Oğlu: “Boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb”
Güney Azərbaycan Televiziyasının (Gunaz.TV) qurucusu və rəhbəri, Amerikada mühacir həyatı yaşayan Əhməd Obalı və oğlu Dəniz Obalının döyüldüyü bildirilir.
Bu barədə mayın 21-də məlumat yayan Günaz.TV-in bildirdiyinə görə, hadisə Əhməd Obalının Azərbaycandan ABŞ-a dönüşündən 1 gün sonra baş verib.
“Əhməd bəy Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb. Hal-hazırda durumu orta ağırdır”,-deyə “Günaz.TV”-dən əlavə edilub.
Əhməd Obalının oğlu Araz Obalı deyib ki, hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb:
“Boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. İnşallah, ayağa qalxandan sonra hadisə ilə bağlı detallı bilgiləri özündən eşidəcəyik”.
Araz Obalının sözlərinə görə, polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib:
“Ancaq onların sayı məlum deyil”.
Əhməd Obalı 1961-ci ildə İranın Ərdəbil ostanına bağlı Meşkinşəhrdə doğulub. O, orta təhsilini Meşkinşəhrdə almış, uşaqlığının böyük hissəsi də elə orada keçirib.
Ə.Obalı 1985-ci ildə Kaliforniya ştatının San-Dieqo şəhərinə mühacir edib.
Hazırda ABŞ-nin Çikaqo ştatında yaşayır.