Əkrəm Həsənov: Fərhad Abdullayevin açıqlaması hansısa işlərin anonsudur

”Əgər Fərhad Abdullayevi bu cür məsələlər narahat edirsə, birinci öz məhkəməsinə baxsın”

Source:


”Əgər Fərhad Abdullayevi bu cür məsələlər narahat edirsə, birinci öz məhkəməsinə baxsın”

“Bank sahəsi ilə bağlı həm məhkəmələrin, həm də Ombudsmanın müraciətləri var. Bu gün bank sahəsində bir sıra ziddiyyətli məsələlər var. Biz artıq bir neçə işə baxıb, qərar qəbul etmişik. Hazırda icraatda olan işlər var. Güman ki, bu məsələlərə aydınlıq gətirəcəyik”.

APA-nın məlumatına görə, bu sözləri Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib. O, müraciətlərin əsasən mülkiyyət hüququ, sosial, vergi məsələləri ilə bağlı olduğunu bildirib.

Konstitusiya Məhkəməsinin sədri xüsusilə mülkiyyət məsələləri ilə bağlı müraciətlərin çoxluq təşkil etdiyini deyib.

F. Abdullayev qeyd edib ki, Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid olan məsələlərlə bağlı hər kəs – hüquqi və fiziki şəxslər müraciət edə bilərlər:

“Müraciətlər 2004-cü ilin yanvar ayından davam edir. Deyərdim ki, müraciətlərin sayı son illər stabil qalır. Ola bilsin, müraciətlərdə bir balaca artım var. Müraciətlər bir neçə mərhələ keçir. Əvvəl Konstitusiya Məhkəməsinin aparatında yoxlanılır. Hansı müraciətlərin ki, bizə aidiyyəti var, onlar Konstitusiya Məhkəməsinin palatalarında öyrənilir. Konstitusiya Məhkəməsinə hər cür normativ hüquqi aktlardan, yəni icra, qanunvericilik, bələdiyyə, məhkəmə aktlarından şikayət verilə bilər. Lakin bunun da müəyyən şərtləri var. Qanunda nəzərdə tutulub ki, bütün müdafiə vasitələri tükəndikdən sonra Konstitusiya Məhkəməsinə şikayət verilə bilər”.

Konstitusiya Məhkəməsinin sədrinin dediklərini Meydan TV-yə şərh edən bank sahəsi üzrə hüquqşünas Əkrəm Həsənov bildirib ki, Fərhad Abdullayev konkret danışmadığından yalnız ehtimallar əsasında şərh vermək olar:

“Güman ki, ombudsman və vətəndaşlar məhkəmələrin qərarlarından Konstitusiya Məhkəməsinə şikayət edirlər, şikayətçilər arasında banklar da var. Ziddiyyətə gəlincə, həm qanunvericiliyin özündə olan ziddiyyət, həm də məhkəmələrin çıxardığı qərarlardan söhbət gedir. Hamı eyni hakimlərin eyni şikayətlər üzrə fərqli qərarlar çıxardığını bilir. Azərbaycanda bu cür qərarlar çox olub, yəqin ki, Fərhad Abdullayev də bu halları deyir. Məsələ ondadır ki, qanunvericiliklə bərabər hakimlərin də başında və bəzən vicdanında da boşluqlar olur. Ona görə belə hallara yol verirlər. Hətta bir neçə ay əvvəl birinci instansiya, daha sonra apelyasiya və Ali Məhkəmə “Kapitalbank”ın əleyhinə, vətəndaşınsa xeyrinə tam ədalətsiz və cəfəng qərar vermidi. Bəzi hüquqşünaslar bunu bankın uduzması kimi qələmə verməyə çalışırdılar, halbuki, qərar ədalətsiz idi. Əksər hallarda məhkəmələr bankların lehinə ədalətsiz və qanunsuz qərar çıxardırlar”.

Əkrəm Həsənov

Əkrəm Həsənov xatırladıb ki, 2015-ci ilin mayın 14-də Konstitusiya Məhkəməsi valyutada verilən kreditlər üzrə ədalətsiz və ziddiyyətli qərar verdi:

“Əgər Fərhad Abdullayevi bu cür məsələlər narahat edirsə, birinci öz məhkəməsinə baxsın. Yəni bu problemin əsasını özü qoyub. Digər məhkəmələr də həmin yolla da gedir. Sadəcə, ümumilikdə Konstitusiya Məhkəməsinin sədri belə şeylər haqda danışır. Güman ki,  Fərhad Abdullayevin açıqlaması hansısa işlərin anonsudur. Bütün hallarda bankların da əleyhinə olan ədalətsiz qərarlar gündəmə gətirilməli və aradan qaldırılmalıdır. Amma vətəndaşların bank işlərilə bağlı müraciətləri daha çoxdur. Ümid edirəm ki, Fərhad Abdullayev ziddiyyətlər deyəndə, əhalinin əleyhinə olanları da nəzərdə tutur”.

Ana səhifəXəbərlərƏkrəm Həsənov: Fərhad Abdullayevin açıqlaması hansısa işlərin anonsudur