Əhsən Nuruzadənin apelyasiya şikayəti təmin edilməyib

Taleh Bağırzadənin tərəfdarı 10 sutkalıq həbs olunub

Source:


Taleh Bağırzadənin tərəfdarı 10 sutkalıq həbs olunub

Fevralın 2-də Bakı Apelyasiya Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadənin tərəfdarı kimi tanınan Əhsən Nuruzadənin apelyasiya şikayətinə baxılıb.

Meydan TV-nin məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda Əhsən Nuruzadənin özü və vəkili Yalçın İmanov iştirak edib.

İclasda çıxış edən vəkili Yalçın İmanov bildirib ki, müdafiə etdiyi şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçərkən söyüş söyməkdə, onu intizama dəvət edən polis əməkdaşlarına tabe olmamaqda ittiham edilir: “Lakin bu,absurd ittihamdır. Çünki belə hadisə baş verməyib. Onu üç nəfər mülki geyimli şəxs yaşadığı evin yanında saxlayaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirib” . Vəkilin sözlərinə görə, Ə.Nuruzadə saxlanıldıqdan sonra bu haqda onun ailə üzvlərinə məlumat verilməyib: “Məhkəmə Əhsən Nuruzadə haqqında inzibati həbs qərarı çıxardıqdan sonra o, inzibati qaydada həbs olunanların saxlanıldığı məntəqəyə yox, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Saxlanılan zaman onun hüquqları pozulub. Müdafiə hüququndan, ailə üzvləri ilə əlaqə yaratma hüququndan məhrum edilib. Nərimanov rayon Məhkəməsinin onun haqqında çıxardığı on gün müddətinə inzibati qaydada həbs olunma barədə qərar əsassızdır və ləğv edilməlidir”.

Bundan sonra hakim A.Abdinbəyov bildirib ki, cinayət işində Əhsən Nuruzadənin özünün yazdığı izahat var. Həmin izahatda Ə. Nuruzadə BMCMİ-nin qarşısında söyüş söydüyünü etiraf edib.

Həmin məsələyə münasibət bildirən Əhsən Nuruzadə isə deyib ki, BMCMİ-də ona deyilənləri yazıb və imzalayıb.

Daha sonra hakimlər qərarı elan etmək üçün müşavirəyə gediblər. Müşavirədən sonra qərar elan ediıib. Həmin qərara görə, apelyasiya şikayəti təmin edilməyib.

Taleh Bağırzadənin tərəfdarlarından olan və onun məhkəmələrində hər zaman iştirak edən Ə.Nuruzadə yanvarın 24-də həbs edilib. Bir həftə ərzində onun ailə üzvlərinə həbsi barədə heç bir məlumat verilməyib. Bir həftədən sonra isə Ə.Nuruzadənin BMCMİ-nin əməkdaşları tərəfindən həbs edildiyi məlum olub.

Ə.Nuruzadə Nərimanov rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs cəzasına məhkum edilib. Onun həbs müddəti fevralın 3-də başa çatacaq. Apelyasiya şikayəti həmin qərardan verilib və şikayətdə qərarın ləğvi istənilib.

Ana səhifəXəbərlərƏhsən Nuruzadənin apelyasiya şikayəti təmin edilməyib