Əkrəm Həsənov: “Hakimi bankla kredit öhdəliyi bağlayır”

Hüquqşünas bankla məhkəmə çəkişməsində hakimə etiraz edib

Source:


Hüquqşünas bankla məhkəmə çəkişməsində hakimə etiraz edib

Oktyabrın 12-də Yasamal rayon Məhkəməsində hakim Zəfər Quliyevin sədrliyi ilə “Nikoil Bank”ın banklar  üzrə ekspert, hüquqşünas Əkrəm Həsənova qarşı iddiasına baxılıb.

Proseslə bağlı öz Facebook səhifəsində məlumat verən Əkrəm Həsənovun yazdığına görə, proses başlayan kimi “Nikoil Bank”ın nümayəndəsinə hakimlə qohumluq əlaqələrinin olduğunu deyib. Lakin bankın nümayəndəsi bu fakta etiraz etməyib və prosesin Zəfər Quliyev tərəfindən aparılmasını istəyib. Ancaq Əkrəm Həsənov hakimə etiraz edib: “Dedim ki, “Nikoil”in hakimə etiraz etməməsi mənim hakimə etiraz etməyim üçün əsasımı daha da ciddiləşdirir. Belə ki, məlum olduğu kimi, iddia predmeti olan Facebookdakı yazımı 15-dən çox KİV dərc etmişdi. Amma iddiada mənimlə bərabər cavabdeh qismində yalnız Aznews.az portalı göstərilib. Məhz onun ünvanı üzrə də iddia Yasamal rayon Məhkəməsinə verilib. Mənim ünvanım üzrə verilsəydi, işə Xətai rayon Məhkəməsi baxmalı olacaqdı. “Nikoil” niyə belə edib?

Məlum olduğu kimi, hələ avqust ayında “Nikoil” mənə məktub yazaraq təkzib verməyimi xahiş etmişdi. Həmin məktubu bankın İdarə Heyəti sədrinin hüquqi məsələlər üzrə müşaviri Ayxan Rüstəmzadə imzalamışdı. Yəni məsələ ilə əlaqədar bankın məsul şəxsi məhz odur. Həmin Rüstəmzadə hakim Zəfər Quliyevin yaxın dostudur. 2012-ci ilədək Rüstəmzadə məhkəmə sistemində çalışıb. 2012-ci ildən isə “Nikoil”a keçib.

Məhz 2012-ci ildə də (Rüstəmzadənin köməyi ilə?) hakim Zəfər Quliyev “Nikoil”dan 25 il müddətinə 50000 manat məbləğində ipoteka krediti götürərək Bakı şəhəri, Gəncə prospekti, ev 73-də 47 nömrəli mənzili almışdır. Başqa sözlə, hakim borclu olduğu “Nikoil”dan asılı vəziyyətdədir. Ən azı ona görə ki, “Nikoil”un kredit üzrə ona edilmiş və (və ya) ediləcək güzəştlərində (məsələn, faiz dərəcəsi və s.) maraqlıdır. Hakimin maaşı yüksək deyil, himayəsində isə həyat yoldaşı və iki uşağı var, üstəgəl valideynlərinə də kömək edir. Beləliklə, hakimi “Nikoil”la şəxsi dostluq və kredit öhdəliyi bağlayır. Məhz buna görə də iş ona gəlib düşüb və “Nikoil”i heç mənim hakimlə qohumluq əlaqəm də narahat etmir”.

Hüquqşünas yazır ki, Mülki Prosessual Məcəllənin 19-cü maddəsinə görə hakimin obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, ona etiraz edilə bilər: “Bildirdim ki, bu halda hakim, ümumiyyətlə, özü-özünə etiraz etməyə borcludur. Lakin hakim bunu etməyib. Buna görə də mən hakimə etiraz edirəm!

Çıxışımdan sonra hakim özünü o qədər itirmişdi ki, heç məndən dediyimə dair sübut da istəmədi, halbuki, qanuna görə istəməli idi. Başını qaldırmadan həm “Nikoil” qarşısında kreditinin olduğunu, həm də Rüstəmzadə ilə dost olduğunu etiraf etdi. Lakin dedi ki, bunların heç biri o demək deyil ki, o, obyektiv deyil və qərəzlidir. Dedi ki, “AGBank”a da krediti var, habelə digər banklarda da dostu var. Onu da dedi ki, 2-3 aya krediti bağlayacaq (görəsən, hakim maaşı ilə 22 illik borcu 2-3 aya necə ödəyəcək?).

