Nemət Əliyev: ”Bu qədər imkanlar varkən, indiki zamanda təbii qazı bahalaşdırmağın vacibliyindən danışmaq sadəcə olaraq biabırçılıqdır”
“İtki bir, iki, üç faiz olar. 4-5 faizin də yeri var. Uzağı 6 faiz olsun. 10-12 faiz itki olar? Ölkənin qaz təsərrüfatını lap futbol meydançasına döndəriblər. Amma futbol meydançasında da bir düzən, qayda var. Qaydalardan kənara çıxanlara heç olmasa sarı, yaxud da qırmızı vərəqə göstərib tənbeh edirlər, qabağını alırlar. Ölkənin qaz təsərrüfatında isə sanki qaydalar da, normalar da yoxa çıxıb”.
Bu sözləri iqtisadçı Nemət Əliyev öz “Facebook” səhifəsində yazıb.
İqtisadçı xatırladır ki, 2009-2015-ci illərdə ölkədə hər il orta hesabla 10 milyard kubmetr təbii qaz istehlak olunub. Bu 7 ilin hər bir ilində orta hesabla 1 milyard kubmetr, 7 ildə isə 7 milyard kub metr təbii qaz itkiyə verilib: “Bu son göstərici əhalinin təbii qaza olan illik tələbatından 2,7 dəfə çoxdur. İtkilər 10 faizə yüksəlib (bu göstərici 2007 və 2008-ci illərdə 6% və 6,5% olsa da, 2009, 2010-cu illərdə 12%-ə qalxıb).
İtkiyə verilmiş bu qədər imkanla 2 il 7 ay müddətində əhalini pulsuz və fasiləsiz şəkildə təbii qazla təmin etmək mümkündür. Təbii qazın əhali kateqoriyasına indiki satış qiyməti ilə hesablasaq, məlum olar ki, hər il 100 milyon, 7 ildə isə 700 milyon manat itkiyə verilib.
Təsərrüfatsızlıq, məsuliyyətsizlik ucbatından, bəlkə də məqsədli şəkildə milyonlarla maliyyə vəsaiti buradan “hava uçurulur”. Dövlət büdcəsinə maliyyə vəsaiti cəlb etmək üçün burada böyük imkanlar gizlənib. Büdcəyə maliyyə cəlb etmək adıyla təbii qazın əhaliyə satış qiymətini bahalaşdırmaq, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarları cürbəcür bəhanələrlə sıxışdırmaq əvəzinə diqqəti buraya fokuslamaq lazımdır”.
Nemət Əliyev sual edır: “Axı nə üçün xalqın maliyyəsi hesabına ayaqda olan deputatlar bu və buna oxşar məsələləri parlamentin gündəminə daşımırlar? Axı hansı səbəbdən iqtisadi tənəzzülün, sosial gərginliyin meydan suladığı indiki çətin zamanda ölkənin qaz təsərrüfatlarında böyük təsərrüfatsızlığa şərait yaradan, yol verən vəzifəlilər məhşər ayağına çəkilmir? Fikrimcə, bu məsələ dövlət başçısının bir barmağının işarəsi ilə asanlıqla yoluna qoyula bilən məsələdir. Bu qədər imkanlar varkən, əhalinin gərgin sosial sarsıntı içərisində yaşadığı indiki zamanda təbii qazı bahalaşdırmağın vacibliyindən danışmaq sadəcə olaraq biabırçılıqdır”.