Əkrəm İmamoğlu üçün 2000 ildən çox həbs cəzası tələb edilir

Source: Meydan TV

Türkiyədə prokurorlar İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) hazırda həbsdə olan keçmiş sədri, Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlu üçün 2000 ildən çox həbs cəzası tələb ediblər. Bu barədə çərşənbə axşamı açıqlanan məhkəmə sənədlərində məlumat verilib.

Təxminən 4000 səhifəlik ittiham aktında Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi bir sıra ağır cinayətlərdə — cinayət təşkilatı yaratmaq, rüşvət, mənimsəmə, çirkli pulların yuyulması, hədə qorxu yolu ilə pul tələb etmə və tender saxtakarlığında ittiham olunur.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 2025-ci martın 19-da saxlanılıb. 

Martın 23-də “cinayət təşkilatı qurmaq və idarə etmək”, “rüşvət almaq”, “tender saxtakarlığı”, “şəxsi məlumatları qanunsuz yazmaq” kimi maliyyə cinayətləri ilə bağlı ittihamlar və “silahlı terror təşkilatına yardım” iddiaları ilə həbs olunub.

Müxalifət və beynəlxalq media qurumları bildirirlər ki, İmamoğlunun həbsi siyasi xarakterlidir. Onların fikrincə, hökumət Əkrəm İmamoğlunu Rəcəb Tayyib Ərdoğanın prezidentlik uğrunda ən güclü rəqibi kimi gördüyü üçün onu siyasi səhnədən uzaqlaşdırmağa çalışır.

Dövlətə məxsus Anadolu Agentliyinin məlumatına görə, bu ittihamlar populyar müxalifət lideri üçün 2430 ilədək həbs cəzası ilə nəticələnə bilər.

İttiham aktında 19 martda həbs edilən İmamoğlu “Türkiyədə geniş yayılmış cinayət şəbəkəsini manipulyasiya edən bir ahtapota” bənzədilir.

Türkiyənin əsas müxalifət partiyası CHP bəyan edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan və hakim Ədalət və İnkişaf Partiyası (AKP) partiyanı və onun rəhbərliyini hədəf alır. Partiya bildirir ki, bu addım 2024-cü il yerli seçkilərində müxalifətin qazandığı uğurlara cavab olaraq atılıb.

Ana səhifəDünyaƏkrəm İmamoğlu üçün 2000 ildən çox həbs cəzası tələb edilir