hər dəfə belə məsələlərdən ötrü Mərkəzi Bankın “qılıncının altından” keçmək banklarımız üçün necə zordur. Ona görə də “Unibank” və onun kimi digər kreativ banklar qanunun yanından ötüb keçməyə can atır. Onsuz da xərcləri çoxdur, xüsusi ilə indiki dövrdə… Yaxşı, bəs Mərkəzi Bank niyə banklardan tələb etmir ki, paralel icra orqanları yaratmasınlar və faktiki top-menecerlərini attestasiyaya göndərsinlər? Ona görə ki, dili qısadır. Mərkəzi Bankın özündə də qanuna görə idarə heyəti 7 nəfərdən ibarət olmalı olduğu halda, tərkibində cəmi 5 nəfər var. Digər iki üzv kənar şəxslər olmalıdır, amma həmin yerlər 20 ildir vakantdır. Bununla yanaşı Mərkəzi Bankda qanunda nəzərdə tutulmayan “baş direktor” vəzifəsi var. Daha doğrusu, vəzifələri, çünki bir neçə baş direktor var. İdarə heyətinin tərkibinə daxil olmayan, lakin rəhbərliyə daxil olan şəxslər. Onları Prezident və ya Milli Məclis təyin etmir. Mərkəzi Bankın sədri özü təyin edir. Halbuki, həmin şəxslər sırasında eləsi də var ki, sədr istisna olmaqla idarə heyəti üzvlərindən də geniş səlahiyyətlərə malikdir”,-Əkrəm Həsənov belə yazır.