Əilliyi olan şəxslərin nəqliyyat problemi

Əlil arabalarının hərəkəti üçün gətirilən avtobuslar yalnız şəhərin mərkəzində işləyir

Source: Meydan TV


Əlil arabalarının hərəkəti üçün gətirilən avtobuslar yalnız şəhərin mərkəzində işləyir

Şəhər insanı metro, avtobus, ictimai nəqliyyatdan istifadə etmədən nə qədər rahat yaşaya bilər? Bir gün, iki gün, bəlkə də bir həftə və ya bir ay. Bəs ömrünüz boyu bütün bunlardan məhrum halda yaşamağı təsəvvür edə bilərsizmi? Sizin təsəvvürlərinizdən asılı olmayaraq Azərbaycanda əlil arabasına möhtac minlərlə insan bu həyat dramını hər gün yaşıyır.

Rəsmi statistikaya görə, Azərbaycanda 620 min əlilliyi olan şəxs var. Bu ölkə əhalisinin 6 %-ni təşkil edir. Onların əksəriyyəti paytaxt Bakıda yaşayır. Rəsmi hesablamalar olmasa da, güman etmək olar ki, hər 3 əlildən biri əlil arabası olmadan hərəkət edə bilməz. Lakin onların qarşısında daha böyük problemlər var: Onlar liftsiz binalara çıxıb-düşə, metrodan, avtobusdan istifadə edə bilmir və ya böyük çətinliklərlə üzləşir, başqalarının yardımına möhtac qalırlar. Keçidlərdən istifadə etmək onlar üçün qorxuludur və s.

Günəşli qəsəbə sakini Şəhla Cəfərovanın 12 yaşlı oğlu da bu şəxslərdən biridir.

“Mən şəhərdəki bütün sərnişindaşıma nəqliyyatından şikayətçiyəm. Əlbəttə ki, “Bakubus” kimi istisnalar var. Uşağımı Günəşlidən şəhər mərkəzinə müalicə üçün apararkən avtobus və metrodan istifadə edirəm. Əksər metro stansiyalarında bizə deyirlər ki, əlil arabasında giriş qeyri- qanunidir. Bəzən polis işçiləri və siravi adamlar çıxıb düşməyimizə kömək edir. Amma bu, çox təhlükəlidir. Başqa yol da yoxdur. Mən hər dəfə taksiyə pul verə bilmərəm. Oğlum üçün ayrılan müavinət 82 manatdır. Bu pul heç nəyə çatmır. İndi belə çıxır ki, mənim uşağım və bütün hərəkət məhdudiyyətli insanlar dustaq olmalıdırlar? Bu tip məsələlərə görə öz sağlamlığım belə əldən gedir,” – deyə Cəfərova şikayətlənir.

Cəfərova deyir ki, 2017-ci ildə uşağını metroya buraxmadıqları üçün Bakı Metropoliteninə məktub yazıb. Şikayət məktubuna cavab verən Bakı Metropoliteni bildirib ki, “Bakı Metropoliteninin istifadə qaydalarının 5.1.27-ci bəndinə əsasən metopoliten ərazisində diyircəkli konkilərdə, lövhələrdə və digər analoji təkərli və diyircəkli vasitələrdə hərəkət etmək qadağandır”.

Hüquqşünas Ruslan Əliyev bildirir ki, belə bir qanun mövcuddur. Amma bu qanunun əlil arabalarına heç bir aidiyyatı yoxdur. Dövlət orqanları əllillərin ictimai nəqliyyatdan istifadəsi üçün şərait yaratmağa borcludur.

Cəfərova bundan sonra da şikayətlərini davam edib və onun bir-neçə quruma ardıcıl şikayətlərindən sonra fevralın əvvəlində Nəqliyyat Agentliyindən söz veriblər ki, uşağının müalicə qrafikinə uyğun taksi ayrılacaq. O, indi səbirsizliklə bu anı gözləyir: “Dedilər ki, uşağımın müalicə qrafikini yazıb göndərim və buna uyğun şirkətlərdən taksi sifariş edəcəklər”.

