Əkrəm Həsənov: “Mərkəzi Bank əhaliyə mənfi mesajlar verir”

“Belə çıxır ki, Mərkəzi Bankda naşı, səriştəsiz adamlar işləyir, hərəkətlərinin və ya hərəkətsizliklərinin törədə biləcəyi nəticələri hesablaya bilmirlər”

Source:

“Belə çıxır ki, Mərkəzi Bankda naşı, səriştəsiz adamlar işləyir, hərəkətlərinin və ya hərəkətsizliklərinin törədə biləcəyi nəticələri hesablaya bilmirlər”

“Avqust ayının yarıdan çoxu ötüb, amma Mərkəzi Bank hələ də iyun ayı üçün bank sektoru üzrə statistik məlumatları açıqlamayıb. Bu misli görünməyən haldır”.

Bu sözləri öz Facebook səhifəsində bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov yazıb.

“Neçə ildir ki, Mərkəzi Bank bu statistikanı ayın əvvəlində saytında yerləşdirirdi. Lakin hazırda saytda (http://www.cbar.az/infoblocks/bank_nation) yalnız may ayınadək statistika yerləşdirilib. Xatırladıram ki, həmin məlumata görə, əmanətçilər banklardan mart ayı ərzində 151, aprel ayı ərzində 64, may ayı ərzində isə 116 milyon manatdan artıq əmanət çıxarıblar. Onsuz da Mərkəzi Bankın heç bu məlumatına da tam etibar yox idi (ən azı ona görə ki, sözügedən məlumatı əldə etdikdən 3 həftə sonra dərc edirdi, başqa sözlə, ona “əl gəzdirmək” imkanına malik idi) və vəziyyətin daha da pis olduğunu düşünməyə əsas var idi. Lakin məlumatın, ümumiyyətlə, gizlədilməsi o deməkdir ki, vəziyyət olduqca ağırdır” – deyə mütəxəssis qeyd edib. Onun fikrincə, bankların bir-bir çökdüyü anda Mərkəzi Bankın nə öz qərarlarını, nə də bank sistemindəki vəziyyəti şərh etməsi, eyni zamanda statistikanın da gizlədilməsi bank sektorunun çox ağır durumda olduğundan xəbər verir: “Bu isə o deməkdir ki, banklara etibar daha da azala və əmanətlərin çıxarılması prosesi xeyli sürətlənə bilər. İstənilən bank sistemi maliyyə piramidasıdır və etimad əsasında fəaliyyət göstərir. Bu etimadın sütunu Mərkəzi Bankdır. Mərkəzi Bankın hərəkətləri və hərəkətsizlikləri, bir növ, əhaliyə mesajdır (məsələn, “qara fevral”dan bir neçə gün öncə Mərkəzi Bank “yumşaq” devalvasiya mesajı vermişdi və bəziləri bu mesajın həqiqi mənasını düz başa düşüb dollar almağa başlamışdılar, lakin əksəriyyət düz başa düşməmişdi onda) və bu etimadı artıra və azalda bilər. Statistikanın gizilədilməsi mənfi mesajdır (“qara fevral”I unutmayın!). Bununla Mərkəzi Bank sanki deyir: “Banklara etibar yoxdur, əmanətlərinizi çıxarın, sonra deməyin ki, sizi xəbərdar etməmişdilər”. Əlbəttə, ola bilər ki, mən yanılıram. Lakin bu halda belə çıxır ki, Mərkəzi Bankda naşı, səriştəsiz adamlar işləyir, hərəkətlərinin və ya hərəkətsizliklərinin törədə biləcəyi nəticələri hesablaya bilmirlər”.

Ana səhifəXəbərlərƏkrəm Həsənov: “Mərkəzi Bank əhaliyə mənfi mesajlar verir”