Ailəsi deyir ki, Əhməd astma xəstəsi olduğu üçün həbsxanada nəfəs almaqda çətinlik çəkir
Mayın 8-də barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmiş ictimai fəal, “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin səhhətində problem yarandığı bildirilir.
Bu barədə ailəsi məlumat yayıb.
“Əhməd görüşdə bildirdi ki, astması təcridxanada güclənib, nəfəs almaqda çətinlik çəkir və zərbə aldığı sağ gözü tor görür. Əhməd Məmmədli genetik astma xəstəsidir və gözündən iki dəfə əməliyyat keçirib. Daimi həkim nəzarətində olmalıdır. Həbsxana onun sağlamlıq vəziyəti üçün uyğun deyil. Buna görə də o, ev dustaqlığına buraxılmalıdır”.
Əhməd Məmmədli 2025-ci il mayın 6-da gecə saatlarında saxlanılıb.
Onun həmin gün saat 22 radələrində Vüqar Dünyamalıyev adlı şəxsə Biləcəri qəsəbəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirdiyi iddia olunub.
Mayın 8-də isə Əhməd Məmmədli barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (Xuliqanlıq: Silah və ya silah kimi istifadə edilən əşyaların tətbiqi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Həmin maddələrlə fəala 11 ilə qədər həbs cəzası verilə bilər.
Əhməd Məmmədli ittihamı rədd edir, jurnalist fəaliyyəti ilə əlaqədar həbs olunduğunu bildirir.