Əhalinin özünə aramsız xəyanəti

Zaur Qurbanlının “Elçibəyin Azərbaycana ikinci xəyanəti” köşəsi barədə

Source:

(Zaur Qurbanlının “Elçibəyin Azərbaycana ikinci xəyanəti” köşəsi barədə)

İçi mən, köşə yazarları cəmiyyətin diqqətini hansısa vacib məsələyə cəlb etmək istəyirlər.

Bəzən alınır.

Çox vaxt isə alınmır. Niyəsi məlumdur. Əhali qəflət yuxusundadır. Şirin qəflət yuxusunda. Bu yuxuya qəsd edən olur əhalinin qatı düşməni. Olur ölülərin dirilməyəcəyini deyən Kefli İskəndər. Bihörmət, bihəya, avara Kefli İskəndər.

Əhalinin qəflət yuxusu çox vaxt onun ayıq vaxtına düşür. Yəni ayıqdır, amma beyni, şüuru, düşünmək qabiliyyəti yatıb. Yeyir, içir, maddələr mübadiləsi ilə intensiv məşğul olur, hətta işləyir, yonub kəsir, alıb satır, kiməsə kəf gəlir, kimsə ona kəf gəlir, toyda rəqs edir, iclasda nitq yapır, lakin eyni zamanda əməlli başlı yatır, daha doğrusu, şirin qəflət yuxusunun ləzzətindən ayrıla bilmir.

Bu, əhalimizin gerçək həyatını 60 ildir diqqətlə müşahidə edən bəndənizin gəldiyi qənaətdir.

Əminəm ki, yanılmıram.

Zaur bəy gileylənir ki, ən yeni tariximizi yaradanlar niyə yazmırlar?

Bəndeyi-həqiriniz acizanə soruşur ki, əhalimiz, içi möhtərəm Zaur bəy olmaqla, niyə oxumur?

Yazılanlar var. İçində dürüstü, yanlışı, mükəmməli, səthisi, sağ bucağdan baxanı, sol bucaqdan baxanı var. Oxuyan yoxdur.

Əhali özünə aramsız xəyanət edir. Oxumur. Heç cür öz şirin qəflət yuxusundan oyanmaq istəmir.

Oyansa, qorxar. Görər ki, adını müsəlman qoyaraq mürtəd və kafir kimi yaşayır. Adını ateist qoyaraq cahil bütpərəst kimi yaşayır. Adını məğrur vətəndaş qoyaraq zavallı təhkimli kimi yaşayır. Adını azad insan qoyaraq müti qul həyatı sürür.

Anlayar ki, nə özünün, nə də ətrafının şərəf və ləyaqət barədə dürüst təsəvvürü yoxdur. Yəni nə özünün, nə də ətrafının şərəfli və ləyaqətli vətəndaş adına iddia etmək üçün zərrə qədər haqqı çatmır. Bu isə, çox ağrılı bir məsələdir.

Oyansa, qorxar. Buna görə oyanmır. Elə şirin qəflət yuxusuna dalıb qalir.

Bəndəniz heç vaxt, heç bir dönəmdə heç bir yüksək vəzifə tutmayıb. Ona görə yox ki, əli çatmayıb. Xeyr, dəfələrlə yüksək, ən yüksək vəzifəyə təyin olunmaq imkanı olub. Cavanlığımda dörd dəfə Moskvaya cox cazibədar və gəlirli işlərə dəvət ediblər, “yurdumu tərk edəmmərəm” deyib imtina etmişəm. Son 30 ildə imkan olub ki, prezident, nazir və millət vəkili olum, qəti rədd etmişəm.

Niyə? Bu cəmiyyətdə yüksək vəzifə labüd olaraq zülmü görən vicdanın susdurulmasını tələb edir. Mən isə vicdanımın susdurulmasına heç vaxt razı olmamışam.

Bununla yanaşı demişəm və deyirəm ki, xalqımın son 30 illik taleyinə biganə qalmamışam. Həlledici məqamlarda ön səfə atılıb sinəmi sipər etmişəm, susmamışam, həqiqəti demişəm, insanlara düzgün saydığım yolu göstərmişəm. İndi özlərini xalqın lideri sayanların ciddi-cəhdlə danmaqlarına baxmayaraq, Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında, təşəkkülündə və müsbət saydığım ilk fəaliyyət dövründə həlledici rolumu sübut etmişəm. Bunun üçün yüzlərlə məqalə yazmışam, yüzlərlə müsahibə vermişəm. Nəhayət, əhalinin gerçək həqiqəti bilməsi üçün kitab yazmışam.

Kitabı həmmüəllifim Rasim bəy Ağayevlə birgə yazmışam. 1988-1993-cü illər tarixini Rasim bəy hadisələrə öz iş yerindən, AKP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun və Azərbaycan Respublikasının birinci prezidenti Ayaz Mütəllibovun köməkçisi kimi, Prezident Aparatının beşinci mərtəbəsindən baxaraq yazmışdır. Qeyd edin ki, yüksək ziyalı Rasim bəy Ağayev mərdliyindən çəkilmədiyi üçün 1990-cı illərin ortasında şərlənmış, məhbəsə atılmış, lakin sınmamış və ləyaqətini saxlamış insandır.