Lakin Cəfərova bir neçə il mübarizədən sonra buna nail olub, digər əngəlli şəxslər üçün isə münasibət dəyişməz olaraq qalır.

Bakı şəhərində URBAN layihəsi əsasında təşkil olunan sosial eksprimentdə də bu problemi aydın görmək olar. Sosial eksperimentin videoqeydində aydın şəkildə görünür ki, əngəlli şəxslər ictimai nəqliyyatdan istifadə etməkdə çətinlik çəkirlər. Metrodan istifadə etmək istəyərkən isə şəhər polisi onlarla qanunsuzluq etmiş biri kimi davranır.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi saytında yayılan

məlumata

görə, sədrin tapşırığına əsasən, xüsusi İşçi qrupu yaradılaraq, vəziyyət təhlil olunub, araşdırma və müzakirələrin aparılaraq, beynəlxalq təcrübə və dünya texnologiyalarının tətbiqi imkanları öyrənilib.

Aparılan araşdırmalar zamanı əlil arabası ilə hərəkət edən şəxslərin də metropoliten işçilərinin və xüsusi avadanlıqların köməyi ilə metrodan istifadə etməsinin mümkünlüyü müəyyən edilib.

Bu işlərin yerinə yetirilməsi məqsədilə birinci mərhələdə stansiyalarda konstruktiv dəyişiklikliklər nəzərdə tutulmasa da, metropolitendə istismarı əksəriyyət təşki edilən 81-717/714 tipli vaqonlarda əlil arabalarının yerləşdirilməsi üçün yerlərin hazırlanması istiqamətində tədbirlərə başlanılıb.

“Artıq bu yerlərin ilk nümunələri də baş vaqonların salonlarında quraşdırılıb. Qaydaya uyğun olaraq, hər baş vaqonun maşinist kabinəsinə yaxın hissəsində quraşdırılan bu yerlər bütün standartlara uyğun, ən əsası, vaqonların konstruksiyasının təməl prinsiplərinə xələl gətirilmədən quraşdırılır. Mərhələ ilə bu yerlər baş vaqonların hər birində quraşdırılacaq,”- xəbərdə bildirilir.

Beləliklə, əlillər və fiziki sağlamlığı məhdud insanlar əlil arabasında metropolitendən istifadə etmək üçün əvvəlcədən sifariş verə biləcək:

“Artıq ilkin əyani sınaq da keçirilib. Könüllü olaraq, bu sınaqda iştirak edən Cəmilə Məmmədlinin iştirakı ilə bütün proses əyani təşkil edilib. Əlil arabasının qarşılanması, stansiyaya endirilməsi və qatarda mənzil başına çatdırılması prosesinin ilkin sınaqları uğurla aparılıb. Hazırda əldə olunmuş nəticələrin təhlili, təkmilləşdirilməsi, işçilərin təcrübəsinin artırılması üzərində işlər başlanılıb”.

Bakı Nəqliyyat Agentliyi də Bakı şəhərinin kiçik bir ərazisində əngəlli insanlarla bağlı sosial ekspriment edib və bunu videoqeyd şəklində “Youtube” sosial şəbəkəsindəki mikrobloquna yerləşdirib. Ancaq maraqlıdır ki, agentlik avtomobillərini panduslarda saxlayan şəhər sakinlərini hədəfə alıb. Videoya şərh yazan bir neçə nəfər istifadəçi şəhərdə parkinq yerlərinin olmamasının bu tip olaylarla səbəb olduğunu bildirib və sürücülərin yox, agentliyin günahkar olduğunu bildirib. Çox kiçik ərazidə bu tipli problemdən videoçarx hazırlayan agentlik isə Bakı şəhərinin əksər yerlərində əlillər üçün çətinlik yaradan infrastruktur problemlərini görməzdən gəlir. Agentlik bu haqda sualları cavablandırmaqdan da yayınıb.

