Əgər hakimiyyət eyni şəxsin dördüncü dəfə prezidentliyinə “yaşıl işıq” yandırarsa…

Rəsmi Bakının qərbyönlü siyasi kursuna sadiqlik məsələsi Qərb siyasi dairələrini də ciddi şəkildə düşündürür

Source:


Rəsmi Bakının qərbyönlü siyasi kursuna sadiqlik məsələsi Qərb siyasi dairələrini də ciddi şəkildə düşündürür

“2018-ci il seçkilərində hakimiyyətin namizədi kim olacaq” sualı hər kəsi düşündürür

Azərbaycan prezidenti İlham Əliyev cəmiyyətə mesaj verdi – növbəti il çətin olacaq. Beləliklə, dövlət başçısı ölkəni gözləyən problemlərin ciddi olduğunu etiraf etmiş oldu.

Artıq iqtisadi böhran qabarıq şəkildə özünü büruzə verməkdədir. İrili-xırdalı şirkətlər az qala kütləvi ixtisarlara başlayıblar. Büdcənin vəziyyəti o dərəcədə bərbaddır ki, iqtidar “artıq yüklərdən” xilas olmağa məcburdur. Bir yandan da tam alternativsiz parlament seçkilərə keçirilir və növbəti qanunverici orqanın legitimliyi indidən şübhə altındadır.

Bu gün baş verənlərin əsası 2009-cu ildə keçirilən referendumda – ölkənin Konstitusiya  dəyişikliyində qoyulmuşdu. Dəyişikliyə görə,  İlham Əliyev məhdudiyyətsiz sayda prezident seçkisində iştirak edə bilər. Lakin bölgədə baş verənlər ciddi dəyişikliklərdən xəbər verir. Suriyada bölgənin taleyi həll edilir. Azərbaycan hakimiyyətinin  Rusiyanın yanında yer almağa çalışması Qərbi əsas təzyiqindən istifadəyə vadar edir – eyni şəxsin dördüncü dəfə dalbadal prezident seçilməsi arzuolunan deyil!

Bir sözlə, Qərb dairələri rəsmi Bakıya olduqca ağır duruma təsadüf edəcək 2018-ci il prezident seçkilərində yeni namizədlə iştirak etməyi dolayısı ilə də olsa tələb edir. Nəzərə alsaq ki, hakimiyyət dəhlizlərində prezidentliyə iddialı olan xeyli şəxs var, gələcək prosesləri proqnozlaşdırmaq elə də çətin deyil. Deməli, dövlət başçısının 2018-ci ilə qədər hakim elitadan dövlət başçısı postuna iddiaları olan namizədlərin fikrini elə beşikdəcə boğmaqdan başqa çıxış yolu qalmır. Lakin bu istiqamətdə atılacaq  ən radikal metodlar belə eyni şəxsin dördüncü dəfə prezident seçilməsini problemsiz reallaşdırmaqda acizdir. Deməli, iqtidar növbəti prezident seçkilərində yeni namizədlə iştirak edə bilər. Lakin kölgəyə çəkiləcək (yaxud baş nazir olacaq) İlham Əliyev tərəfindən idarə  idarə edilən yeni prezidentin kimliyi də Qərb üçün önəm kəsb edir.  Qərbə avro-atlantik məkana inteqrasiya yoluna sadiq olacaq prezident lazımdır. Hər halda, Azərbaycan Əfqanıstan deyil və digər Şərq ölkələri qədər despotik bir quruluşu yoxdur, eyni zamanda Avropa ölkəllərində mövcud olan demokratiyaya da sahib deyil. Odur ki, Bakını islahatlara vadar etmək və demokratiyaya “yumşaq keçidi” təmin etmək lazım gəlir. Qərb ideoloqları  dərk edirlər ki,  mötədillliyin məhvi radikal qruplara yol açır. Bu fonda ölkədə hakimiyyətdən narazıların sayı həddən ziyadə çoxluğu marginal qrupların narazı təbəqənin lokomotivinə çevrilmək şanslarının artırır.

Bu baxımdan rəsmi Bakının qərbyönlü siyasi kursuna sadiqlik məsələsi Qərb siyasi dairələrini də ciddi şəkildə düşündürür.

2018-ci seçkiləri Qərb üçün “sınma nöqtəsi”dir. Odur ki, ehtimal etmək olar ki, İlham Əliyev öz namizdəliyindən imtina edə, hakimiyyətin Qərb üçün (eləcə də Rusiya üçün) cəlbedici görünən digər namizədini dəstəkləyə, yaxın 5 ildə baş nazir postu ilə kifayətlənə və bir sözlə, “Putin variantı”nı təkrarlaya bilər. Artıq araşdırmaçılar belə bir versiya irəli sürürlər ki, yeni namizəd dünya demokratiyasına bir “gender hədiyyəsi” kimi də təqdim oluna bilər. Bu namizəd ya “birinci ailə”dən, ya da “ikinci ailə”dən ola bilər. O da istisna deyil ki, yeni namizəd nisbətən pozitiv imicə malik olan məmurlardan biri olsun. Onun prezidentliyə gedən yolu isə, ilk növbədə, növbəti baş nazir kürsüsündə oturmaqdan keçə bilər.

Yeni namizəd Azərbaycanı idarə edən maliyyə qruplarının gəlirlərinə müəyyən mənada zəmanətçi kimi də çıxış edə bilər. Bu isə önəmli faktordur. Bu gün Qərbi düşündürən ən ümdə məsələlərdən biri lümpenləşdirilmiş siyasi qürumların hakimiyyətə gələ bilməsi ilə Azərbaycanda başlana biləcək yeni əmlak bölgüsü uğrunda savaşdır ki, bu, sabitliyin tamamilə pozulması demək olardı. Təbii ki, Qərb belə situasiyaya hazır deyil.

Əslində bu gün Azərbaycanda hakimiyyət böhranı müşahidə olunur. Heydər Əliyev dönəmindən fərqli olaraq, artıq bir şəxsin iradəsi ilə idarəolunan mexanizmdən də danışmaq mümkün deyil. Nazirlər və iriçaplı məmurlar öz “imperiyaları”nı qurublar və “X adlı ölkə”lərində öz qanunlarını icad ediblər. Bütün bunların fonunda eyni şəxsin dördüncü prezidentliyinə “yaşıl işıq” yandırılacağı məntiqsiz görünür. Dövlət başçısının siyasəti də tamamilə anlaşılmaz paradiqmalar üzərində qurulub. Bu paradiqmalar uyğunsuzluq, natamamlıqla müşaiyət olunur və bir çox suallar doğurur.

Qərbin dövlət başçısından tələbi də aydındır – prezident iqtisadi islahatlar və demokratik transformasiya tərafdarı kimi özünü təsdiq etməli və paradoksal siyasi kursa son qoymalıdır. Dalbadal üç dəfə prezident olan İlham Əliyev qeyri-ardıcıl siyasi kursa son qoymadı. Yeni prezidentdən isə  yeni, islahatlara meylli komanda tələb ediləcək.

Əgər hakimiyyət eyni şəxsin dördüncü dəfə prezidentliyinə “yaşıl işıq” yandırarsa, artıq növbəti siyasi amilin yalnız xaos ola biləcəyi ehtimalı yaranır. Bunu İlham Əliyev də anlayır və mesaj verir – qarşıda bizi çətinliklər gözləyir…

Ana səhifəXəbərlərƏgər hakimiyyət eyni şəxsin dördüncü dəfə prezidentliyinə “yaşıl işıq” yandırarsa…