Əhsən Nuruzadə yenə həbs olundu

Foto: arxiv

Bu dəfə onun barəsində inzibati həbs qərarı verildi

Müsəlman Birliyi Hərəkatının üzvü, 7 il həbsdə saxlandıqdan sonra 20 gün əvvəl azadlığa buraxılan Əhsən Nuruzadə oktyabrın 29-da yenidən məhkəmə qarşısına çıxarılıb. 3 gün əvvəl saxlanılan Əhsən Nuruzadə haqqında həbs qərarı verilib. Nərimanov Rayon Məhkəməsində onun haqqında 2 ay inzibati həbs qərarı çıxarılıb.

Hakim Vüsal Qurbanovun sədrliyilə çıxarılan qərara əsasən, Əhsən Nuruzadə İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə təqsirli bilinib.

Yaxınlarının verdiyi məlumata görə, Əhsən Nuruzadə oktyabrın 26-da saxlanılıb. O, həmin vaxt dərsdən gələn qızını qarşılamağa gedib və saxlanması da övladının gözü qarşısında baş verib. Mülki geyimli şəxslər onu övladının yanında saxlayaraq, zorakılıqla aparıblar.

Onun hansı səbəbdən saxlanması, hara aparılması haqda yaxınlarına heç bir məlumat verilməyib.

İnanclı fəal Əhsən Nuruzadə 2017-ci il oktyabrın 6-da narkotik ittihamı ilə həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il azadlıqdan məhrum edilib. 2024-cü il oktyabrın 5-də azadlığa çıxmışdı.

O, həbsdə olduğu dövrdə həyat yoldaşı xərçəng xəstəliyinə tutularaq, vəfat edib. Əhsən Nuruzadənin iki qızı xəstə anasının himayəsindədir.

Əhsən Nuruzadə özünü təqsirli bilmir, ittihamın saxta olduğunu, Müsəlman Birliyi Hərəkatının üzvü və təşkilatın rəhbəri Taleh Bağırzadənin tərəfdarı olduğuna görə cəzalandırıldığını deyirdi.

Narkotik ittihamından əvvəl də Əhsən Nuruzadə “polisin tələbinə tabe olmamaq” ittihamı ilə iki dəfə 10 sutkalıq inzibati həbs cəzası almışdı.

Hazırda Taleh Bağırzadə də daxil olmaqla, Müsəlman Birliyinin 70-dən çox üzvü həbsdədir. Onların heç biri ittihamları qəbul etmir, siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

Ana səhifəSiyasətƏhsən Nuruzadə yenə həbs olundu