Keçmiş Aparat rəhbəri özünü təqsirli bilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Aparat rəhbəri, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyevin işi üzrə məhkəmə araşdırmaları başa çatıb. Yarım milyon manatdan artıq yeyinti və rüşvət almaqda ittiham olunan Əjdər Cəbiyevə prokuror 11 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. Martın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu təkliflə çıxış edən prokuror bildirib ki, Əjdər Cəbiyev yeyinti nəticəsində hesablanmış ziyanı ödəyib və bu, yüngülləşdirici hal sayılır.
Həbsdə olan şair keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olub, əlillər, şəhid ailələri üçün mənzillərin tikintisi zamanı külli miqdarda yeyintiyə yol verməkdə təqsirləndirilir.
Əjdər Cəbiyev 2021-ci ilin fevralında – sabiq nazir Səlim Müslümovdan az sonra həbs olunub.
O, ittihamları qəbul edib, özünü təqsirli bilib.
“İstintaqda verdiyim ifadəni təsdiqləyirəm. Heç nəyə etiraz etmirəm. Yalnız onu demək istəyirəm ki, Səlim Müslümovla əlbir olmamışam, onun heç nədən xəbəri olmayıb. Əldə etdiyim pulları isə cari xərclərə yönləndirmişəm”, – Əjdər Cəbiyev məhkəmədə bildirib.
Əjdər Cəbiyevin haqqında cinayət işi 2021-ci ilin dekabrında keçmiş nazir Müslümovun işindən ayrılaraq, məhkəməyə göndərilib.
Yaxın vaxtlarda sabiq nazirin də işi üzrə istintaqın yekunlaşacağı gözlənilir.
Səlim Müslümov haqqında cinayət işi üzrə araşdırmalar DTX-nın İstintaq Baş İdarəsində aparılır. Onun özü də DTX-nın istintaq təcridxanasında saxlanılır.