“Əgər Azərbaycan qanunla idarə edilsəydi, indi həbsdə məndən şikayət edənlər olardı”

Buna cavab olaraq, Q.Əliyev deyib: “Əgər Azərbaycan qanunla idarə edilsəydi, indi həbsdə mən yox, məndən şikayət edənlər olardı”.

Source: Foto: Meydan TV


Məzarlığın sökülməsinə etiraz etdiyini deyən cəbhəçinin məhkəməsi başlayıb

Xırdalan qəbiristanlığında sahibsiz qəbirlərin dağıdılıb, həmin yerlərin satıldığını deyən AXCP üzvü Qorxmaz Əliyev bu barədə sosial şəbəkələrdə materiallar yayır, dövlət orqanlarına şikayət məktubları göndərirdi. O, bütün bunlara görə Xırdalan şəhər bələdiyyəsini və icra nümayəndəliyini ittiham edirdi.

2019-cu ilin oktyabrı

nda Q.Əliyevi qəbiristanlığın hasarını söküb, bələdiyyəyə ziyan vurmaqda ittiham edərək, barəsində cinayət işi qaldırdılar. Ardınca o, bu ittihamla həbs olundu.

Yanvarın 22-də Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyilə onun işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Q.Əliyevdən bu heyətin onun işinə baxmasına etirazı olub-olmadığını soruşanda AXCP fəalı belə cavab verib: “Azərbaycanda 560 nəfər hakim var. Amma heç biri mənim işim üzrə müstəqil qərar verə bilməyəcək. Siz Azərbaycan qanunlarını tapdalayırsız. Mən üç aydır ki, qanunsuz olaraq, həbsdəyəm. Hətta ömürlük həbsə də hazıram. Çünki Kürdəxanı təcridxanası mənim üçün sadəcə, kiçik zindandır. Daha böyük zindan çöldədir. Azərbaycandakı məmurların cinayət əməllərinə məhkəmələrin də şərik olmasını görməkdənsə, Kürdəxanı təcridxanasında qalmaq daha uyğundur”.

Hakim ona xəbərdarlıq edib ki, bu cür ritorika ilə davam eləsə, məhkəmə zalından uzaqlaşdırılacaq. V.Həsənov əlavə edib ki, Azərbaycandakı hakimlər “dünyada analoqu olmayan qaydada seçilir, qanun çərçivəsində qərarlar qəbul edirlər”.

Buna cavab olaraq, Q.Əliyev deyib: “Əgər Azərbaycan qanunla idarə edilsəydi, indi həbsdə mən yox, məndən şikayət edənlər olardı”.

Q.Əliyevin vəkili Fariz Namazlı müvəkkilinin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, onun haqqında həbs-qətimkan tədbiri seçilərkən göstərilən əsaslar da aradan qalxıb: “Bu qərar verilərkən Qorxmaz Əliyevlə bağlı yüngülləşdirici hallar nəzərə alınmayıb. O, ikinci qrup əlildir, himayəsində iki azyaşlı uşağı var. Uşaqlardan birinin fəaliyyət qabiliyyəti məhduddur. İttiham aktında bunların heç biri əksini tapmayıb”.

Hakim vəsatəti təmin etməyib.

Daha sonra prokuror ittiham aktını elan edib. Orada yazılıb ki, Q.Əliyev kütlə qarşısında özünü xeyirxah şəxs kimi göstərmək niyyətilə qəbiristanlığın 130 mentrlik hasarını söküb. Bununla da bələdiyyətə 5658 manat ziyan vurub.

Q.Əliyev özünü təqsirli bilməyib. Deyib ki, siyasi baxışlarına görə həbs olunub. O, ekspertizanın ziyanla bağlı verdiyi rəyə də etiraz edib: “Ekspertiza hara baxıb o rəyi verib? orada 30 metrlik sökülmüş çəpərdən söhbət gedir”.

Məhkəmə prosesi fevralın 5-də davam edəcək.

Yaxınları bir müddət əvvəl Meydan TV-yə bildirmişdi ki, Q.Əliyevin həbsinin gerçək səbəbi onun qəbiristanlıqda yerlərin satılmasına etirazı, bu barədə dövlət orqanlarına şikayətləridir. Ailə üzvləri deyir ki, Q.Əliyev öz təşəbbüsü ilə dostlarıyla birlikdə qəbiristanlıqdakı kolları, zibilləri təmizləyirdi, orada bulaq tikdirmişdi, sökülmüş hasarı da bərpa eləmək istəyirdi: “Onu tutub həbsxanaya saldılar ki, əl-ayaqlarına dolaşmasın”.

Q.Əliyev Cinayət Məcəlləsinin 186 (özgənin əmlakını məhv etmə və ya ziyan vurma) və 322-ci (özbaşınalıq) maddələrilə ittiham olunur. Bu maddələrin birində 2 ilə qədər, o birində isə 6 aya qədər azadlıqdan məhrumetmə cəzası var. Eyni zamanda, həmin maddələrdə cərimə, azadlığın məhdudlaşdırılması kimi alternativ cəzalar da var.

Ana səhifəSiyasət“Əgər Azərbaycan qanunla idarə edilsəydi, indi həbsdə məndən şikayət edənlər olardı”