“Bank tam cəfəng əsasla məhkəməni uduzub və 32 619 dollar zərər ödəməlidir”
“Cəmiyyətimizdə belə rəy var ki, guya məhkəmələr həmişə bankların xeyrinə qərar verir. Dəfələrlə demişəm ki, səhv fikirdir. Hakimlərimizin mütləq əksəriyyəti savadsız və korrupsionerdir. Onlar üçün hüquq, qanun meyar olmadığı kimi taleyini həll etdiyi şəxsin də kimliyi əhəmiyyətli deyil. Buna görə də, bankların və digər maliyyə qurumlarının əleyhinə olan məhkəmə qərarları az deyil. Sadəcə əksər hallarda onlar gizlədilir, halbuki, bütün məhkəmə qərarları dərc edilməlidir”.
Bu sözləri bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov öz “Facebook” səhifəsində yazıb.
Mütəxəssis deyir ki, bu cür qərarlar, bir qayda olaraq, mübahisə predmetinin iri məbləğ olduğu hallara təsadüf edir. Yəni hakimi maraqlandırmaq üçün müəyyən baza, əsas olmalıdır. Banklara qarşı olan belə qərarlar bəzən qanuni, bəzən isə qanunsuz olur.
“Hər bir halda bütün tərəflər (işi udmuş vəkillər daxil olmaqla!) belə qərarlar haqda susmaq, onun barəsində ictimaiyyətə məlumat verməməkdə maraqlı olur. Hətta məğlub olmuş bank da susur, çünki digər müştərilərinin də belə qərardan presedent kimi yararlanmasından qorxur” – deyir hüquqşünas.
Əkrəm Həsənovun sözlərinə görə, bəzən belə qərarlar üzə çıxır: “Məsələn, ötən il “Qafqaz Lizinq” ASC məhkəmədə biabırçı qərarla məğlub olmuşdu. Ali Məhkəmə də daxil olmaqla bütün məhkəmələr hesab etmişdi ki, borclunun vəfatı üçüncü şəxsin qoyduğu girovun azad edilməsi üçün əsasdır. Həmin qərarı bu ilin aprelində mən dərc etmişdim və bundan sonra ondan presedent kimi bankların əleyhinə istifadə olunur.
Bu il iyulun 28-də isə Ali Məhkəmənin növbəti biabırçı
qərarı
ilə “Kapital Bank” müştərisinə məğlub olub. İşin xülasəsi belədir: Müştərinin bank hesabına 19 fevral 2015-ci il tarixində 104 065 manat vəsait daxil olur. 21 fevral şənbə olsa da, (xatırladıram ki, həmin gün manatın ilk devalvasiyası baş vermişdi) qısa iş günü elan olunub və müştəri pulunu çıxarmaq istəyir (əslində, bank, ümumiyyətlə, deyir ki, müştəri ayın 21-i banka heç gəlməyib, amma bu əhəmiyyətli deyil, tutaq ki, lap gəlib). Bank deyir ki, şənbə günü bu cür ödənişləri etmir, bazar ertəsi, yəni 23 fevralda gəl, verim. Ayın 23-də bank pulu müştəriyə verir. Amma müştəri məhkəməyə müraciət edib guya devalvasiya nəticəsində ona dəymiş zərəri (32 619 dollar) bankdan tələb edir. Bunu onunla əsaslandırır ki, devalvasiya haqqında qərar 21 fevral saat 11.26-da elan olunmuşdu və bank pulu ona həmin gün versəydi, 0,78 manat məzənnəsi ilə dollar ala bilərdi, amma ayın 23-də pulu alandan sonra 1,05 məzənnəsi ilə dollar alaraq zərərə məruz qalıb. Məsələnin faktiki tərəfi öz yerində: hamı bilir ki, fevralın 21-dən əvvəl də artıq neçə gün idi ki, dollar tapmaq mümkün deyildi. Burada məsələnin dərin hüquqi aspektlərinə (məsələn, ehtimal edilən valyuta əməliyyatı niyə zərərin mövcudluğuna əsasdır və s. və i.a.) toxunmaq istəmirəm. Ən əsası budur ki, Mərkəzi Bankın qərarı ilə devalvasiya saata deyil, günə bağlı olub, yəni fevralın 21-ə. Deməli, hər bir halda müştəri dolları ayın 21-də artıq yalnız yeni məzənnə ilə ala bilərdi. Bunu başa düşmək üçün hüquqşünas olmaq lazım deyil. Buna baxmayaraq, Ali Məhkəmənin qərarı ilə “Kapital Bank”ın üzərinə 32 619 dollar zərərin ödənilməsi qoyulub. Halbuki, Kapital Bank hesabdakı vəsaiti müştəriyə vaxtında ödəməyibsə belə, uzaqbaşı Mülki Məcəllənin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamağa görə müştəriyə uçot dərəcəsi ilə cərimə faizi ödəməli idi. Həmin tarixdə uçot dərəcəsi illik 3,5 faiz idi. Bir günlük gecikməyə görə cəmi 10 manat təşkil edirdi. 10 manat hara, 32 619 dollar hara!
Fikir verin, söhbət hansısa ikincidərəcəli bankdan getmir. Söhbət ölkənin ən nüfuzlu və kifayət qədər dəstəyi olan “Paşa Holdinq”in tərkibinə daxil olan “Kapital Bank”dan gedir. Belə bir bank tam cəfəng əsasla məhkəməni uduzub və 32 619 dollar zərər ödəməlidir. Bundan sonra kim yenə deyəcək ki, bankları məhkəmədə udmaq mümkün deyil? Mümkündür, özü də istənilən bankı, təki resursun olsun!”
Hüquqşünas diqqəti hazırda məhkəmələri gedən imkanlı şəxslərə çəkir:
“Məhkəmələrdə isə hazırda milyonlarla borcu olan sahibkarların işinə baxılır. “Kapital Bank”ın aqibətini bilərək, sizcə, belə iri məbləğlər üzrə işdə kimin resursu daha çoxdur: bankın, yoxsa sahibkarın?! Odur ki, əminliyiniz olsun: banklar da məğlub olur, həmçinin tam qanunsuz əsaslarla da. Düzdür, əsasən iri işlərdə. Təbii, kiçik işlərdə də bəzən obyektiv qərarlar olur (vicdanlı və yarımvicdanlı hakimlərimiz də var). Məsələn, bir az əvvəl Antikollektor bir işi belə udub, qərarı alandan sonra dərc edəcəyik. Buna görə də həmişə deyirəm ki, kiçik borclular da banklara qarşı kütləvi və uzun müddətli məhkəmə çəkişmələrinə başlasa (təbii, yalnız qanuni əsaslarla), bankların belə işləri aparmağa resursu çatmayacaq və güzəştə gedəcəklər. Resurs yoxdursa, banklar məğlubiyyətə məhkumdur, xüsusilə 100 faiz müştərinin haqlı olduğu işlərdə”.