Siyasi məhbus kimi tanınan şəxslərin ailələri sevinc hissi keçirir
Martın 17-də Prezident İlham Əliyevin Əfv sərəncamı ilə beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı 14 nəfər azadlığa qovuşdu. Meydan TV həmin şəxslərdən bir neçəsinin ailəsi ilə əlaqə saxlayıb.
“Xəbər mənim üçün gözlənilməz oldu”
Anar Məmmədlinin atası Asəf Məmmədov Meydan TV-yə bildirib ki, oğlunun adının əfv siyahısında olması onun üçün gözlənilməz xəbər olub: “Çünki əvvəlki sərəncamda siyasi məhbuslardan kimsə azad olunmadığından bu barədə düşünmürdüm, deyirdim ki, bu dəfə olmadısa, daha olmaz”.
O, oğluyla 2 gün əvvəl danışdığını dedi: “Özü də inanmırdı ki, əfv olacaq”.
“Yadigar çoxdan azad edilməli idi”
Yadigar Sadıqovun anası Gövhər Sadıqova ötən ilin dekabrında oğlunun azad olunacağını gözləyirdi: “Ümumiyyətlə, Yadigar çoxdan azad edilməliydi, haqsız yerə 2 il 9 ay həbs həyatı keçirdi. Onun heç bir günahı yox idi”.
“Mənim üçün əfv məsələsi qapanmışdı”
Nigar Yaqublu da atasının azad olunacağını gözləmirmiş: “Mənim üçün əfv məsələsi çoxdan qapanmışdı, düşünürdüm ki, vaxtı çatanda azad olunacaq. Ona görə bugünkü xəbər mənim üçün tam sürpriz oldu”.
O, atasıyla danışdığını dedi: “Doğrusu, əhvalı heç də yaxşı deyildi və özünün də azad olunacağını gözləmirdi. Məsələ ondadır ki, Əbdül Əbdülov, Fərəc Kərimli, İlkin Rüstəmzadə hələ həbsdə qalacaqlar. Ona görə əhvalı çox pis idi”.
“Bu dəfə gözləmirdim”
Rəsul Cəfərovun qardaşı Sənan Cəfərov hər bayram gözləntilərinin olduğunu desə də, tam əmin olmadıqlarını bildirdi: “Ancaq bu dəfə gözləmirdim. Sonuncu dəfə özündən soruşanda “hər şey ola bilər, 50-50-yə şans var” – dedi”.
O, xəbəri dostundan aldığını söylədi: “Metroda idim, xəbəri eşidəndə, təsəvvür edin də, hansı vəziyyətə düşdüm. Əsl bayram oldu. Biz bayramda onun yanına getməyə hazırlaşırdıq, amma özü gəldi”.
“5 il, 2 ay nələr çəkdik, Allah bilir”
Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı da xəbərin onlar üçün gözlənilməz olduğunu dedi: “5 il, 2 ay nələr çəkmişik, Allah bilir. Nemət bəyin azad olunmasına 10 ay qalmışdı. Çox böyük ədalətsizlik oldu, yəqin ilahi belə məsləhət görüb ki, bunları yaşamalıydıq. Bu, Allahın bir sınağı idi, yaşadıq”.
Həcər Pənahlı ötən 5 ildə gözləntilərinin çox olduğunu, amma yaxşı xəbər eşitmədiklərindən onlara bunun pis təsir etdiyini dedi: “Ona görə gözləməməyi qət etmişdik. Nemət Pənahlıyla da danışdım, nə deyim vallah, özü hər şeydən xəbərdardır”.
“Oğlumun ömründən 2 il getdi”
Ömər Məmmədovun anası Təranə Məmmədova xəbəri mətbuatdan aldığını və oğluyla danışdığını söylədi: “Özü də sevinirdi. Amma dekabrda əfv olmadığından bu dəfə o qədər də inamım yox idi. Nə deyə bilərəm, oğlumun ömründən 2 il getdi, təhsilindən, ailəsindən uzaqlaşdırdılar”.
“Əfv gözləntisi yox idi”
Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova xəbəri dostları Üzeyir Bağırlıdan alıb: “Doğrusu, əfv gözləntisi yox idi, kitab oxuyurdum və Üzeyir bəydən zəng gəldi, dedi ki, artıq siyahı çıxıb”.
O, həyat yoldaşıyla danışdığını dedi: “Oğlumuz Araza gəldikdə, düzü, o, hələ heç nə başa düşmür. Çünki yaş dövrünün elə vaxtıdır ki, hələ baş verənləri anlamır”.
“Məndən çox nəvələrim sevinir”
Sirac Kərimlinin atası Raqif Kərimov oğlunun azad olunmasına daha çox nəvələrinin sevindiyini dedi: “Mənim əfv məsələsinə münasibətim tamam fərqlidir. Amma bayramdır, Sirac ailəlidir, uşaqları daha çox sevinir. Mənim ümidim vardı ki, uşaqlardan biri azad olunacaq. Birtərəfli olsa da, sevinirik”.
O, həbsdə olan digər oğlu Fərəc Kərimliylə danışdığını dedi: “Fərəc daha çox sevinirdi, deyirdi ki, qardaşının azad olunmasını istəyir”.