Mən isə hadisələrə aşağıdan, küçələrdən, institut auditoriyalarından, zavod sexlərindən, kəndistan çöllərindən, hayqıran mitinq qələbəliyindən baxaraq yazmışam.

Eyni tarixi dövrü iki müəllif iki fərqli bucaqdan təsvir edib. Biri xalq hərəkatının fəalı, digəri hakim zümrənin üzvü. Azərbaycanın müasir tarixinə belə maraqlı baxış başqa heç bir kitabda yoxdur.

Kitab 2006-cı ildə Moskvada rus dilində 1000 nüsxə çap edilmişdir. 700 nüsxəsi Moskvada sürətlə satılmışdır. Naşir Azərbaycanın müasir tarixi haqqında kitabın 300 nüsxəsini Bakıya satış üçün göndərmişdir. 120 nüsxəni bəndəniz alıb paylamışdır, 80 nüsxəsini Rasim bəy alıb paylamışdır. Qalmışdır 100 nüsxə. Kitabı satan xanım yüzlərlə insana:

siyasətçilərə, alimlərə, məmurlara, yazıçılara, şairlərə, rəqqaslara, dumbul çalanlara, müğənnilərə və sair özünü ziyalı sayanlara zəng edib kitabı təsvir və tərif etmişdir. Əlaqə qurulmuş insanların çoxu bu kitabdan vəbadan qorxan kimi qaçmışlar.

Uzun sözün qısası, 100 nüsxə kitab böyük zülümlə bir neçə ilə satılıb qurtarmışdır.

Bəndəniz öz hissəsini İnternetdə açıq qiraət üçün qoymuşdur. Nə qədər oxucu onu oxuyub, deyə bilmərəm. Kifayətdir ki, adımı, soyadımı və rusca “İkinci respublikanın sonu” yığasan, kitab müyəssər olacaq.

Gənc nəsil gileylənib ki, “rus dilində oxuya bilmirik”. Neynək, öz dilimizə tərcümə edib kitabı yenidən işləmişəm, bəzi məqamları dəqiqləşdirmişəm, bir-iki xəta var idi, təshih etmişəm. İki naşirə göstərmişəm, oxuyub deyiblər:

“Çap etsək, hakimiyyət nəşriyyatımızı məhv edər”.

Deməliyəm ki, tək hakimiyyət deyil, özünü demokratik sayan cəmiyyət də fərqli baxışdan yazılmış kitabı oxumaq və hətta görmək istəmir. Əhalimizin guya demokrat olan hissəi də qəflət yuxusundan oyanmaq istəmir.

Kitabım əsatirləri dağıdır, bütləri uçurdur, yatmışları oyatmağa cəhd edir. Buna görə təhlükəli sayılır. “Ah, necə kef çəkməli əyyam idi, Onda ki, övladi-Vətən xam idi…”

Kitabın nəşrinə ümidimi itirməmişəm. Deyilənə görə, bir cəsarətli naşir var, yelkən açıb dənizə çıxmaqdan qorxmur.

İnsafən, başqa müəlliflər də ən yeni tarix barəsində kitablar yazıblar. Professor Ədalət Tahirzadənin Meydan hadisələrinin salnaməsi iki cilddə nəşr olunub. Böyük bəstəkarımız Arif Məlikovun 20 Yanvara həsr edilmiş dəyərli bir kitabı mövcuddur. Sumqayıt talanı barədə kitabı hüquqşünas Aslan İsmayılov yazmışdır. Tarixçi alim Aydın Balayevin bu dövr barədə kitabı var. Siyasi fəal Ənvər Əliyev özünün 1988-ci il Meydan hadisələri barəsində kitabını, nəhayət ki, çap edə bilmişdir. 18 il sovet həbs düşərgələrində və dəlixanalarında zülm çəkmiş dissident Nadir Ağayevin öz dövrü barədə kitabı çıxıb. Bugünlərdə tarixçi alim Nəsiman Yaqublunun bu dövrə aid kitabı işıq üzü görüb. Oxucu istəsə, mərhum professor Çapay Sultanovun coxsaylı kitablarından və mükəmməl saytından xeyli məlumat əldə edə bilər.

Maraqlananlar gedib Milli Elmlər Akademiyasının kitabxanasında bu dövr barədə müdafiə edilmiş elmi tədqiqatları sifariş edib oxuya bilərlər.

Qaldı Əbülfəz Elçibəyə, onun da 1989-cu ildə çap edilmiş bir kitabı var, adı – “Bu, mənim taleyimdir”.

Müsahibələrinin toplusudur. Qarabağ uğrunda mücadilənin qaynar çağında, 1989-cu ildə, “Ədəbiyyat və incəsənət” qəzetində sufi türk şairi Yunus İmrə barəsində məqalə çap etdirmişdi. Onun qələmindən çıxmış yazı aşiqləri yenə AMEA-nın kitabxanasında “Orta əsrlərdə Misirdə türk Tulunilər sülaləsinin tarixi” adlı namizədlik dissertasiyasını oxuya bilərlər.

Qaldı hərəkatın liderlərinin dövrümüzün tarixi barədə kitablarına, mən deyərdim ki, buna hacət görmürəm.

“Görünən dağa nə bələdçi?”


Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəƏhalinin özünə aramsız xəyanəti