Əfv olunanların adı rəsmi saytlarda da qarışıq düşüb

“Azərbaycan” qəzeti birinin, qəzetin saytı isə digər məhbusun adını qeyd edib

Source:

“Əfvə kim düşübsə, onu da azad etmişik. Kimlərinsə cəfəng-cəfəng fikirlərini yaymayın. Girin, prezident.az saytından sərəncama baxın. Orada kimin əfvə düşüb, kimin düşmədiyi bir-bir yazılıb. Bu, tamamilə absurddur. Biz bir məhkumun yerinə başqasını buraxa bilərikmi? Necə düşünürsünüz?”, – Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqovun sözləridir.

O, bu sözləri aprelin 27-də Bənövşə Mustafayeva adlı xanımın iddiasına münasibət bildirərkən deyib.


“Oğlumun adını siyahıda gözlərimlə görmüşəm”

B.Mustafayeva deyir ki, prezidentin martın 16-da imzaladığı Əfv sərəncamına düşən oğlunun yerinə, onunla eyni ad və soyadda, lakin doğum ili və ata adı fərqli biri azadlığa buraxılıb.

Bənövşə Mustafayevanın oğlu 1982-ci il təvəllüdlü Elvin Bəxtiyar oğlu Mahmudovdur. Azadlığa isə 1992-ci il doğumlu Elvin Habil oğlu Mahmudov çıxıb.

“Prezidentin fərmanında oğlumun adı çıxmışdı. Gözlərimlə görmüşəm. Ancaq o, hələ də həbsdədir. Əvəzinə isə başqasını buraxıblar”.

Elvin Mahmudov 7 illik cəzasının 5 ilini çəkib. “Həbsxanada özünü nümunəvi apardığı da nəzərə alınaraq, əfv müraciətimizə müsbət cavab verilib”- deyir, Bənövşə Mahmudova.

“Sevindik, ancaq bu sevinc uzun sürmədi. Oğlumun yerinə başqası çıxdı azadlığa. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, aidiyyatı şəxslərə müraciət etdik. Nəticəsi olmadı. Əvvəlcə “darıxmayın, buraxılacaq”, – dedilər. Sonradan onlardan da səs çıxmadı”, – deyə ana əlavə edir (“Azpolitika.az”).


Dövlətə məxsus saytlarda ikili məlumat gedir

Meydan TV Mehman Sadıqovun dediyi kimi rəsmi saytlarda axtarış edib. “President.az”, “Azərtac” Dövlət Agentliyi, “Səs” İnformasiya Agentliyində göstərilən siyahıdan bəlli olur ki, əfvə düşən şəxs Elvin Habil oğlu Mahmudovdur.

Ancaq sərəncamın verildiyi gün “Azərtac”-a və “president.az” saytına istinadən siyahı dərc edən müstəqil mediada 1.249-cu adam kimi 1982-ci il təvəllüdlü Elvin Bəxtiyar oğlu Mahmudovun adı göstərilir.

Bundan başqa, Milli Məclisin rəsmi mətbu orqanı olan “Azərbaycan”-ın və hakimiyyətyönlü “İki Sahil” qəzetinin internet səhifələrində də əfvə düşən şəxsin Elvin Bəxtiyar oğlu Mahmudov olduğu göstərilir. Bir gün sonra, yəni “Azərbaycan” qəzetinin 17 mart 2017-ci il tarixli sayında isə Elvin Habil oğlu Mahmudovun adı dərc olunub.


“Gecə saat 11-dən sonra ad dəyişdirildi”

Elvin Mahmudovun vəkili Adəm Məmmədov deyir ki, martın 16-da, əfv sərəncamı çıxan gün “president.az” saytında Elvin Bəxtiyar oğlu Mahmudovun adı yazılıb: “Ailəsi gözləri ilə görüb. Qohum-əqrəba gözaydınlığı verib, təbrik ediblər. Gecə saat 11-dən sonra ad dəyişdirilərək, Elvin Habil oğlu Mahmudov edilib. Ona görə də “Azərbaycan” qəzetinin 17 mart tarixli sayında adın o cür getməsi normaldır”.

Adəm Məmmədov deyir ki, Penitensiar Xidmətin saytında da aprelin 27-də günorta saat 3-dək əfv olunan şəxsin Elvin Bəxtiyar oğlu Mahmudov olduğu göstərilirdi: “Dünən tələm-tələsik onu da dəyişdilər. Bu, prezidentin sərəncamı ilə bağlı bir məsələdir deyə düşünürəm ki, bunu dövlət qurumları araşdırıb, həll etməlidir”.

Ana səhifəXəbərlərƏfv olunanların adı rəsmi saytlarda da qarışıq düşüb