İctimai fəallar Əfv Fərmanını dəyərləndirdilər
Helsinki Azərbaycan Təşkilatının rəhbəri Arzu Abdullayeva jurnalist Rauf Mirqədirovun və digər siyasi məhbusların azad olunmasını müsbət qiymətləndirir.
Hüquq müdafiəçisi əfv fərmanını Meydan TV-yə şərh edərkən bildirib ki, martın 17-də iki şad xəbər alıb, Bakı Apellyasiya Məhkəməsinin Rauf Mirqədirov haqda qərarı və əfv sərəncamı nəticəsində bir sıra siyasi məhbusların azad olunması: “Düzdür, Rauf Mirqədirovun tam azad olunacağını gözləmirdim, şərti cəzanın qalacağını ehtimal edirdim, elə də oldu”.
Arzu Avdullayeva təmsil olunduğu Monitorinq Qrupunun siyahısından 14 nəfərin əfv olunduğunu dedi: “Çox təəssüf ki, İlqar Məmmədov, Seymur Həzi, İntiqam Əliyev, Xədicə İsmayıl, İlkin Rüstəmzadə və başqalarının adlarına rast gəlmədik. Və həbslər davam edir, mən Məmməd İbrahimin və digərlərinin azadlıqdan məhrum olunmasını nəzərdə tuturam”.
O, 17 mart əfv sərəncamının Azərbaycanda siyasi məhbus problemini aradan qaldırmadığını düşünür: “Azərbaycan o zaman sivil ölkə olacaq ki, siyasi məhbus və siyasi təqib olmayacaq. 1 nəfər siyasi məhbusun qalması ölkədə insan hüquqları və azadlıqlarının problemli olduğunun göstəricisidir”.
Keçmiş siyasi məhbus Əvəz Zeynallı da hesab edir ki, siyahı natamamdır: “Avropalıların sözü olmasın, 17 mart sərəncamı irəlilyə doğru atılmış böyük addım sayıla bilər. 90 nəfərlik siyasi məhbus siyahısı var, 14 nəfər azad olundu, Raufla birgə 15 nəfər. Deməli, sərəncam natamamdır. Ancaq təqdirəlayiqdir ki, beynəlxalq təşkilatların da qəbul etdiyi siyahıdakıların üçdə ikisi azad olundu. Hesab edirəm ki, davamı gələcək. Xədicə İsmayıl, İntiqam Əliyev və digərləri yeni həbs olunduğundan əfv onlara şamil edilməyib. Güman edirəm ki, növbəti sərəncamlarda qalanları da azad olunacaq”.
Hüquq müdafiəçisi Samir Kazımlı 14 siyasi məhbusun azadlığa buraxılmasını sevindirici hal hesab edib: “Onların hər biri günahsız həbs edilən şəxslər idi. Amma bu əfv ölkədəki siyasi məhbus problemini həll etmədi. Ötən ilin dekabr ayında edilən son yeniləmədən sonra siyasi məhbusların vahid siyahısında 93 nəfərin adı qeyd edilmişdi. Onlardan biri, Naxçıvandan olan müxalifətçi şərti azadlığa buraxılıb. Bu gün Rauf Mirqədirov isə şərti cəza ilə məhkəmədən azadlığa buraxıldı. Bugünkü əfvlə isə vahid siyahıdan 15 nəfər azad edilib. Hətta rəqəmlər də deyir ki, ölkədə siyasi məhbus problemi ciddi olaraq qalır. Əlbəttə, bu əfv siyasi məhbus probleminin həll edilməsi üçün ilkin atılan müsbət addım ola bilər. Amma fakt budur ki, siyasi məhbus problemi hələ də problem olaraq qalır. Siyahıda adları olan 93 nəfərdən əlavə isə bir neçə ehtimal edilən siyasi məhbus da var. Arzu edirəm ki, yaxın gələcəkdə ölkədəki siyasi məhbus problemi birdəfəlik həll olunsun”.