Bu gün, dekabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal, “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmədə şahidlərin dindiriliməsi prosesi baş tutub.
Bu barədə Əhməd Məmmədlinin Müdafiəsi Komitəsi məlumat verib.
Məhkəmə iştirakçılarının sözlərinə görə, şahidlər bir-birilərinin əksinə ifadə verib. Onlar deyir ki, şahidlər ifadələrlə özlərini ifşa ediblər.
Məlumata görə, Əhməd Məmmədli bildirib ki, hadisənin baş verdiyi taksidəki “təsadüfi sərnişinlər” bir-birini öncədən tanıyıb. Lakin şahidlər bunu inkar edib və tanış olmadıqlarını qeyd ediblər.
Əhməd Məmmədlinin vəkili Elçin Sadıqov müdaxilə edərək qeyd edib ki, “əgər bir-birinizi tanımadan taksiyə minmisinizsə, necə olur ki, sosial şəbəkələrdə də bir-birinizin dost siyahısında yer alırsınız?”
“Bu, prosesin əvvəlcədən hazırlanmış bir ssenari əsasında qurulduğunu göstərir. Ölkədə bir gənci həbs etmək üçün belə süni bir tamaşaya ehtiyac duyulması isə vəziyyətin acınacaqlı olduğunu ortaya qoyur”, – deyə məhkəmə iştirakçısı bildirib.
Əhməd Məmmədli 2025-ci il mayın 6-da ayında saxlanılıb və onun barəsində mayın 8-də həbs qətimkan tədbiri seçilib.
Onun Vüqar Dünyamalıyev adlı şəxsə qarın boşluğundan bıçaqla xəsarətlər yetirdiyi iddia olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (Xuliqanlıq: Silah və ya silah kimi istifadə edilən əşyaların tətbiqi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Həmin maddələrlə fəala 11 ilə qədər həbs cəzası verilə bilər.
Əhməd Məmmədli ittihamı rədd edir, jurnalist fəaliyyəti ilə əlaqədar həbs olunduğunu bildirir.