Əkrəm Həsənov: Banklardan qorxmayın

“Bankların sizə sırıdıqları kredit müqavilələrində çoxlu sayda qanun pozuntusu var”

Source:


“Bankların sizə sırıdıqları kredit müqavilələrində çoxlu sayda qanun pozuntusu var”

“Konstitusiya Məhkəməsi məlum son qərarında banklara tapşırıb ki, maliyyə imkanları daxilində xarici valyutada kredit götürən vətəndaşlarımıza güzəştlər (faizdə, müddətdə və s.) etsinlər. Təbii, banklarımız qanunlara riayət etmədikləri kimi, məhkəmənin qərarını da icra etmirlər. Əksinə, haqqını tələb edən vətəndaşlara hədə-qorxu gəlirlər. Ən yaxşı halda ağlayırlar ki, maliyyə imkanları pisdir, buna görə də guya güzəşt edə bilməzlər”.

Bu sözləri hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov öz Facebook səhifəsində yazıb. Əkrəm Həsənov deyir ki, əslində, maliyyə vəziyyətinin qənaətbəxş olmadığını bank sübut etməlidir. Maliyyə göstəricilərini açıqlamalı və onlara istinadən sübut etməlidir ki, güzəştə gedə bilməz, çünki əks halda müflis olar:

“Əlbəttə, bankın maliyyə vəziyyəti bir neçə amildən asılıdır. Amma sadələşdirsək, ən azı bir amil həlledicidir – bölüşdürülməmiş xalis mənfəət. Bu, bankın səhmdarlarına çatası məbləğdir. Deməli, bank bu məbləğdən məhrum olsa belə, fəaliyyəti üçün heç bir təhlükə olmayacaq.

Buna görə də borclu bankın sözügedən göstəricisini bilməli və ona istinad edərək, güzəşt tələb etməlidir. Vətəndaş bu göstəricini haradan öyrənə bilər?”

Hüquqşünas deyir ki, Mərkəzi Bankın “Banklarda korporativ idarəetmə standartları”nın 14-cü bəndində bankların internet səhifəsində açıqlamalı olduqları məlumatların geniş siyahısı var (bank binalarında bu barədə elan da yerləşdirilməlidir). Bu siyahıya rüblük maliyyə hesabatları da daxildir. Həmin hesabatda bölüşdürülməmiş xalis mənfəəti də təsbit edilir: “Deməli, banklar cari ilin birinci rübü üzrə hesabatlarını internet səhifələrində yerləşdirməli idilər. Bunu ediblərmi?

Əksər banklar bunu etməyib. Onların adlarını qeyd edirəm ki, Mərkəzi Bankın da xəbəri olsun və ölçü götürsün (hər halda mən bu məlumatı görmədim, səhvim varsa, həmin banklar buyurub açıqlama versinlər): AGBank, Amrahbank, AtaBank, Atrabank, Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan Sənaye Bankı, AzərTürkBank, Bank Avrasiya, Bank of Azerbaijan, Bank BTB, Bank Respublika, Bank Standard, Caspian Development Bank, DekaBank, Dəmirbank, Evrobank, Gəncəbank, Günaybank, XalqBank, KapitalBank, KredoBank, Muğanbank, Naxçıvanbank, Nikoil Bank, Pakistan Milli Bankı Bakı filialı, ParaBank, Rabitəbank, Bank Technique, YapiKrediBank, United Credit Bank, Zaminbank.

Adıgedən bankların bu pozuntusu borcluların güzəşt tələb etmək hüququnu daha da möhkəmləndirir. Çünki bu fakt əvvəla bankın qanuna zidd fəaliyyətini sübut edir, digər tərəfdən isə nəyi isə gizlətməsindən xəbər verir.

Yeri gəlmişkən, əmanətçilər də bu siyahıya diqqət yetirsin. Özü haqda məlumatı gizlədən banka nə dərəcədə etibar etmək olar? Düşünsünlər!

Qalan banklar (yeni açılmış Ziraat Bank Azərbaycan istisna olmaqla) sözügedən məlumatı açıqlayıblar. Onlardan yalnız ikisi zərərlə işlədiyini bəyan edib: Azərbaycan Kredit Bankı (6 mln. manatdan çox) və Bank Melli İran Bakı filialı (336 min maantdan çox).

Qalanlarının isə bölüşdürülməmiş xalis mənfəəti (rəqəmlər milyon manatla göstərilib) aşağıdakı kimidir: Accessbank – 58-dən çox, Unibank – 55-dən çox, Bank of Baku – 53-dən çox, Expressbank – 16-dan çox, Bank VTB (Azərbaycan) – 13-ə yaxın, PaşaBank – 9-dan çox, AFB Bank – 6-dan çox, Turanbank – 4-ə yaxın, NBC Bank – 3-dən çox, Bank Silk Way – 2-dən çox, Qafqaz İnkişaf Bankı – 2-yə yaxın”.

Əkrəm Həsənovun sözlərinə görə, bu banklar, yuxarıda sadalananlardan fərqli olaraq, ən azı şəffaf olduqlarına görə hörmətə layiqdirlər: “Buna görə də onlara da tövsiyəm var. Hesabatlarına əsaslanaraq güzəşt edə bildikləri rəqəmləri rəsmi bəyan etsinlər və prosesə başlasınlar. Bu, həm onlar, həm də borclu vətəndaşlar üçün yaxşı olar.

Borclu vətəndaşlara isə tövsiyəm dəyişməzdir: haqqınızı tələb edin, banklardan güzəşt tələb edin, xeyrinizə olmayan heç nəyə imza etməyin, banklardan qorxmayın, müdafiə olunmayın, əksinə, hücuma keçin! Özünüz görürsünüz ki, bankların maliyyə vəziyyəti dedikləri qədər pis deyil. Güzəştə gedə bilərlər. Həm də unutmayın, bankların sizə sırıdıqları kredit müqavilələrində çoxlu sayda qanun pozuntusu var. Buna görə də məhkəmə proseslərindən qorxmayın. Qoy banklar sizdən və məhkəmədən qorxsunlar. İnanın ki, qorxurlar da!”

Mərkəzi Bankdan ekspertin iradları ilə bağlı Meydan TV-yə açıqlama vermək istəməyiblər.

Ana səhifəXəbərlərƏkrəm Həsənov: Banklardan qorxmayın