Sonra “Nikoil”un nümayəndəsi yerində oturaraq söz aldı ki, “Möhətərəm hakim qərəzli deyil…” Mən sözünü kəsdim ki, hakimə “möhtərəm” deyirsənsə, ayağa qalx danış. Bundan sonra hakim də tələb etdi ki, nümayəndə ayağa qalxsın. Nümayəndə ayağa qalxaraq dedi ki, bankdan kredit almaq istənilən şəxsin hüququdur və bu, o demək deyil ki, kredit alan hakim işə baxa bilməz.

Mən sonda yenə söz alaraq hər ikisinə cavab verdim. Əvvəla, dedim ki, birinin digərinə borcu varsa, ondan necə obyektivlik gözləmək olar?! Bu faktın özü qanunla nəzərdə tutulan hala aid deyilsə, onda daha nə aiddir?! 40-dan çox bank var. Hakim hamısından kredit almır ki. Kredit aldığı bankların işinə baxmasın. Həm də  ipoteka krediti almaq elə də asan iş deyil, amma bu hakim ala bilib. Baxılan işə gəldikdə isə burada faktlar kompleksidir ümumiyyətlə. “Nikoil”un iş üzrə məsul şəxsi hakimin yaxın dostudur, banka krediti var, üstəlik Xətai rayon Məhkəməsinin baxmalı olan iş məqsədli şəkildə Yasamala və məhz bu hakimə düşüb. Bundan da ciddi əsas nə ola bilər?! Xətai məhkəməsi evimin yanında ola-ola məni Əhmədlidən Badamdara gətizdiriblər. Yaxşı ki, Facebooku məhkəməyə verməyiblər – xaricə getməli olardım onda.

Hakim bildirdi ki, iclas etirazıma baxılması üçün təxirə salınır. Etiraza Yasamal rayon  Məhkəməsinin sədri baxacaq. Özünü tamamilə itirmiş hakim növbəti iclası “27 sentyabr” tarixinə təyin etdi. Mən dedim ki, “Sentyabr qurtarıb axı!” Hakim səhvini düzəltdi ki, “27 oktyabr””.

Əkrəm Həsənov prosesin 15 gün müddətinə təxirə salınmasının da səbəbini göstərib: “Səbəb odur ki, 26 oktyabr tarixində hakimin 5 illik səlahiyyət müddəti bitir. Başqa sözlə, həmin tarixədək yenidən təyin olunmalıdır. Buna görə də onadək qalmaqalın olmasını, adının hallanmasını istəmir ki, birdən nəticədə təyin olunmasına mane olar.

Amma artıq nəyi isə gizlətmək mümkün deyil. “Nikoil” mənimlə olan prosesə bitərəf hakimin baxmasından qorxur. Çünki haqsızdır! Buna görə ilkin olaraq, futbol dili ilə desək, rəqibin 12-ci oyunçusunu meydandan çıxarmaqla məşğul olacağam. Söz vermişdim ki, bu prosesdə “Nikoil”un rəhbərliyinə əyani pulsuz dərslər verəcəyəm. Bu, onlara ilk dərsim oldu! Ardı da olacaq!

Onu da deyim ki, digər cavabdeh Aznews.az portalı iclasda yox idi. İclasda bir nəfər də iştirak edirdi – Bank VTB-nin hüquqşünası. Xatırladıram ki, məlum yazımda VTB-nin də adını çəkmişdim. Buna görə də bu bankın iclası müşahidə etməsi gözlənilən idi. Yəqin, indi şükür edəcəklər ki, onlar da məni məhkəməyə verməyiblər. Qoy “Nikoil”un aqibəti digər banklara da dərs olsun!”

Meydan TV məsələ ilə bağlı “Nikoil Bank”dan münasibət öyrənə bilməyib. Bankın hüquqşünasları bu barədə açıqlama vermək istəməyiblər.

Ana səhifəXəbərlərƏkrəm Həsənov: “Hakimi bankla kredit öhdəliyi bağlayır”