Həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) hazırda həbsdə olan keçmiş sədri, Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğluna qarşı “casusluq” ittihamı irəli sürülüb və yeni təhqiqat başlanıb.
İmamoğlunun seçki kampaniyasının direktoru Necati Özkan və jurnalist Mərdan Yanardağ da eyni iş üzrə istintaqa cəlb olunub.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 2025-ci martın 19-da saxlanılıb.
Martın 23-də “cinayət təşkilatı qurmaq və idarə etmək”, “rüşvət almaq”, “tender saxtakarlığı”, “şəxsi məlumatları qanunsuz yazmaq” kimi maliyyə cinayətləri ilə bağlı ittihamlar və “silahlı terror təşkilatına yardım” iddiaları ilə həbs olunub.
Müxalifət və beynəlxalq media qurumları bildirirlər ki, İmamoğlunun həbsi siyasi xarakterlidir. Onların fikrincə, hökumət Əkrəm İmamoğlunu Rəcəb Tayyib Ərdoğanın prezidentlik uğrunda ən güclü rəqibi kimi gördüyü üçün onu siyasi səhnədən uzaqlaşdırmağa çalışır.
İstanbul Baş Prokurorluğunun açıqlamasına görə, istintaq Terror Cinayətlərinə qarşı Mübarizə Bürosu tərəfindən aparılır və iyulun 4-də eyni ittihamla həbs olunan Hüseyn Gün adlı şəxsin rəqəmsal materiallarına əsaslanır.
Açıqlamada qeyd olunur ki, Hüseyn Gün “bir çox xarici kəşfiyyat nümayəndələri ilə əlaqədə olub” və İmamoğlunun kampaniya direktoru Necati Özkanla “göstəriş xarakterli görüşlər” keçirib.
Bundan əlavə, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı ikinci bir işdə “İstanbul Senin” mobil tətbiqi vasitəsilə 4,7 milyon şəxsin məlumatlarının xaricə ötürüldüyü, “İBB HANEM” adlı proqramla isə 11 milyon seçici məlumatının sızdırıldığı iddia olunur.
Prokurorluq bu çərçivədə 13 nəfər barəsində həbs qərarı çıxarıldığını açıqlayıb.
İstintaq çərçivəsində “Tele1” telekanalının baş redaktoru Mərdan Yanardağ “casusluq” ittihamı ilə saxlanılıb. Onun evində və iş yerində axtarış aparılıb. Telekanalın İstanbul ofisinə səhər saatlarında Terrorla Mübarizə Şöbəsi əməkdaşları daxil olub, lakin televiziya yayımına müdaxilə edilməyib.
Prokurorluq iddia edir ki, Yanardağ “Hüseyn Gün ilə casusluq fəaliyyətlərinə dair əlaqə saxlayıb” və “seçki prosesinin media hissəsini bu əlaqə vasitəsilə təşkil edib”.
CHP rəhbərliyi istintaqa kəskin reaksiya verib. Partiyanın nümayəndələri bunu “siyasi motivli hücum” adlandırıb.
CHP-nin parlament fraksiyasının sədr müavini Murat Emir bildirib ki, “İqtidar artıq hakimiyyəti əldə etməyi cinayət halına gətirməyə çalışır. Sandığı təhdid, seçkini çevriliş, xalq iradəsini isə “ələ keçirmə planı” kimi göstərir. Bu, demokratiyanı rejimdən kənara atmaq əməliyyatıdır”.
Sədr müavini Burhanettin Bulut isə əlavə edib ki, Türkiyədə tənqid artıq cinayət sayılır:
“Seçkidə qalib gəlmək “günah”, xəbər yazmaq “xəyanət”, düşünmək də “casusluq” sayılır”.
CHP-nin hüquq məsələləri üzrə sədr müavini Gül Çiftçi isə deyib ki, “İmamoğlu haqqında ittiham aktı hazırlaya bilməyənlər, yeni uydurma cinayətlər yaradaraq prosesi uzatmağa çalışırlar”.
CHP İstanbul millət vəkili Mahmut Tanal “Tele1” kanalına qarşı istintaqı “siyasi” adlandırıb:
“Mərdan Yanardağ antiimperialist, tam müstəqil Türkiyədən yana olan bir jurnalistdir. Jurnalistika cinayət deyil. Yanardağdan casus çıxmaz. Bu, süni şəkildə uydurulmuş bir ittihamdır”.
İmamoğlu hələlik məsələ ilə bağlı ictimai açıqlama verməyib. CHP rəhbərliyi isə bu istintaqı “demokratik prosesə qarşı basqı” kimi qiymətləndirir.