Seçki Məcəlləsinin 88-ci maddəsinə əsasən namizədlərə seçiciləri “ələ almaq” qadağan olunub. Mərkəzi Seçki Komissiyasının üzvü Akif Qurbanovun Meydan TV-yə açıqlamasına görə, deputatın işi yol çəkmək, su çəkmək deyil, millət vəkili seçicilərinin hüquqlarını müdafiə etməlidir: “Bu hal seçiciləri şirnikləndirici, xeyriyyə vasitələri ilə ələ almaqdı. Bu, namizədliyin ləğvi üçün əsasdı. Deputat ölkənin siyasi həyatında iştirak edib, cəmiyyətin inkişafına öz töhfəsini verməlidir. Seçilən şəxs adında da qeyd olunduğu kimi, millətin vəkili olmalıdır”.
Seçki zamanı nəinki namizədin özü, istənilən şəxsin quruculuq -abadlıq işləri aparması qadağan olunub. Kimlərsə yol, su çəkib bunun müqabilində hər hansısa namizədə səs istəmələri də qanun pozuntusudur. Ancaq buna baxmayaraq, deputatlığa namizəd Əhməd Şahidov Qax rayonunun Zərnə kənd məscidini ziyarət edərək, vəziyyətlə maraqlanıb və məscidin təmir olunması üçün zəruri maliyyənin ayrılacağını bildirib.
Görüş zamanı təmir işlərini həyata keçirəcək işçilər, lazımi tikinti materialları və digər cari məsələlər müzakirə olunub. Namizəd bildirib ki, Zərnə kənd məscidinin təmiri üçün təxirəsalınmaz işlərə start veriləcək. Namizəd bu görüşünü videolentə aldırıb və yerli KİV-lərdə yayımlanıb. Ancaq MSK faktla bağlı hər hansı qərar verməyib. Qurumdan Meydan TV-nin bununla bağlı sualını cavablandırmayıblar.