”Azərsun Holdinq” MMC vergi güzəştləri istədi
“İstehsal üçün ölkəyə gətirilən xammal və materialların vergidən azad edilməsi yaxşı olardı”.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham-Azerbaijan”) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda keçirilən vergi konfransında vergilər naziri Fazil Məmmədova müraciətində “Azərsun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzan deyib.
S. Uzan çıxışında respublikada istehsal olunan malların rəqabətədavamlılığı üçün eyni adda idxal olunan hazır məhsullara vergi tətbiq olunması, xüsusilə digər məhsullarla müqayisədə kənd təsərüfatı mallarına tətbiq olunan ƏDV üzrə vergilərin differensiallaşdırılmasını istəyib:
“Kənd təsərrüfatı mallarının istehsalı və satışında vegi tənzimləmələrinə yenidən baxılması yaxşı olardı. Bundan başqa, qanunlar qəbul olunmazdan öncə yalnız “AmCham-Azerbaijan” nümayəndələri ilə deyil, o cümlədən kiçik və orta sahibkarlıq subyektləri ilə də müzakirələr aparılsaydı yaxşı olardı. Beləliklə, kiçik və orta sahibkarlıq subyektləri də bu sistemə inteqrasiya olunacaq. Çünki onlar sistemə nə qədər tez inteqrasiya olunarsa, bizim də üzləşdiyimiz çətinliklər daha tez həll olunar. Eyni zamanda, qanunlar çıxmazdan əvvəl biz sahibkarların da bu qanunlara uyğunlaşması yaxşı olardı. Biz işlərimizi buna uyğun tənzimləməliyik. Başqa sözlə, bunun üçün bizə təxminən 2-3 ay vaxt lazım olur. Çünki qanunların əhatə dairəsi genişdir. Onlara uyğunlaşmaq üçün şirkətlərə müəyyən vaxt verilsə, şəffaflığın təmin olunması baxımından müsbət nəticələr əldə etmək olar”.
S.Uzan həmçinin qeyd edib ki, əmək haqları ilə bağlı vergi yükünün azaldılması şəffaflığın artmasına və insanların sistemə daha tez inteqrasiyasına səbəb ola bilər.
Deyilənləri Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov “Azərsun Holdinq” MMC-ni qida emailı və istehsalı sahəsində inhisarçı adlandırıb.
Ekspert təəssüflənir ki, belə bir şirkətin rəhbərliyi qanunlarda dəyişikliyin vacibliyi təşəbbüsü ilə çıxış edir:
” Vergilər Nazirliyi nə qanun qəbul edir, nə də müzakirəyə çıxarır. Qanunlar Milli Mıclisdə hazırlanır, təsdiqlənir və bəzi nüanslar da orda nəzərə alınır. Azərbaycan xammal istehsalı üçün bütün imkanlara malikdirsə, niyə şəkərin, bitki yağının, süd məhsullarının xammalı kənardan gətirilir? Məsələ ondadır ki, Azərbaycanda bunları istehsal etmək imkanı var. Əgər vergi güzəştləri olarsa, xammal istehsalçıları rəqabətə dözə bilməyəcəklər. Ona görə bu cür təkliflərlə çıxış etməkdənsə, “Azərsun Holdinq” MMC yerli fermerlərlə uzunmüddətli müqavilə imzalasın və yerlərdə xammalın istehsalına nail olsun. Digər ölkələrdən ucuz xammal gətirmək, aşağı faizlə vergi ödəməklə istehsal etmək, nəticədə çoxlu gəlir əldə etmək çox asandır. Biz xammalın daxili istehsalını və normal satışını təşkil etməyə çalışmalıyıq. Nəhayət, rəqabət mühiti olmalıdır. Bununla yalnız “Azərsun Holdinq” MMC-nin deyil, digər şirkətlərin də emalla və istehsalla məşğul olmasına imkan yaranacaq. Məsələ ondadır ki, həmin təklifin əsasında daxildə onlarla rəqabətə davamlı olacaq fermerlər qalmayacaq. Yəni “Azərsun Holdinq” MMC xaricdən ucuz xammal gətirərsə, imkanları daha da böyüyəcək və onlarla rəqabət aparacaq şirkət qalmayacaq”.