Sovet dövründən əvvəl, müstəqil Azərbaycan (AXC) dövründə həqiqətən yaxşı dini qanunlar olub. Əgər indiki qanunvericilik onlara uyğunlaşdırılsaydı yaxşı olardı, irəliyə doğru addım olardı
Bakı dini dözümlülüyü prioritet və ənənələrdən biri elan edib və bu yaxınlarda dini və mədəni abidələrin bərpasına 3 mln. dollar ayırıb. Bu, ölkədə dini vəziyyətin pisləşməsilə bağlı narahatlığın artması fonunda baş verir. ABŞ beynəlxalq dini azadlıq komissiyasının (USCIRF) rəyinə görə, Azərbaycan dini sahədə ciddi pozuntuları olan 33 ölkədən biridir. İyulun əvəlində USCIRF dini azadlıqların və məhbusların işlərinin müzakirəsi üçün Bakıya gəlib. USCIRF-in baş analitiki Ketrin Kozman öz təəssüratlarını “Turan İA”ın Vaşinqton müxbiri ilə bölüşüb.
–
Ötən həftə Parisdə təşkil edilən tədbirdə Azərbaycan nümayəndələri bildiriblər ki, ölkədəki müxtəlif dinlərin təmsilçilərinə “xüsusi diqqət və qayğı” göstərirlər. Bu barədə nə deyə bilərsiniz?
Azərbaycan dini tolerantlıq və əqidə azadlığı haqqında beynəlxalq ictimaiyyətin rəylərinə xüsusi diqqət yetirir. İyun-iyul aylarında Bakıda müxtəlif dövlət məmurları ilə görüşlər zamanı biz aydın başa düşdük ki, onlar bizim hesabatlarımızı çox yaxşı oxuyurlar. Əlbəttə, tənqid olunmaları onların xoşuna gəlmir.
Azərbaycanda tənqidə seriya cavablar düşünülüb. Onların ən başlıcası belə səslənir – Azərbaycanda dini dözümlülük ənənəsi var. Əlbəttə, dinin ictimai həyatda iştirakı təcrübəsi var, dini icmaların – müsəlman, xristian, yəhudi və digərləri arasında bərabərlik mövcuddur, müxtəlif dini və etnik azlıqlar hökumətdə iştirak edirlər.
Təəssüf ki, 2009-cu ildə bizim tənqid etdiyimiz qanunvericilikdə dəyişikliklər geriyə doğru addım oldu, çünki 2005-ci ilədək dini qrupların qeydiyyatı məcburi deyildi.
Mövcud qanunvericilikdə qeydiyyatın olmaması böyük məbləğdə pul cəriməsini nəzərdə tutur.
Dini işlər üzrə Komitə deyir ki, Yeqovo Şahidləri və baptistlər qeydiyyata alınıblar. Lakin təkrar qeydiyyatdan keçmədikləri üçün hüquqları məhdudlaşdırılıb. Bizdə baptist pastor Zençenkodan da şikayət var ki, onları da təkrar qeydiyyata almaq istəmirlər, halbuki, bütün qanuni tələblərə əməl olunub. Başqa sözlə, dini dözümlülük şüarları yaxşı səslənir, lakin əməlda vəziyyət başqadır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 632 dini icmanın qeydiyyata alınması və milli-mənəvi dəyərlərə əsaslanan dini modelin yaradılması cəhdindən danışır. Bu, nə deməkdir?
Beynəlxalq müqavilələr, BMT prinsipləri, 18-ci maddə (İnsan Haqları Bəyannaməsi) var. Azərbaycan bunların hamısına qoşulub.
Əgər Azərbaycanın öz standartları və ənənələri varsa, niyə Azərbaycan hökuməti beynəlxalq öhdəliklərə imza atır?
Yeri gəlmişkən, ənənə və tarix barədə. Sovet dövründən əvvəl, müstəqil Azərbaycan (AXC) dövründə həqiqətən yaxşı dini qanunlar olub. Əgər indiki qanunvericilik onlara uyğunlaşdırılsaydı yaxşı olardı, irəliyə doğru addım olardı.
– Hazırda Azərbaycanda neçə dini məhbus var?
Bu, çətin məsələdir, dəqiq cavab vermək olmur. Aplerin sonlarına olan vəziyyətə görə, 100-ə yaxın siyasi məhbus olub ki, onların da yarısı dini səbəblərdən həbs olunub.
Bizim hesabata daxil etdiyimiz siyahıda dindarların müdafiəsinə görə həbs edilən hüquq müdafiəçiləri də var.
Azərbaycanda dini ədəbiyyata tələblər sərtləşdirılib, hətta zorakılığın belə təbliğ edilmədiyi nəşrlər qadağan edilib.
Bunlar əsasən türkiyəli sufi Said Nursinin işləridir. Sünnilərin bəzisi “təhlükəli” ədəbiyyatı yaydıqlarına görə həbs olunublar. Bu fonda azərbaycanlı məmurlar Qərbi antiislam siyasətində ittiham edirlər.
– Bunu necə izah etmək olar?
– Müsəlman ölkələrində islam çoxluğu potensial olaraq siyasi hakimiyyətə iddia edə bilər. Məhz buna görə də müsəlman hökumətləri bir qayda olaraq islamçıların siyasi rolundan ehtiyatlanaraq onlara qarşı repressiyalara əl atırlar.
Rəsmi görüşlərdə bizə ən çox verilən suallardan biri belədir: niyə siz deyirsiniz ki, Naxçıvanda bütün dini icmaların vəziyyəti Azərbaycanın digər bölgələrində olduğundan daha çətindir? Görünür, bizim Naxçıvanı Azərbaycan siyasi elitasının vətəni kimi təqdim etməyimiz dövlət məmurlarının xoşuna gəlmir.
Hazırda Bakıda yalnız üç sünni məscidi fəaliyyət göstərir. Görünür, Bakıda sünni icması sıxışdırılıb. Biz həm də eşitmişik ki, Avropa Oyunlarına gələn qonaqların şəhərin mərkəzində saqqallı kişiləri görməməsi üçün bəzi məscidlər bağlanıb. Şiə icmaları üçün məhdudiyyətlərin olmasına dair faktlar da var.
– Bəzi analitiklər ehtiyat edirlər ki, regionda avtoritar rejimlərin sərtləşdirilməsi islamın siyasiləşdirilməsinə xidmət edir və bu tendensiya sürətlənir. Azərbaycanda siyasi islamın artmasından danışmaq olarmı?
–
Düşünürəm ki, dini əqidənin məhdudlaşdırılması qəzəb və məyusluq doğurur, adamları baş verənləri daha ciddi qəbul etməyə sövq edir. Onların gələcəkdə özlərini necə aparacaqlarını isə demək çətindir.
–
Azərbaycan dövlət təbliğinə milyonlarla dollar xərcləməyib real tolerant ölkə kimi öz imicini yaxşılaşdıra bilərmi?
–
İki mərhələdə: birincisi, zorakılığı təbliğ etməyən bütün vicdan məhbusları azad edilməlidir; ikincisi, 2009-cu il din haqqında qanunda Venesiya Komissiyası və ATƏT-in tövsiyələrinə uyğun olaraq islahatlar aparılmalıdır.