Bundan əlavə ictimai nəqliyyatda onun fotosu, videosu və səsini ehtiva edən materialların istifadəsinə qadağa qoyulub
İstanbul Cumhuriyyət Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində həbs olunan keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlunun olduğu afişa və plakatları qadağan edib. Polisə afişaların yığılması və lazımi tədbirlərin görülməsi tapşırılıb.
Baş Prokurorluğun apardığı araşdırmada korrupsiya ittihamı ilə həbs edilən və vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu da daxil olmaqla, bəzi bələdiyyə sədrləri haqqında İstanbul üzrə propaqanda və qanunazidd mitinq və yürüşlərə çağıran afişa və plakatların asıldığı müəyyən edilib.
Aşkarlanmadan sonra Baş Prokurorluq İstanbul Polis İdarəsinə məktub göndərib.
Məktubda İmamoğlunun fotosu, videosu və səsini ehtiva edən materialların metro, avtobus və dəniz nəqliyyatında istifadəsinə qadağa qoyulduğu bildirilib.
Məktubda həmin afişa və plakatların yığılaraq lazımi tədbirlərin görülməsi tələb olunub.
İmamoğlunun həbsindən sonra metrolarda onun səsindən anons yayımlanıb.
Anonsda “Bu savaşı qazanacağam, Allah şahiddir, hodri meydan!” sözləri yer alıb.
Əkrəm İmamoğlu bu il martın 19-da həbs olunub.
Ona qarşı ittihamlar arasında cinayətkar təşkilata rəhbərlik və üzvlük, hədə-qorxu ilə tələb etmə, rüşvət alma, şəxsi məlumatların qanunsuz əldə edilməsi və tenderin nəticələrinin saxtalaşdırılması daxildir.
İstanbul Baş Prokurorluğu həm də iddia edir ki, İstanbul bələdiyyə sədri bir çox başqa şəxslərlə birgə iş adamlarından məcburi pullar almaqla haqsız qazanc əldə edib və cinayət fəaliyyətindən əldə edilən vəsaitləri yuyublar.
Əkrəm İmamoğlu 2027-ci ildə Türkiyədə keçiriləcək prezident seçkilərində müxalifətin əsas namizədi və Prezident Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi hesab olunurdu.
Martın 24-də o, növbəti prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə rəsmi namizədi elan edilib.