İttiham aktında “zərərçəkmiş” kimi Respublika Baş prokuroru Akın Gürlek göstərilib
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna qarşı 2 il 8 aydan 7 il 4 aya qədər həbs cəzasını tələb edən ittiham aktının hazırlandığı bildirilir.
İstanbul Baş Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən hazırlanan iddianamədə “zərərçəkmiş” kimi Respublika Baş prokuroru Akın Gürlek göstərilib.
Bildirilib ki, İmamoğlunun ictimaiyyət qarşısında işlətdiyi ifadələr vəzifəsini yerinə yetirən zərərçəkmiş Akın Gürleki alçaltmaq məqsədi daşıyır.
Bu səbəblə Əkrəm İmamoğluna “vəzifəsinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək”, “hədələmək” və “terrorla mübarizədə iştirak etmiş insanları hədəfə almaq” ittihamları elan olunub, 2 il 8 aydan 7 il 4 aya qədər həbsi istənilib.
Prokurorluq həmçinin Əkrəm İmamoğlunun siyasi fəaliyyətinin yasaqlanması tələbə ilə də çıxış edib.
İddianamədə Türkiyə Cinayət Məcəlləsinin 53-cü maddəsinin birinci bəndinə istinad edilərək, İmamoğlunun siyasi fəaliyyətinin qadağası istənilib.
İttiham aktı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Əkrəm İmamoğlu 2025-ci il yanvarın 20-də Ölkə Siyasətləri Vəqfi tərəfindən təşkil edilən Müasir Hüquq və Məhkəmənin Siyasiləşdirilməsi Panelindəki çıxışında Cümhuriyyət Xalq Partiyasının (CHP) Gənclik Qolunun sədri Cem Aydının həbsinə münasibət bildirib:
“Guya ifadə verməyə çağırırsan, 7-8 polislə evinə basqın edirsən. Sənin məqsədin insanları qorxutmaqdır. Baş prokuror, sənə deyirəm. Sənə heç bir faydamız olmaz, sənin zehnin çürüyüb. Biz hətta sənin də övladlarını xilas etmək üçün səni idarə edən ağlı bu millətin zehnindən söküb atacağıq. Söküb atacağıq ki, sənin uşaqlarının evinə kimsə basqın etməsin. Bununla hətta sənin də yuvana, uşaqlarına hüzur təmin etmiş olaq”.
Cem Aydına barəsində sosial media hesabında paylaşdığı postla bağlı “dövlət məmurunu təhqir etmək” və “terrorla mübarizə aparan insanları hədəfə almaq” cinayətlərinə görə istintaq başladılıb.
İddia olunur ki, o İstanbul Baş prokuroru Akın Gürleki təhqir edib.
Cem Aydın prokurorluğa verdiyi ifadəsində, postunun cinayət tərkibli olmadığını deyib.