”Nədənsə əmanətlərin qaytarılmasının dayandırılması haqda qərar var, bankı pis günə qoymuş sahiblərinin hüquqlarının əllərindən alınması haqda qərar isə yoxdur”
Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank Standard”ın sağlamlaşdırılması məqsədilə plan hazırlayacaq. Fins.az-ın məlumatına görə, Palatanın rəhbəri Rüfət Aslanlı bildirib ki, bankda olan likvidlik probleminin həlli üçün ona ani dəstək göstərilib. Ümumilikdə isə bankın sağlamlışdırılması proqramı hazırlanır: “Bu proqramın nəticəsinə görə, bank bütün parametrlərinə görə, tam dayanıqlı maliyyə institutuna, banka çevriləcək. Proqrama görə sağlamlaşdırma planı 3 aydan qat-qat tez hazır olmalıdır ki, biz dərhal onun reallaşdırılmasına başlayaq və onun sonunda artıq biz müvəqqəti inzibatçı olaraq sağlam bankdan çıxaq”.
Qeyri-sağlam yanaşma ilə sağlamlaşdırma ola bilməz.
Bankın sağlamlışdırılması proqramı hazırlanır… sağlamlaşdırma planı 3 aydan qat-qat tez hazır olmalıdır…” kimi yanaşma qanuna ziddir!“ – bunu isə hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov öz Facebook səhifəsində R.Aslanlının fikirlərinə münasibət bildirərkən deyib. Hüquqşünasın sözlərinə görə, “Banklar haqqında” Qanunun 57.3-cü maddəsinə əsasən bankın sağlamlaşdırılması prosesi elə Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş tədbirlər planı ilə başlanmalı idi: „Müvəqqəti inzibatçının təyinatı, əmanətlərin qaytarlmaması (moratorium) haqda məhkəmə qərarı və s. bundan sonra olmalı idi. „Bank Standard“la bağlı isə tam tərsinə oldu. Hər şeyi ediblər, əmanətləri artıq qaytarmırlar və deyirlər ki, planı hazırlayırıq. Plan yoxdursa, deməli, heç Nazirlər Kabinetinin sağlamlaşdırma haqda qərarı da yoxdur. Qərar yoxdursa, deməli, sağlamlaşdırma prosesi, müvəqətti inzibatçının təyinatı (yeri gəlmişkən, kimdir bu şəxs?), əmanətlərin qaytarılmasına moratorium və s. qanunsuzdur! Sağlamlaşdırma qanunsuz yolla aparıla bilməz!“
Əkrəm Həsənov deyir ki, əmanətlərin qaytarılması üzrə 1 aylıq moratorium üzrə məhkəmə qərarı da dərc olunmayıb: „Hanı həmin qərar? Nəyə əsaslanıb? Məhkəmə mütləq Nazirlər Kabinetinin qərarına və tədbirlər planına əsaslanmalı idi.
“Banklar haqqında” Qanunun 57.5.2-ci maddəsinə əsasən məhkəmə səhmdarların səhmlər üzərində mülkiyyət hüquqlarının tam və ya qismən itirilməsi haqda da qərar qəbul edə bilərdi. Amma nədənsə əmanətlərin qaytarılmasının dayandırılması haqda qərar var, bankı pis günə qoymuş sahiblərinin hüquqlarının əllərindən alınması haqda qərar isə yoxdur.
Belə bir şəraitdə təsadüfi deyil ki, bir çoxu „Bank Standard“ın “sağlamlaşdırılması” əməliyyatını sadəcə əmanətləri qaytarmamaq (yaxud qaytarılmasını uzatmaq) üçün bir fənd hesab edir. Çünki bank ləğv edilsəydi, Əmanətlərin Sığortalanması Fondu əmanətləri qaytarmalı olacaqdı. İndi isə əmanətləri ən azı 1 ay da qaytarılmayacaq, sonrası necə olacaq, Allah bilir. Yəni itirən yalnız əmanətçilərdir. Nə bankın sahibləri və rəhbərləri, nə də Mərkəzi Bankın məsul şəxsləri heç nə itirmir. Halbuki, bankı bu günə qoyan onlardır. Üstəlik bütün proses qanuna zidd şəkildə həyata keçirilir. Bu yolla bank sisteminə etimad bərpa olunmayacaq, əksinə olacaq…”