Bu problem o qədər qabarıqdır ki, hətta Bakıya gələn turistlərin də diqqətindən yayınmır. Ötən ilin sonlarında Bakıya gələn rusiyalı məşhur bloger “BBC Azərbaycanca”ya müsahibəsində Bakını əngəlli insanlara münasibətdə “ədalətsiz və təhlükəli” şəhər adlandırmışdı: “Avtomobilin varsa, bəxtin gətirib, sən bu enli küçələrdə asanlıqla hərəkət edə bilirsən. Amma maşının yoxdursa, onda pis gündəsən. Körpə arabası ilə gəzməyə çıxanlara, əlillərə, ahıllara, əllərində yükü olan turistlərə şəhərdə hərəkət etmək çətindir”.

Hüquq müdafiəçisi Sevda Səfərəliyeva həm də birinci qrup əlilliyi olan şəxsdir. Deyir ki, 4 il əvvəl Nəqliyyat Nazirliyinə bu haqda şikayətlər edib və vəziyyət nisbətən düzəlib. Amma köklü həllini tapmayıb.

“Bizə bildirdilər ki, əlillər üçün nəzərdə tutulmuş avtobuslar gətiriləcək. Əslində bunu etdilər. Amma panduslu avtobuslar yalnız Bakının şəhər mərkəzində fəaliyyət göstərir. Qəsəbələrdə isə belə sistem yoxdur. Misal üçün, əgər bir əngəlli insan Sulutəpədə yaşayır və Xocasəndə yaşayan dostunu ziyarət etmək istəyirsə, bu halda o mütləq gərək avtovağzala getsin ki, orada panduslu avtobus tapa bilsin. Belə avtobusların sayı da azdır. Belə şəraitdə bu az sayda avtobuslar da istifadə üçün əlverişli olmur. Yalnız şəhər mərkəzində bu əlverişlidir. Amma şəhər mərkəzində yaşayanlar üçün də digər problem ortaya çıxır. Liftsiz binalarda yaşayan əlillər üçün evdən çölə çıxmaq və geri qayıtmaq çox problemli məsələdir. Şəhər kənarında isə həyət evləri çoxluq təşkil etdiyindən, bu, o qədər də çətin olmur. Buna görə də əngəlli şəxslərin fərdi müstəqillikləri, sərbəst hərəkət edə bilməsi çox aşağı səviyyədədir. Onlar daima ətrafdakı insanların köməyinə möhtac yaşayırlar”.

Fənc fəal Xumar Kərimli məsələyə başqa istiqamətdən baxır. O bildirir ki, əngəllilərin müavinətləri çox aşağı səviyyədədir. Nəqliyyatda problemlərin olması isə onların haradasa işləyib özlərini maddi cəhətdən təmin etməsini də ciddi şəkildə əngəlləyir: “Azərbaycanda əlilliyi olmayan insanlar iş tapmaqda çətinlik çəkir. İş tapsalar belə işə getmək onlar üçün mümkünsüzdür. İndi təsəvvür edin, əgər metro və avtobuslarda panduslar yoxdursa və insanlar nəqliyyatdan istifadə edə bilmirsə, onlar necə işə gedə bilər?”

Kərimli məsələnin həllini dövlət orqanlarının və QHT-lərin fəaliyyətinin artırılmasında görür: “Əgər dövlət orqanları öz işlərini normal yerinə yetirərsə, bu sahədə problemlərin həllində xeyli irəlləyişə nail olmaq olar. Həmçinin düzgün çalışan QHT-lər və sosial işçilərin fəaliyyətinə qoyulan əngəlləri aradan qaldırmaq lazımdır. Dövlət qurumları isə heç kimi ciddiyə almır, şikayətlərə ötəri yanaşır. Bəzi QHT-lər isə qoyulan maneələrə görə normal fəaliyyət göstərə bilmir. Bir-neçə il əvvəl bir əlil etiraz olaraq özünü küçədə yandırmışdı. Nə dəyişdi? Bundan sonra deyəsən kredit borcunu sildilər, amma həmin adam da öldü. Bu, onu göstərdi ki, dövlət qurumları üçün insanın belə son dərəcə riskli etirazı, sağ qalıb-qalmaması belə maraqlı deyil”.

Ana səhifəXəbərlərƏilliyi olan şəxslərin nəqliyyat problemi